NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

Türk Mədəniyyəti və İrsi Fondunda İştvan Mandoki Konqurun 80 illiyi qeyd edilib

...

Oktyabrın 23-də Türk Mədəniyyəti və İrsi Fondu Macarıstanın Azərbaycandaki səfirliyi ilə birgə Macarıstanın nüfuzlu türkoloqlarından sayılan, bu il 80 illiyi qeyd edilən İştvan Mandoki Konqura həsr olunmuş tədbir keçirib.

"Şərq qapısı" xəbər verir ki, Fondun qərargahında təşkil olunan tədbirdə türk dövlətlərinin Azərbaycandakı səfirləri və diplomatları, Xarici İşlər və Mədəniyyət nazirliklərinin nümayəndələri, eləcə də elmi dairələrin təmsilçiləri iştirak ediblər.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova təşkilatın müşahidəçi dövləti olan Macarıstanın dilçilik və etnoqrafiya sahəsində tanınmış alimi İştvan Konqur Mandokinin nailiyyətlərindən söz açıb, alimin ömrünü əsasən Türk xalqlarının mədəniyyətinin, dilinin və tarixinin araşdırılmasına həsr etdiyini deyib. A.Raimkulova Mandokinin türkologiyanın inkişafına verdiyi töhfələr sayəsində bir körpü yaratdığını bildirərək, öz elmi əsərləri ilə macar-türk dostluğunu möhkəmləndirdiyini vurğulayıb.

Macarıstanın Azərbaycandaki səfiri Tamaş Yojef Torma çıxışında ölkəsinin 2018-ci ildən etibarən Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvü olduğunu diqqətə çatdırıb. O, Macarıstanın türk dövlətlərinin, xalqlarının birliyinə çox önəm verdiyini qeyd edib.

Sonra tədbirdə Özbəkistanın Azərbaycandaki səfiri Bahrom Aşrafxanov, Qırğız Respublikasının Azərbaycandaki səfiri Maksat Mamıtkanov ölkələrimiz arasındakı mövcud qardaşlıq və dostluq əlaqələrinin bundan sonra daha da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.

Tədbirdə Azərbaycanda səfərdə olan Macarıstanın tanınmış türkoloqu, Macarıstan Elmlər Akademiyasının üzvü Devid Somfai Kara və Macarıstan İrs Evinin tədqiqatçısı Gergeli Agoqs İştvan Mandoki Konqurinin həyat və yaradıcılığı, eləcə də Qıpçaq-Türk-Macar əlaqələrinə həsr olunmuş təqdimatlarla çıxış ediblər.

Daha sonra çıxış edən tanınmış siyasi və dövlət xadimi Həsən Həsənov Macarıstan və Türk dünyası arasındakı tarixi əlaqələrdən danışaraq, xalqlarımız arasında mədəni və tarixi bağlılığın qədim köklərə dayandığını vurğulayıb. O qeyd edib ki, Macarıstanın Türk dünyası ilə inteqrasiyası son dövrlərdə daha da güclənib. Bu yaxınlaşma həm iqtisadi, həm də mədəni maraqlar əsasında baş verir və Macarıstanın Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olması bu prosesin bir nümunəsidir. Həmçinin Macarıstanın qədim türk irsinə və ortaq mədəni köklərə verdiyi əhəmiyyət bu əməkdaşlığı daha da möhkəmləndirir.

Nəşr edilib : 23.10.2024 19:27