Formula 1 Azərbaycan Qran-prisi keçirilən günlərdə...
15:03 03.09.2026
0
0
0
NAXÇIVAN :
03 Sentyabr 2026, Cümə axşamı
Azərbaycanın müasir tarixində elə hadisələr var ki, onların əsl mahiyyəti zaman keçdikcə daha aydın görünür. 3 sentyabr 1991-ci il də belə tarixi günlərdəndir. Həmin gün Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi. Bu tarixi hadisədən 35 il keçir.
Həmin dövrdə Naxçıvan son dərəcə mürəkkəb siyasi, iqtisadi və hərbi şəraitdə yaşayırdı. Ermənistanın təcavüzü, blokada vəziyyəti, enerji və ərzaq çətinlikləri, nəqliyyat əlaqələrinin məhdudluğu muxtar respublikanın qarşısında ciddi problemlər yaradırdı. Belə bir şəraitdə Heydər Əliyevin siyasi iradəsi, dövlətçilik təcrübəsi və uzaqgörənliyi Naxçıvanın taleyində həlledici amilə çevrildi.
Ulu Öndərin Naxçıvandakı siyasi fəaliyyəti milli dövlətçilik düşüncəsinin bərpası istiqamətində mühüm addımlarla səciyyələnirdi. 17 noyabr 1990-cı ildə onun təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvanda dövlət bayrağı kimi qəbul edilməsi, muxtar respublikanın adından “sovet sosialist” sözlərinin çıxarılması müstəqillik yolunda atılmış tarixi addımlar idi. Naxçıvan bununla milli dövlətçilik ideyasının siyasi iradəyə çevrildiyi məkana transformasiya olurdu.
20 Yanvar faciəsinə verilən siyasi qiymət də bu iradənin mühüm göstəricisi idi. 21 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi qərarla 20 Yanvar hadisələrinə ilk siyasi-hüquqi qiymət verildi. Dahi şəxsiyyətin hazırladığı bu qərar milli yaddaşın qorunması, faciənin mahiyyətinin açılması və tarixi ədalətin müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyırdı.
3 sentyabr 1991-ci ildən sonra Naxçıvanın müdafiəsinin möhkəmləndirilməsi, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və blokadanın ağır nəticələrinin aradan qaldırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Dövlət Müdafiə Komitəsinin yaradılması və keçmiş sovet hərbi hissələrinin Naxçıvandan çıxarılması muxtar respublikanın təhlükəsizliyinin təmin olunması baxımından mühüm addımlar oldu.
Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətində Naxçıvanın geostrateji mövqeyi də xüsusi yer tuturdu. Muxtar respublikanın Türkiyə və İranla əlaqələrinin genişləndirilməsi həm iqtisadi çətinliklərin aradan qaldırılması, həm də Naxçıvanın regional və beynəlxalq əlaqələrinin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyırdı.
1992-ci il mayın 28-də Araz çayı üzərində Naxçıvanı Türkiyə ilə birləşdirən Sədərək-Dilucu “Ümid körpüsü”nün açılması bu siyasətin ən yaddaqalan nəticələrindən biri oldu. Körpünün açılışında Türkiyənin Baş naziri Süleyman Dəmirəl və Heydər Əliyevin iştirakı Azərbaycan-Türkiyə münasibətlərinin tarixində mühüm hadisəyə çevrildi. “Ümid körpüsü” yalnız nəqliyyat əlaqəsi deyildi, o, iki qardaş ölkəni, ortaq tarixi, dili və mənəvi dəyərləri birləşdirən rəmzə çevrildi.
Bu siyasət Naxçıvanın Türk dünyası ilə əlaqələrinin genişlənməsinə yeni imkanlar yaratdı. Eyni zamanda İran İslam Respublikası ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi muxtar respublikanın həyatında mühüm rol oynadı. Ümummilli Liderin 1992-ci ildə İrana səfərləri zamanı aparılan danışıqlar və əldə olunan razılaşmalar nəticəsində enerji, nəqliyyat, ticarət və digər sahələrdə əməkdaşlığın əsasları möhkəmləndirildi. Beləliklə, Naxçıvanın hər iki qonşu dövlətlə əlaqələrinin inkişafı onun təcrid vəziyyətinin xilasına ciddi töhfə verdi.
Ulu Öndərin Naxçıvan rəhbərliyi dövründə qəbul olunan qərarlar arasında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi və Birliyi Gününün təsis edilməsi ilə bağlı təşəbbüs də xüsusi yer tutur. 1991-ci il dekabrın 16-da Ali Məclisin qəbul etdiyi qərar milli həmrəyliyin siyasi ideyaya çevrilməsinin mühüm ifadəsi oldu. Bu təşəbbüs sonralar bütün dünyada yaşayan azərbaycanlıların birlik və həmrəylik duyğularının möhkəmlənməsinə xidmət edən ümummilli bayrama çevrildi. Həmin qərar göstərirdi ki, dahi şəxsiyyətin dövlətçilik konsepsiyası yalnız Naxçıvanın gündəlik problemləri ilə məhdudlaşmır, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların vahid milli ideya ətrafında birləşdirilməsini də strateji məqsəd kimi qarşıya qoyurdu. Bu baxışın nəticələri bu gün də Azərbaycanın milli siyasətində özünü aydın göstərir. Bu, Ulu Öndərin siyasi uzaqgörənliyinin daha bir mühüm tarixi göstəricisi və milli iradənin təntənəsi idi.
1991-1993-cü illər Naxçıvan üçün yalnız ağır sınaqlar dövrü deyildi. Bu illər milli dövlətçilik ideyasının praktik siyasətə çevrildiyi, müstəqil Azərbaycanın gələcək siyasi kursunun mühüm əsaslarının formalaşdığı bir mərhələ idi. 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması da bu siyasi prosesin mühüm nəticələrindən biri kimi tarixə düşdü.
1993-cü ildə Azərbaycanın dövlətçiliyi ciddi təhlükələrlə üzləşəndə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Naxçıvanda formalaşmış dövlətçilik xəttinin ümumrespublika miqyasında davamı oldu. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan sabitlik və inkişaf yoluna çıxdı, dövlət institutları möhkəmləndirildi, ölkənin beynəlxalq mövqeyi gücləndirildi.
Bu gün həmin siyasi kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın iqtisadi və hərbi qüdrətinin artması, beynəlxalq nüfuzunun möhkəmlənməsi, ərazi bütövlüyünün və suverenliyinin bərpası Ulu Öndərin müəyyən etdiyi dövlətçilik strategiyasının müasir mərhələdəki parlaq nəticələridir.
Prezident İlham Əliyevin Naxçıvana göstərdiyi xüsusi diqqət və qayğı da bu siyasətin davamlılığının mühüm göstəricisidir. Muxtar respublikada nəqliyyat, enerji, infrastruktur, sosial və iqtisadi layihələrin həyata keçirilməsi Naxçıvanın inkişaf perspektivlərini genişləndirir. Naxçıvanın gələcək inkişafına hesablanan layihələr, yeni istehsal və sosial obyektlərin yaradılması qədim diyarın müasir inkişaf xəttinə inteqrasiyasını sürətləndirir.
Beləliklə, 3 sentyabr 1991-ci ildən keçən 35 il bir tarixi həqiqəti təsdiqləyir: Naxçıvanda atılan siyasi addımlar yalnız həmin dövrün problemlərinin həlli ilə məhdudlaşmadı. Bu addımlar Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə və gələcək inkişafına aparan böyük yolun mühüm mərhələsinə çevrildi.
Ulu Öndər Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti göstərdi ki, ən mürəkkəb şəraitdə belə uzaqgörən siyasi strategiya, qətiyyətli idarəçilik və milli dövlətçilik iradəsi tarixin istiqamətini dəyişə bilər. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasi xəttin yeni mərhələdə uğurla davam etdirilməsi isə Heydər Əliyev irsinin canlılığının və siyasi kursun tarixi təntənəsinin ifadəsidir.
Naxçıvandan başlayan böyük dövlətçilik yolu bu gün də davam edir və doğma Azərbaycanımızı daha da parlaq gələcəyə aparır.
Süsənbər AĞAMALIYEVA
filologiya üzrə fəlsəfə doktoru,
Naxçıvan Dövlət Universitetinin əməkdaşı
Digər xəbərlər