Ali təhsil müəssisələrinin boş qalan plan yerlərin...
17:19 03.09.2026
0
0
0
NAXÇIVAN :
03 Sentyabr 2026, Cümə axşamı
Süni intellekt və digər rəqəmsal texnologiyalar humanitar minatəmizləmədə böyük imkanlar yaratsa da, onların əsas vəzifəsi insan qərarını əvəz etmək deyil, mütəxəssislərin qərarvermə imkanlarını gücləndirməkdir. Müasir texnologiyaların tətbiqi insan həyatının qorunmasına və təhlükəli zonalarda personalın iştirakının minimuma endirilməsinə xidmət etməlidir.
"Şərq qapısı" xəbər verir ki, bunu Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində təşkil olunan “Daha təhlükəsiz və səmərəli humanitar minatəmizləmə üçün texnologiya və innovasiya” mövzusunda panel sessiyada çıxışı zamanı Türkiyə Müdafiə Nazirliyinin Minalarla Mübarizə Mərkəzinin şöbə müdiri Fatih Yel deyib.
O bildirib ki, süni intellektəsaslı təhlil, təhlükəsiz rabitə sistemləri, coğrafi məlumat bazaları və rəqəmsal tapşırıq idarəetməsi ərazilərin prioritetləşdirilməsi, metodların seçilməsi və resursların bölüşdürülməsi ilə bağlı qərarlara dəstək verə bilər.
Fatih Yel xüsusi olaraq qeyd edib ki, süni intellekt qərar qəbul edən müstəqil vasitə kimi deyil, mütəxəssisin qərarvermə imkanlarını gücləndirən dəstək aləti kimi istifadə edilməlidir: “Alqoritm riskləri qiymətləndirə, nümunələri müəyyənləşdirə və alternativlər təqdim edə bilər. Lakin ərazinin təhlükəsiz olduğuna dair yekun qərar və məsuliyyət təlim keçmiş mütəxəssislərin və səlahiyyətli milli qurumların üzərində qalmalıdır”.
Onun sözlərinə görə, təhlükəli, təkrarlanan və fiziki risk daşıyan işlərin mümkün qədər maşınlar vasitəsilə yerinə yetirilməsi insan həyatının qorunmasına mühüm töhfə verə bilər. Bununla belə, texnologiya insanın sahə təcrübəsini və peşəkar mühakiməsini əvəz etməməlidir.
Fatih Yel texnologiyaların real sahə şəraitində sınaqdan keçirilməsinin və milli qurumlar tərəfindən akkreditasiya edilməsinin vacibliyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, texnologiyanın seçimi zamanı aşkarlama dəqiqliyi, yanlış siqnal göstəricisi, əməliyyat etibarlılığı, müxtəlif ərazi şəraitinə uyğunlaşma və personalın təhlükəli ərazidə keçirdiyi müddət kimi göstəricilər nəzərə alınmalıdır.
O əlavə edib ki, texnologiyanın yalnız satınalma qiyməti deyil, onun təlim, texniki xidmət, kalibrləmə, ehtiyat hissələri, proqram təminatının yenilənməsi və enerji tələbatı da daxil olmaqla bütün həyat dövrü xərcləri qiymətləndirilməlidir: “Yeni texnologiyaların inkişafı ilə yanaşı, onların real sahə şəraitində sınaqdan keçirilməsi, əldə olunan nəticələrin və qarşıya çıxan məhdudiyyətlərin paylaşılması da vacibdir. Bu yanaşma texnologiya seçiminin daha etibarlı sübutlara əsaslanmasına və müxtəlif ərazi, iqlim və çirklənmə şəraitində sistemlərin səmərəliliyinin düzgün qiymətləndirilməsinə imkan verə bilər”.
Fatih Yel qeyd edib ki, beynəlxalq əməkdaşlıq yalnız avadanlıq təminatı ilə məhdudlaşmamalıdır. Ehtiyacların qiymətləndirilməsi, yerli şəraitdə sınaq və akkreditasiya, personalın hazırlanması, texniki xidmət, məlumatların inteqrasiyası və insan resurslarının inkişafı da əməkdaşlığın mühüm istiqamətləri olmalıdır: “Yerli qurumlar tərəfindən istismar edilə, nəzarətdə saxlanıla və davamlı şəkildə istifadə oluna bilməyən texnologiya texniki baxımdan nə qədər qabaqcıl olsa da, uzunmüddətli humanitar potensialın formalaşdırılmasına xidmət edə bilməz”.
O bildirib ki, humanitar minatəmizləmənin gələcəyi insanın maşınla əvəz olunmasında deyil. Əsas məqsəd sensorlar, robotlar, süni intellekt və təhlükəsiz rabitənin insanı təhlükədən uzaqlaşdırdığı, milli qurumların qərarvermə potensialını gücləndirdiyi və ərazilərin daha təhlükəsiz gələcəyə hazırlanmasına xidmət etdiyi insan mərkəzli ekosistemin yaradılmasıdır.
Digər xəbərlər