Naxçıvan Muxtar Respublikasında 22 noyabra olan ha...
23:23 21.11.2024
0
0
0
NAXÇIVAN :
22 Noyabr 2024, Cümə
Mövzunun əvvəli ilə aşağıdakı linkə daxil olub baxa bilərsiniz:
https://serqqapisi.az/butun-xeberler/toy-ve-yas-biznesinin-esirleri
Saturn planetinə sarı tuşlanan klarnet
Siyahı uzundur, sadalamıram. Qoy birini də deyim, ürəyimdə qalmasın. Çağırıblar ciyərqapmaya, həyətə girirsən nağaraçalan yeriyir qabağına, çomağı nağaraya elə vurur ki, az qalır, dərisi cırılsın, adama elə gəlir ki, həmin anda ona nəmər verməsən, ikinci çomaq təpənə enəcək. Klarnetçalan klarneti Saturn planetinə sarı tuşlasa da, gözü cibindədir, kinooperator səni ön planda çəkirsə, bax gör də, neynirsən. Birdimi, ikidimi?..
Hamı ürəkbulandıran belə toylardan dad eləyir, amma heç kəs də ayağını məlum “cığır”dan kənara qoymaq istəmir. Hətta gün çörəyinə möhtac olandan da soruşanda deyir ki, eldən-obadan ayıbdı, qohum-əqrəba mənə nə deyər.
Toylardakı vəhşi israfçılığın qarşısının alınmasını hamı istəyir, lakin bir araya gələ bilmir. Elə isə məsələ niyə inzibati metodlarla həll olunmur? Toyların tənzimlənməsi üçün bir qərar və ya sərəncam kifayətdir. Nədən bu qərar verilmir? Nə üçün hamını narahat edən bu məsələdə əhalinin deyil, kimlərinsə himayə etdiyi şadlıq sarayı və restoranların sahibkarının mənafeyi qorunur? Onların varlanması üçün milli-mənəvi dəyərlər nə üçün ayaq altına atılmalıdır?
Bu sualların cavabı varmı?
Əgər yadınızdadırsa, pandemiya dövründə bu məsələ qərar və sərəncamlarla çox gözəl həll olunmuşdu. Hər şeyin ölçü-biçisi vardı, hamı da razılıq edirdi. Toyların tənzimlənməsi üçün yeni bir pandemiya gözləməliyikmi?
Son illər şadlıq sarayları, restoranların sayı yağışdan sonra göbələk kimi artmaqdadır. Təbii ki, onların sahibləri bu yolda xərclədiklərini tez bir zamanda qaytarmaq istəyir. Onlar buna iaşə xidmətini müasir tələblər səviyyəsində qurmaq hesabına yox, əsasən, toyların məkanı kimi nail olmağa üstünlük verirlər. Toy mafiyası, əsasən, bu yerlərdə formalaşır. Təbliğat elə aparılır ki, əhalinin böyük əksəriyyəti könüllü olaraq toy mafiyasının toruna düşür. İmkanı olan da, olmayan da bu axınla getmək məcburiyyətindədir. Toyla bağlı sifariş verəndə istər-istəməz toy sahibinə növbənöv çeşiddə yeməklər təklif olunur. Nəticədə, şadlıq evləri toyun təşkilinə çəkilən xərcin maya dəyərindən beşqat, onqat artıq pul qazanırlar. Qazanan mafiya olur, itirdiklərimiz isə milli dəyərlərimiz.
Bülbül, üstündə də fil
Hələ təzə əndrabadi adətlər də peyda olub. Son vaxtlar mərkəzdən tutmuş ucqarlara qədər təzə çayxanalar açılır. Əksəriyyətində sadə çay verilmir. Bir stəkan çayı da dəsgahla içməlisən. Gərək mütləq mürəbbə və digər şirniyyat da ola. Yəni bülbül, üstündə də fil. Ha denən ki, şəkərə meyilliyəm, yaxud şəkər səhhətimə zərərdir. Deyir, yox ey, bir ətək pul verib açdırmışam, gərək pulunu çıxaram, ya yox?! Zalımın oğlu bir-iki ayın içində verdiyi pulu çıxarmaq istəyir, onu istehlakçıların hüququ zərrə qədər maraqlandırmır.
Xalqımız ta əzəldən çaya meyillidir. İlk tanışlıqlar, əsasən, çayxanalardan başlayır, münasibətlər burada möhkəmlənir, planlar cızılır, arzular dilə gəlir, xatirələr çözülür. Açıq deyək ki, müxtəlif təminatlı adamların bir araya gəlməsi üçün çayxanalar əvəzedilməz məkandır. 20-25 il əvvəl Naxçıvanda müəyyən istisnalarla çayxanaların fəaliyyətinin dayandırılması əhalinin məskunlaşmasına öz mənfi təsirlərini göstərdi. Təsəvvür edin, kənd yeri, işdən-gücdən qayıdan adamların üz tutacaq bir yeri yox. Dəmir qaz borularının üstündə əyləşib yola nə qədər göz dikmək olar?
İndi də cibi çayxanaya tərs mütənasib olan adamlar yenidən qaz borularına sarı boylanmaqdadır.
Hələ yas mərasimləri
Haradasa toyları bir təhər ötüşdürmək olar. Çünki toylar əvvəlcədən planlaşdırılır, hazırlıq görülür. Yas isə qəfildən baş verən bir hadisədir. Dünyasını dəyişmiş insanların yaxınları yas mərasimləri zamanı bilmir ki, öz əzizlərinin itkisinə yansın, yoxsa qonaqların yemək məclisinin dərdini çəksin. Çünki artıq bu mərasimlər az qala banket tədbirlərinə dönüb. Yas sahibləri borca da girmiş olsa, təki el qınağına hədəf olmamaq üçün ehsan vermək məcburiyyətindədir.
Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin vəsiyyətnaməsində belə bir istək vardı: “Mənim həyat yoldaşım Hənifə xanım yas mərasimimə və dəfnimə xərclənəsi pulu xalq təhsilinə sərf etməyə borcludur”.
Ehsan vermək istəyən qoy o xərcləri savab qazanacağı bir işə yönəltsin, yoxsa qarın doyurmağa yox. Yas yeri yeyib-içmək yeri deyil. Xüsusən Bakı şəhəri və ətraf kəndləri. Bu yaxınlarda yas yerində iştirak etdim, süfrədə gördüklərimdən dəhşətə gəldim. Adamın əzizi vəfat edib, dərd içindədir, amma özünü ora-bura vurur ki, yasa gələnləri yedirib-içirtsin. Borc-xərclə olsa da...
İstək olan yerdə
Bu problemin aradan qalxması üçün ciddi qanun qüvvəyə minməli, toy və yas biznesinə son qoyulmalıdır. Məlum olduğu kimi, Şərur rayonunun Mahmudkənd sakinlərinin birgə qərarı ilə ötən ilin sentyabrından yas mərasimlərində ehsan verilməsi qadağan edilib.10 sentyabr tarixdən etibarən kənd ərazisindəki 3, 7 və 40 mərasimlərində ehsan verilmir, başsağlığına gələnlər üçün yalnız çay süfrəsi açılır. Həmçinin xüsusi vurğulanıb ki, kənd sakinlərindən hər hansı biri bu qaydanı pozarsa, həmin şəxsin keçirdiyi yasda sakinlər iştirak etməyəcək.
Deməli, istək olan yerdə toylardakı israfçılıq da aradan qaldırıla bilər. Bəs nə mane olur?
Ölkə başçısının Naxçıvanda apardığı köklü islahatlar, səlahiyyətli nümayəndəlik institutunun yaradılması, təhlükəsizlik və digər hüquq-mühafizə orqanlarındakı yenilənmələr, şəffaflıq mühitinin yaradılmasına doğru ciddi addımlar indi Naxçıvanda israfçılığın baş alıb getdiyi toyların, eləcə də yasların tənzimlənməsinə, istehlakçıların hüquqlarının pozulduğu iaşə obyektləri haqqında ölçü götürülməsinə böyük ümidlər yaradır.
Digər xəbərlər