NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Türkiyəli ekspert: Əlverişli beynəlxalq şərait Cənubi Qafqazda kommunikasiyaların açılmasına kömək edir

...

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə Türk dünyasının qlobal nüfuzunu artırmaqla yanaşı, dünya ticarəti üçün də yeni imkanlar açıb. "Şərq qapısı" xəbər verir ki, bu fikri türkiyəli ekspert, Yozgat Bozok Universitetinin dosenti Mustafa Özalp deyib
Ekspert Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsində Türkiyənin qeyd-şərtsiz dəstəyini xatırladıb. “2020-ci ilin payızında Ankara istənilən təzyiqə tab gətirməyə və hər cür zərər görməyə hazır olduğunu nümayiş etdirərək Bakıya açıq dəstəyini ifadə etdi”, -deyə Özalp bildirib.
O qeyd edib ki, Cənubi Qafqazda yaranmış yeni reallıqlar fonunda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqtisadi və siyasi mövqeləri güclənib.
Türkiyəli ekspertin sözlərinə görə, indiki mərhələdə Türk dünyasının hədəflərinin həyata keçirilməsi üçün Naxçıvanla Azərbaycanın şərq bölgələri arasında kommunikasiyaların açılması xüsusi əhəmiyyət kəsb edir. O əlavə edib: “Yeni nəqliyyat marşrutu regional və qlobal ticarətə güclü təkan olacaq və Mərkəzi Asiya ölkələrinin bazarlarına daha geniş çıxışı təmin edəcək”.
Özalp qeyd edib ki, geosiyasi proseslər fonunda Türkiyədən keçən marşrutlara maraq artır. “Türkiyə həm Avropa, həm də Rusiya, Hindistan və Çin üçün mühüm ölkədir. Ona görə də Zəngəzur dəhlizi ideyası dünya paytaxtlarında mənfi qarşılanmır. Hazırda Cənubi Qafqazda kommunikasiyaların açılması ilə bağlı əlverişli beynəlxalq şərait var”.
İranın Zəngəzur dəhlizinə münasibətinə gəlincə, ekspert regional kommunikasiyaların açılması məsələsində Tehranın Moskvadan nümunə götürəcəyinə əmin olduğunu bildirib. “İranın üzləşdiyi böhranlar və problemlər, o cümlədən Yaxın Şərqdə baş verən hadisələr Tehranı Rusiya və Çinlə daha sıx əlaqələr qurmaq üçün yeni yollar axtarmağa vadar edir. İndiki məqamdan istifadə edib Zəngəzur dəhlizi layihəsini həyata keçirmək lazımdır”, -deyə Özalp vurğulayıb.
Türkiyəli ekspert belə əlverişli şəraitdə Azərbaycan və Türkiyə arasında dəhliz boyunca avtomobil və dəmir yollarının sürətli tikintisinə çağırıb. O qeyd edib: “Əgər Ankaranın və ya Bakının bunun üçün kifayət qədər vəsaiti yoxdursa, Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin həyata keçirilməsində mühüm rol oynayan beynəlxalq konsorsiumlara bənzər birliklər yaradılması təşəbbüsü ilə çıxış etmək lazımdır”.

Nəşr edilib : 03.11.2024 14:39