Ayaz İsmayılov: “Qəzalara səbəbiyyət yaradan iki ə...
14:56 02.12.2024
0
0
1
NAXÇIVAN :
02 Dekabr 2024, Bazar ertəsi
Bu günlərdə dünyamızın iqlim ürəyi Bakıda döyünür. Bakı COP29 tədbirinə ev sahibliyi edir. Bu, ölkəmizin dünyanı qorumaq naminə atdığı ən böyük addımdır, təşəbbüsdür. Dünyanın aparıcı dövlətləri bu gün tədbirimizdə təmsil olunur. Təbii ki, inkişaf etmiş, eyni zamanda güc sahibi olan ölkələrin bu tədbirdə əhəmiyyətli heyətlə təmsil olunması çərçivəsində dünyanı qorumaq üçün mühüm qərarlar qəbul olunacaq.
Bu sözləri "Şərq qapısı"na açıqlamasında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəis müavini Tural Murtuzəliyev deyib.
O qeyd edib ki, tədbirin Azərbaycanda təşkilinin dünya ilə yanaşı, ölkəmiz üçün də ciddi ekoloji faydaları vardır. Belə ki, ölkəmiz ətraf mühitin qorunması üçün qlobal səylərin artırılmasının əsas tərəfdarlarından biridir. Bu kontekstdə həm ölkəmizin, həm də dünyanın əsas ekoloji problemlərinə yeni yanaşmalar və əvvəlki proseslərin yenidən nəzərdən keçirilməsi sayəsində müvafiq siyasət yenilənəcək. Dünyanın həcm və mahiyyət baxımından ən böyük tədbirinə Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin iqtisadi gücünün, infrastrukturunun və iştirakçı dövlətlərin, xüsusilə də inkişaf etmiş ölkələrin yüksək etimadının göstəricisidir. Bu, digər dövlətlərin və investorların ölkəmizdəki ekoloji texnologiyalara sərmayə qoymasına şərait yaradacaq.
COP29 tədbirinin, eyni zamanda beynəlxalq əməkdaşlıq və diplomatik münasibətlərin inkişafı baxımından da faydalı olacağını vurğulayan Energetika Xidmətinin rəis müavini bildirib ki, bu tədbir ölkəmizin əhəmiyyətini qlobal səviyyədə artıracaq və daha intensiv beynəlxalq əməkdaşlıq üçün şərait yaradacaq. Aparıcı dövlətlər və aparıcı təşkilatların rəhbərləri səviyyəsində təmsil olunmaq uğurla aparılan siyasətin nəticəsidir. Bu tip tədbirlərdə ölkələrin, təşkilatların mövqeləri ilə yanaşı, fərdlərin də mövqelərində ciddi dəyişikliklər əldə edilir. Hər kəs təbiətə və ekologiyaya daha ölçülü, düşünülmüş yanaşma nümayiş etdirir ki, COP29-dan gözlənən faydalardan biri də budur.
Tural Murtuzəliyevin sözlərinə görə, Naxçıvan Muxtar Respublikasında da COP29 tədbiri çərçivəsində Dövlət Energetika Xidməti tərəfindən təbliğatla əlaqədar müəyyən addımlar atılıb. Bu addımlar strateji xarakterlidir və müddətsiz olaraq müəyyən edilib. COP29 tədbiri bitdikdən sonra da təşəbbüslər davam edəcək. COP29-un təbliğatı çərçivəsində simvolik bir addım atıldı: şəhərimizin ən tarixi məkanında, 800 yaşlı abidənin önündə 8 metrlik təşviqat elementi yerləşdirildi və karbon emissiyasına diqqət çəkmək üçün onun işıqlandırılması alternativ və bərpa olunan enerji ilə təmin olundu. Bu simvolika onu ifadə edir ki, 800 il əvvəldən fərqli olaraq, elektrik var, amma karbon emissiyası yoxdur. Bu gün də həmin təşviqat elementi – “COP29 Azerbaijan” yazısı – şəhərimizi bəzəyir.
"Dövlət Energetika Xidməti tərəfindən “Yaşıl Enerji Könüllüləri” qrupu yaradılıb. Əsas məqsəd "yaşıl enerji" təbliğatını davamlı aparmaq və "yaşıl enerji" sahəsindəki son texnologiyaları mənimsəməkdir. Eyni zamanda xidmətin əməkdaşları tərəfindən davamlı infosessiyalar keçirilərək "yaşıl enerji" ilə əlaqədar müəyyən maarifləndirmə işləri aparılır. Oktyabr ayının 11-də muxtar respublikada elektrik enerjisinin istehsalında karbon emissiyası 1 günlük sıfıra endirildi. Belə ki, həmin gün Naxçıvan 100 faiz "yaşıl enerji" ilə işıqlandırıldı. Bu təşəbbüslərimiz də davam edəcək", — deyə Energetika Xidmətinin rəis müavini əlavə edib.
Nail ƏSGƏROV
Digər xəbərlər