NAXÇIVAN :

24 Oktyabr 2026, Şənbə

Cavid işığından Ulu Öndər yoluna...

...

Azərbaycan ədəbiyyatşünaslığının inkişafında, Naxçıvan mətbuatının təşəkkülündə və zənginləşməsində mühüm xidmətləri olan ziyalılardan biri də görkəmli ədəbiyyatşünas-alim, pedaqoq Lətif Hüseynzadə idi. O, 1903-cü ildə Naxçıvan şəhərində anadan olub. İlk təhsilini ruhani məktəbində alıb, sonra şəhərdə fəaliyyət göstərən “Xeyriyyə” və “Rüşdiyyə” adlı yeni tipli məktəblərdə, daha sonra isə pedaqoji seminariyada təhsilini davam etdirib. Lətif müəllim burada dövrün böyük şəxsiyyətlərindən – Hüseyn Caviddən, onun qardaşı Şeyx Məhəmməd Rasizadədən, İbrahim Xəlil Axundovdan, Əbdüləzim Rüstəmovdan və başqalarından dərs alıb.
Görkəmli ədəbiyyatşünas-alim 1925-ci ildə Bakıda Ali Pedaqoji İnstitutda, sonra isə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb. Təhsilini başa vurduqdan sonra Bakıda, İrəvanda, Naxçıvanda müəllimlik edib və təhsil idarəçiliyinin müxtəlif pillələrində çalışıb. Pedaqoji fəaliyyətini elmi yaradıcılıqla uzlaşdıran alim Azərbaycan ədəbiyyatının öyrənilməsi və tədqiqinə sanballı töhfələr verib, 200-dən artıq məqalənin və 10 kitabın müəllifi kimi tanınıb.
Lətif müəllimin həyatında mətbuatın özünəməxsus yeri vardır. O, hələ gənclik illərindən mətbəə işi və qəzet nəşri ilə maraqlanmış, müəllimlik etməklə bərabər, həm də 1921-ci ilin əvvəllərindən Naxçıvanda nəşrə başlayan “Cavanlar həyatı” qəzetində mürəttib və müxbir kimi çalışmışdır. Sonralar “Şərq qapısı” adı ilə     fəaliyyətini davam etdirən bu qəzetdəki təcrübəsi onun mətbuatla bağlı həyat      yolunun başlanğıcı olmuşdur.
Lətif müəllim ali təhsil aldığı Azərbaycan Dövlət Universitetinin ilk mətbuat orqanı olan “Student-jurnalist” qəzetinin nəşrində fəal iştirak etmişdir. Bu barədə Lətif müəllim xatirələrində yazmışdır: “Yaxşı xatirimdədir. 1928-1929-cu dərs ilində Darülfünunun 10 illik yubileyində Şərq fakültəsi nəzdində Jurnalistika şöbəsi yaradıldı. Biz dərslərimizdən əlavə jurnalistika qrupunun məşğələlərində də iştirak edirdik. Burada qəzetçilik, mətbəə ləvazimatı, redaksiya işlərinə dair dərslər keçirdik. Bu fakültənin rəhbəri professor Seredinski idi. Bir gün rektorumuz Tağı Şahbazi qrupumuza gəldi. Tədris işlərindən, problemlərdən danışdı. Biz də Darülfünunda bir qəzet nəşr edilməsini, burada bir mətbəə təşkilini xahiş etdik. Rektor özü də sanki bu fikirdəymiş kimi bizim təklifimizi razılıqla qarşıladı. Biz də həvəslə dərhal işə başladıq.  Qəzetin “Student-jurnalist” adı ilə buraxılmasını qərara aldıq. Qəzetin ilk nömrəsini   hazırlamaq üçün iş bölgüsü aparıldı və 1929-cu ilin isti iyun ayında “Student-jurnalist” qəzetinin ilk nömrəsini çıxardıq”.
Lətif müəllimin xatirələrinə və tədqiqatçıların qeydlərinə əsasən qəzetin başlığı qırmızı şriftlərlə verilmiş ilk səhifənin yuxarı hissəsində “Jurnalistika kafedrası” başlıqlı fotoşəkil yerləşdirilmişdir. Şəkildə universitetin rektoru Tağı Şahbazi Simurq, onun yanında Jurnalistika kafedrasının müdiri S. Seredinski və arxada redaksiya heyətinin üzvləri əks olunmuşdur. Qəzetin ilk səhifəsində T. Şahbazinin “Böyük yubiley qarşısında” adlı baş məqaləsi, Seredinski ilə müsahibə və A. Şərifin “Türk mətbuatı gözləyir” adlı yazısı dərc edilmişdir.  
Çoxları elə hesab edir ki, Bakı Dövlət Universitetinin ilk mətbuat orqanı əvvəllər “Lenin tərbiyəsi uğrunda” adı ilə buraxılmış “Bakı Universiteti” qəzetidir. Lakin görkəmli ədəbiyyatşünas, tədqiqatçı-alim Lətif Hüseynzadənin xatirələrinə əsasən deyə bilərik ki, qocaman ali təhsil ocağının ilk mətbu orqanı “Student-jurnalist” qəzetidir. Lətif müəllim keçmiş “Cavanlar həyatı”, indiki “Şərq qapısı” qəzetində işlədiyi müddətdə Naxçıvan “muxtar respublika” statusu almamışdı. Onun bir qədər qaynar mühitdə və mürəkkəb şəraitdə müxbir kimi fəaliyyət göstərməsi gələcək tədqiqatçılıq yoluna da işıq tutmuşdu. Təsadüfi deyil ki, Lətif Hüseynzadənin “Şərq qapısı” qəzetində fəaliyyət göstərməsi həm də bu diyarın mətbuat tarixinin yazılı salnaməsinin formalaşmasında böyük rol oynamış, görkəmli ədəbiyyatşünasın yaratdığı şəxsi arxiv isə dəyərli mənbə kimi qorunub saxlanılmışdır.
Lətif Hüseynzadənin elmi-pedaqoji əməyi, şərəfli ömrünün 100 illiyi dövlət səviyyəsində qeyd edilmişdi. Ulu Öndər Heydər Əliyev vaxtilə ona Azərbaycan dilinin incəliklərini öyrətmiş sevimli müəlliminin əməyinə xüsusi ehtiramla yanaşmış, Lətif Hüseynzadə “İstiqlal” ordeni ilə təltif edilmişdir. Heydər Əliyev müəlliminin 100 illik yubileyi münasibətilə ona ünvanladığı təbrik məktubunda yazırdı: “Sizi – Azərbaycanın görkəmli pedaqoqu və yorulmaz tədqiqatçı alimini, sevimli müəllimimi anadan olmağınızın 100 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Siz Azərbaycan ziyalılarının yaşlı nəslinə mənsub olan gözəl pedaqoq və ədəbiyyatşünas alim kimi ölkəmizdə yaxşı tanınırsınız. Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi Hüseyn Cavid kimi böyük simadan dərs alaraq yetişdiyiniz dövr Azərbaycanda mədəni-maarifçilik hərəkatının böyük vüsətlə yüksəlişi mərhələsinə təsadüf edir. Keçən əsrin əvvəllərinin görkəmli maarifçi ziyalılarının işini davam etdirərək seçdiyiniz müəllimlik peşəsi sizin bütün həyatınızın əsl mənasını təşkil etmişdir. Siz Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi neçə-neçə nəsli Vətənə, xalqa, onun zəngin mədəni irsinə, mənəvi dəyərlərinə, tarixi ənənələrinə sədaqət, vətənpərvərlik ruhunda tərbiyə etmisiniz...” Bu sözlər bir müəllimin xidmətlərinə verilən qiymət olmaqla yanaşı, müəllimlə şagird arasında illər keçsə də, qırılmayan mənəvi bağın ifadəsi idi. Bir vaxtlar Hüseyn Caviddən dərs almış Lətif Hüseynzadə sonralar Azərbaycan dövlətçiliyinin böyük şəxsiyyətlərindən birinin müəllimi olmuş, onun həyatında və dünyagörüşünün formalaşmasında iz qoymuşdu.
Azərbaycan ədəbiyyatşünaslığının öyrənilməsində və tədqiqində misilsiz xidmətlər göstərmiş, Naxçıvan mətbuat tarixinə öz qələmi və yaradıcı fəhmi ilə böyük töhfə vermiş Lətif Hüseynzadə 2008-ci ildə 105 yaşında dünyasını dəyişmişdir. Lakin onun ömrü ilə bağlı təqvim dayanmış olsa da, qələmə aldığı əsərlər, elmi araşdırmalar, xatirələr və yetişdirdiyi insanlar vasitəsilə mənəvi ömrü bu gün də davam edir.
Bəzən bir insanın həyat yolunu ifadə etmək üçün uzun bioqrafiyalara ehtiyac qalmır. Onun kimdən dərs aldığı və kimlərin yetişməsində rol oynadığı belə bir ömrün mənasını anlamağa kifayət edir. Lətif Hüseynzadə böyük Hüseyn Cavidin şagirdi, Ulu Öndər Heydər Əliyevin isə müəllimi idi. Lətif müəllimin bu iki böyük şəxsiyyət arasında dayanan 105 illik ömür yolu Azərbaycan ziyalılığının nəsildən-nəslə ötürülən işığını əks etdirir. Gələcəyin istedadlı jurnalistləri və tədqiqatçıları onu bu sadə, lakin dərin məna daşıyan cümlə ilə xatırlayacaqlar: O, böyük ədəbiyyatşünas Hüseyn Caviddən dərs almışdı. Ulu Öndər Heydər Əliyev isə ondan...

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 24.10.2026 17:12