NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Türkiyə mediası: Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində binaların üzlənməsi və fasadların rənglənməsinə başlanılıb

...

Türkiyənin Kahramanmaraş şəhərinin mərkəzində hökumətimizin dəstəyi ilə tikilən “Azərbaycan” yaşayış massivi layihəsi çərçivəsində işlərin növbəti mərhələsinə başlanılıb. Artıq inşaat briqadaları bir sıra yaşayış binalarının üzlənməsinə və fasadlarının rənglənməsinə başlayıblar.

Bu barədə Türkiyənin “İhlas” xəbər agentliyinin məlumatında deyilir.

Material 2023-cü ilin fevralında on minlərlə insanın həyatına son qoyan zəlzələlərin dağıdıcı nəticələrini xatırladır. Kahramanmaraşın Onikişubat rayonunun Hayrullah və Şazibey məhəllələrində də irimiqyaslı dağıntıların olduğunu qeyd edən agentlik, həmçinin diqqəti Azərbaycanın təbii fəlakət zonasının bərpasına verdiyi töhfəyə çəkib.

“İhlas” yazır: “Azərbaycan” yaşayış massivində binaların bir hissəsinin tikintisinin əsas mərhələsi başa çatıb. Fəhlələr üzləmə və rəngləmə işlərinə başlayıblar”. Materialda Kahramanmaraşın bir sıra rayonları nümayəndələrinin hakimiyyətdən şəhərin bütün ərazilərinin tez bir zamanda bərpa olunmasını xahiş etdiyi diqqətə çatdırılıb.

Nəşr edilib : 18.10.2024 14:26