Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər g...
17:50 03.10.2026
0
0
0
NAXÇIVAN :
03 Oktyabr 2026, Şənbə
Polşanın “Kurier Kolejowy” nəşri Azərbaycan, Gürcüstan və Türkiyənin Aralıq Dəhliz boyunca yükdaşımaların sürətləndirilməsi və sərhəd-keçid prosedurlarının təkmilləşdirilməsi istiqamətində əməkdaşlığına dair məqalə dərc edib.
"Şərq qapısı" xəbər verir ki, məqalədə sentyabrın 28-də Azərbaycanın Göygöl şəhərində üç ölkə arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komissiyanın beşinci iclasın keçiridiyi bildirilir. Görüşdə gömrük prosedurlarının uyğunlaşdırılması, elektron məlumat mübadiləsinin genişləndirilməsi və tranzit əməliyyatlarının rəqəmsallaşdırılması müzakirə olunub.
Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov gömrük xidmətləri arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. Türkiyənin ticarət nazirinin müavini Sezai Uçarmak isə Aralıq Dəhlizində yükdaşımaların artmasının region ölkələri üçün yeni iqtisadi imkanlar yaratdığını qeyd edib.
Nəşr Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin dəhlizin əsas elementlərindən biri olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, modernləşdirmədən sonra xəttin illik daşıma qabiliyyəti təxminən 1 milyon tondan 5 milyon tona çatdırılıb. Məqalədə vurğulanır ki, bu potensialdan səmərəli istifadə üçün gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi və sərhəd prosedurlarının sadələşdirilməsi də mühüm əhəmiyyət daşıyır.
Gürcüstan Dəmir Yollarının məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında ölkənin dəmir yolu şəbəkəsi ilə 9,7 milyon ton yük daşınıb. Nəşr qeyd edir ki, bu göstərici regional dəmir yolu daşımalarının əhəmiyyətini əks etdirsə də, yükün hamısını Aralıq Dəhlizinin payına aid etmək olmaz.
Məqalədə, həmçinin rəqəmsal həllərin tranzit əməliyyatlarının səmərəliliyinin artırılmasında rolu vurğulanıb. Bildirilib ki, elektron məlumat mübadiləsi, risklərin idarə edilməsi sistemlərinin təkmilləşdirilməsi və gömrük xidmətləri arasında koordinasiyanın gücləndirilməsi yüklərin sərhədlərdən daha operativ keçməsinə şərait yarada bilər.
Görüşün yekununda tərəflər gələcək əməkdaşlığın əsas istiqamətlərini əhatə edən protokol imzalayıblar.
Digər xəbərlər