NAXÇIVAN :

07 Oktyabr 2026, Çərşənbə

Babəkdə payız əkini mövsümü: fermerlərin hədəfi yüksək məhsuldarlıqdır

...

Naxçıvanda kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər, xüsusilə suvarma su təminatının yaxşılaşdırılması və əkin sahələrinin genişləndirilməsi 2027-ci ilin məhsulu üçün payızlıq taxıl mövsümünə hazırlığa da müsbət təsir göstərir. Muxtar respublikanın rayonlarında torpaqlar şumlanır, əkin və suvarma işləri davam etdirilir. Fermerlər mövcud imkanların əvvəlki illərlə müqayisədə yaxşılaşdığını, bunun da əkin sahələrinin genişləndirilməsinə və məhsuldarlığın artırılmasına şərait yaratdığını bildirirlər.
Qarşıya qoyulan hədəflər yalnız əkin sahələrinin artırılmasını deyil, məhsuldarlığın yüksəldilməsini və müasir aqrar texnologiyaların tətbiqinin genişləndirilməsini də nəzərdə tutur. Bu baxımdan, Prezident İlham Əliyevin 2026-cı il 25 may  tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində qarşıya qoyulmuş hədəflərin Naxçıvanda icrası istiqamətində tədbirlər davam etdirilir.

İndiyədək 1026,6 hektar sahədə əkin, 168 hektar sahədə suvarma işləri həyata keçirilib

Hazırda Naxçıvanda 2027-ci ilin məhsulu üçün payızlıq taxıl əkinlərinə hazırlıq işləri davam edir. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Məhəmməd Zeynalov “Şərq qapısı”na bildirib ki, proqnoza əsasən muxtar respublikada 22 min 800 hektar sahədə payızlıq taxıl əkini nəzərdə tutulur.
Artıq 7415 hektar sahədə şum, 1026,6 hektar sahədə əkin, 168 hektar sahədə isə suvarma işləri aparılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ildə payızlıq taxıl əkinləri üzrə hazırlıq və əkin işlərinin həcmində artım müşahidə olunur. Belə ki, şum işləri 3167 hektar, əkin işləri 886,5 hektar, suvarma işləri isə 168 hektar çox həyata keçirilib.
Nazirlik rəsmisinin sözlərinə görə, Dövlət Proqramı çərçivəsində Naxçıvanda kənd təsərrüfatının istehsal potensialının artırılması və müasir texnologiyaların tətbiqinin genişləndirilməsi ilə bağlı mühüm hədəflər müəyyən edilib. Müasir suvarma sistemləri tətbiq olunan sahələrin 720 hektardan 3000 hektara, ixtisaslaşmış rayonlarda buğdanın məhsuldarlığının hektardan 30 sentnerdən 50 sentnerə yüksəldilməsi, taxıl silolarının tutumunun isə 50 min tondan 60 min tona çatdırılması nəzərdə tutulur.

Babəkli fermerlərin əsas hədəfi yüksək məhsuldarlıqdır – su bolluğu əkinçiləri ruhlandırır

Muxtar respublikanın digər bölgələrində olduğu kimi, Babək rayonunda da payızlıq əkin mövsümünə hazırlıq işləri davam etdirilir. Sahələrdə şumlama və əkinə hazırlıq işləri aparılır, suvarma imkanlarının yaxşılaşması isə təsərrüfatçılar tərəfindən qarşıdakı mövsüm üçün mühüm amil kimi qiymətləndirilir.
Rayonun Hacıvar kəndində təsərrüfatla məşğul olan Fikrət Məmmədov uzun illərdir, əkinçiliklə məşğuldur. O, 2011-ci ildən lizinq yolu ilə əldə etdiyi traktordan istifadə etməklə əkin-biçin işlərini həyata keçirir. Öz torpaq sahələrindən istifadə edən təsərrüfatçı ehtiyac yarandıqda əlavə ərazilər də icarəyə götürür. Ötən il 15-20 hektara qədər sahədə taxıl əkən Fikrət Məmmədov hər hektardan orta hesabla 25-30 sentner məhsul götürüb. Ümumilikdə isə təsərrüfatından 75-80 ton məhsul əldə edib.
Təsərrüfatçı deyir ki, iki-üç il əvvəl su çatışmazlığı müəyyən çətinliklər yaradırdı. Bəzi əkinçilər bu səbəbdən torpaqlarını tam şəkildə əkə bilmirdilər. Hazırda isə vəziyyət xeyli yaxşılaşıb: “Əkin sahələrimiz şumlanıb, dövlət tərəfindən bizə maddi dəstək göstərilir, gübrələr vaxtında verilir. Əkinçilər hazırda sahələrin suvarılması ilə məşğuldurlar. Keçən il də su bol olmuşdu, bu il də kifayət qədərdir. Heydər Əliyev su anbarı doludur, nasoslarımız işləyir, suvarma işləri davam etdirilir. Yağıntıların bol olması da su ehtiyatlarının artmasına müsbət təsir göstərib. Naxçıvan çayından da nasoslarımız vasitəsilə ərazilərə su verilir. Bu da suvarma imkanlarının yaxşılaşmasına kömək edir”.
Hacıvarda təsərrüfatla məşğul olan digər sakinlər də mövcud imkanların əkinçilik üçün əlverişli olduğunu bildirirlər. Təsərrüfatçı Arif Cəfərov da uzun illərdir, əkin-biçinlə məşğuldur. Hər il böyük ərazidə taxıl əkən təsərrüfatçı yüksək məhsuldarlığı təsərrüfatın davamlılığı üçün əsas şərtlərdən biri hesab edir. “Hər hektardan 42-43 sentnerdən aşağı məhsuldarlıq mənim üçün qənaətbəxş deyil. Çünki çəkilən xərcləri, borcları ödəmək və təsərrüfatı davam etdirmək üçün yüksək məhsuldarlıq lazımdır”, – deyə A.Cəfərov bildirir.
Təsərrüfatçı kənd təsərrüfatına göstərilən dövlət dəstəyinin, fermer və əkinçilərlə keçirilən görüşlərin də onları ruhlandırdığını deyir: “Bu il mayın 25-də Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakıda kənd təsərrüfatı ilə bağlı müşavirə keçirildi. İyunun 22-də isə Şərurda biz fermerlərlə görüş oldu. Müşavirədə səsləndirilən fikirlər bizi də ruhlandırdı”.
Onun sözlərinə görə, suyun vaxtında sahələrə çatdırılması əkinlərin inkişafına və məhsuldarlığın yüksəlməsinə birbaşa təsir göstərir: “Su vaxtında verilir, əkin sahələri vaxtında suvarılır. Baxırsınız, görürsünüz ki, taxıl sahələri necə yaşıldır. Əgər vaxtında suvarma aparılmasaydı, bu sahələr belə məhsuldar olmazdı. Biz də ardıcıl olaraq suvarma işlərini həyata keçiririk”.
Təsərrüfatçı son illərdə yaşanan su qıtlığının müxtəlif ərazilərdə kənd təsərrüfatına müəyyən təsir göstərdiyini, lakin aidiyyəti qurumların həyata keçirdiyi tədbirlər nəticəsində vəziyyətin yaxşılaşdığını diqqətə çatdırır. “Kənd təsərrüfatı üçün texnikanın, suvarma imkanlarının yaradılması və suyun vaxtında sahələrə çatdırılması çox vacibdir. Nə qədər əkin aparıldığı, nə qədər məhsul əldə olunduğu da görülən işlərin nəticəsini göstərir. Bu il 22 hektar sahədə taxıl əkmişəm və məhsuldarlığın yaxşı olacağına ümid edirəm. Hava şəraiti və digər imkanlar əlverişli olsa, gələcəkdə əkin sahələrimi daha da artıracağam”, – deyə o qeyd edir.
Babək rayonunda sahələrdə müşahidə olunan mənzərə də təsərrüfatçıların sözlərini təsdiqləyir. Şumlanmış torpaqlar, əkin üçün hazırlanan sahələr və suvarma xətlərində aparılan işlər yeni əkin mövsümünün artıq başladığını göstərir. Fermerlərin əsas gözləntisi isə əlverişli su təminatı və aqrotexniki tədbirlərin vaxtında aparılması fonunda daha yüksək məhsuldarlıq əldə etməkdir.
Naxçıvanda payızlıq taxıl mövsümünə hazırlıq yalnız növbəti ilin məhsulunun təmin edilməsi baxımından deyil, aqrar sahənin daha dayanıqlı inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır. Su ehtiyatlarının artması, suvarma imkanlarının genişlənməsi, texnika və dövlət dəstəyi fermerlərin imkanlarını artırır. Əkinçilərin sahələrini genişləndirmək və daha yüksək məhsuldarlıq əldə etmək niyyəti isə qarşıdakı mövsümdə əsas hədəfin torpaqdan daha səmərəli istifadə etməklə həm istehsalı, həm də məhsuldarlığı artırmaq olduğunu göstərir.

Nail ƏSGƏROV

Nəşr edilib : 07.10.2026 17:18