NAXÇIVAN :

25 Noyabr 2024, Bazar ertəsi

Toy və yas biznesinin əsirləri

...

– İçəri girib ata-anamı otaqda narahat vəziyyətdə görəndə dalağım sancdı. Divanda oturub dinib-danışmadan gözlərini tavana zilləmişdilər. Otağa dərin bir  sükut çökmüşdü. Bəd xəbər eşidəcəyimə şübhə yoxdu. “Nə olub, nə baş verib”, – deyə soruşanda da dinmədilər, elə ki səsimi ucaldıb sualı təkrarladım, anam stolun üstünə işarə etdi. Ora baxcaq mənim də nitqim qurudu və onların yanında yerə çökdüm. Stolun üstündə üç toy dəvətnaməsi vardı.

Tanışım nəql etdiyi bu epizoda bir qədər yumor qatsa da, reallıqdan da uzaq deyildi. Toy dəvətnamələri alanda dərdə-qəmə batanları azmı görmüşük? Qaşları çatılır, sifətin mimikası dəyişilir, içəridən, haradasa ürəyin dərinliklərindən bir ah qopur. Nədəndir bu ah? Axı səni toya, yeni ailə quran gənclərin xoş gününə çağırıblar, sevinmək, şadlanmaq əvəzinə nədir sənin dərdin?
Ritorik sualın cavabı bəllidir, səni elə bir yerə dəvət edirlər ki, aldığın əməkhaqqının bir hissəsini üzərində “Oğlan evi”, yaxud “Qız evi” yazılmış qutuya salmalı olacaqsan. Toy bahalı şadlıq sarayında keçirilirsə, qiymətlər məlumdur,  bir yerin qiyməti azı yüz manat. Orta statistik ailə ayda azı 3, ildə isə 20 dəfə toya gedir. Hər getdiyi toya isə minimum 50 manat ödəyir. Bu zaman ailə aylıq gəlirinin 34 faizini toya ödəmiş olur. Buna görə də əksəriyyət toy dəvətnaməsi alanda sevinə bilmir. “Toy olsun, bayram olsun, həyat firavan olsun”, – deyə  oxuyuruq, qol götürüb oynayırıq da, amma ay ərzində üç-dörd toydan sonra firavanlıq arxa plana keçir axı...

    Bu günlərdə iştirak etdiyim toy

Masanın üstündə nələr yoxdur, bircə quş südü çatışmır ki, alkoqollu içkilər olan yerdə ona ehtiyac yoxdur. Vur ki, vurasan. Filan qədər pul salır toya, heç olmasa, bir hissəsi yeyib-içməklə kompensasiya edilsin. Toyların birində məhdud hərəkətli qonağa söz verdilər. Əziyyət çəkib ayağa qalxmasın deyə masabəyi mikrafonu əyləşdiyi yerdə ona təqdim etdi. Qonaq qəfil sözvermədən özünü itirdi, çünki  yeməyin şirin yerindəydi, ovurdları küftə kimi şişmişdi. Udmaq da mümkün deyil, çıxarmaq da. Bir tərəfdən də kinokamera üzərinə tuşlanıb, məclis əhli ona baxır. Elə o vəziyyətdə də boğuq səslər çıxardı, bilinmədi sağlıq dedi, ya qəfil başının üstünü kəsən masabəyiyə, ya bu epizodu geniş planda çəkən kinooperatora söydü. 
Pəhriz saxlayanlar, içməyənlər isə bu imkandan məhrumdur, ağıza bir-iki tikə qoyandan sonra daha getmir, doyublar. Toy isə hələ təzə başlayıb, masaların üstü hələ əl dəyməmiş fərqli yeməklərlə doludur. Ardı da gəlir.  Bir adam nə qədər ət yeyə bilər? Uzaqbaşı 250-300 qram. Amma süfrəyə baxanda görürsən ki, ətlə yanaşı, toyuq, qril, balıq, soyutma ət və ardı-arası kəsilməyən kabablar, üstəlik, sonda plov və onun da içində yenə ət gətirilir. Müxtəlif salatlar, meyvələr, tortlar, içkilər hamısı yekunda bir mədəyə gedir. Axşam orada nəyin baş verəcəyi bəlli deyil. Dəfələrlə baş verən qida zəhərlənmələri, içilən araqdan sonra itirilən iş qabiliyyəti, başağrıları, ürək bulanmaları. Ay ərzində 3-4 toya getmək kifayət edir ki, vücudun əndazədən çıxsın, zorla nəfəs alasan. Sağında-solunda azmı görürsən belə adamları? 
Eyforiyadan vəcdə gəlib, hələlik vecinə deyil, bir istəyi var, istəyir,  hamı desin ki, onun oğlunun toyunda yemək-içmək sel kimi axırdı, quş südü – can dərmanı istəsəydin, “yoxdu” sözü yox idi, beş-altı bərkgedən müğənni vardı. 
Beləliklə, yorğanın uzunluğunu unudur, sonra da ayağını uzadıb rahatlanmaq istəyəndə görür ki, səhv eləyib.

    Mentalitet qulları

Əhalinin böyük əksəriyyəti ürək bulandıran belə toyların əleyhinədir. Təbii, mühafizəkarlar, mentalitet qulları da var. Onların ilk sözü budur ki, toylar xalqımızın milli adət-ənənəsidir, minillik tarixi var, milli-mənəvi dəyərləri qorumaq isə hər birimizin borcudur.
Əcaba, özgə millətlər toy eləmirmi, şad gününə dost-tanışı çağırıb yeni ailə quranlara səadət, xoşbəxtlik arzulamırmı? Hamısında var.  
İnkişaf etmiş xarici dövlətlərdə evlənmə kimə bəlli deyil; ailələrin tanışlığı, nikah, ailə və dostlarla kiçik mərasim, bal ayı və normal həyata dönüş.
İtalyan-amerikan yazıçı Mario Püzonun “Xaç atası” romanında (həmçinin bu roman əsasında çəkilmiş filmdə) don Vito Korleonenin evində onun qızı Konni və Karlo Rissinin toy məclisi təsvir olunur. Qonaqlar yeyib-içir, şənlənirlər. Ona görə şənlənirlər ki, bir azdan durub toya ən azı 50-dən, 100-dən pul yazdırmayacaqlar. Onlar nəinki toya pul salmayacaqlar, əksinə, bu toydan yararlanacaqlar. Çünki xaç atası kimi tanınan Vito belə xırdaçılıqlardan uzaqdır. O, siciliyalıların adətinə uyğun olaraq toy əhlinin, dost və həmkarların xahişlərini dinləyib həllinə göstəriş verir. Xahişə gələnlər çox gözəl bilirlər ki, toyun yiyəsi öz qızının toyunda kiminsə sözünü yerə salmayacaq, problemin həlli kimdən asılıdırsa, ona “imtinaolunmaz təklif” verib məsələni yerindəcə həll edəcəkdir. O toyda da rəqs edib, halay çəkir, sağlıqlar deyirlər. Sonra bəy gəlinlə çıxıb deyə-gülə evinə yollanır.
Bizdə gəlinaparma necədir? Qız adamı kəsir qapının ağzını, bəydən iki yüz-üç yüz almayınca gəlini buraxmır. Doğmasını, əzizini pul qarşılığında satmağa bənzəyirsə, kimə lazımdır bu adət? Təkcə qapının ağzını kəsmək deyil ki, küçədə də azyaşlıları buna vadar edənlər var. Bəyi oğurlayıb  pul tələb etmək də var. Bütövlükdə, belə adətlərə mentalitet qulu olmaqdansa, həmin əməlləri törədənləri cinayət məsuliyyətinə cəlb etməyin vaxtı çatmışdır.

    Hələ biri də çıxıb: Ciyərqapma!

Toydan bir gün əvvəl keçirilən mərasimdir, kəsilən malın içalatının yeyilməsinə xidmət edir. Yeyilsin, amma “qapmaq” nədir? İnsan övladı məgər bu qədər alçalıb ki, ciyəri qapır?
Hansını deyəsən: bitmək bilməyən elçilik, həriverdi, nişanqoydu, xınayaxdı, qız toyu, oğlan toyu və sair məclislər. Sanki Hindistan milyarderi Mukeş Ambani oğlu Anand üçün toy hazırlıqlarındadır. Sosial şəbəkələrdə qeyd edildiyi kimi, iki gəncin ailə qurmasına milyon dollarla  xərc gedib, Anandla sevgilisi Radhikanın ilk izdivac məclisi olan gün evlənən başqa cütlüklər artıq oğul-uşaq yiyəsidirlər, bəziləri ikincini gözləyirlər, amma Anand hələ Radhikaya “Xoş gəlmisən”, – deməyib.  İmkanı olanlar el qınağından çəkinməsələr, yəqin ki, milyarder Mukeş Ambani kimi oğluna toy eləyər. Şifahi xalq ədəbiyyatında təsvir olunan toylar kimi. Nağıl, ya dastan qəhrəmanı əzab-əziyyətli yollardan keçərək yarına qovuşur, mərhəmətli padşah, o da olmayanda bəyin yeddi arxa dönəni müqəddəs əzabkeşlərin vüsala qovuşması üçün qırx  gün, qırx gecə toy eləyir, hamı yeyib-içir. İş-güc tökülüb qalır. Budurmu mentalitet?
İndiki dövrdə toya kimi müsibətləri qoyuram bir qırağa. Tutaq ki, qız ərə veririk. Öncə oğlanın nəslini araşdırma, arvadların tanışlığa gəlməyi, kişili-arvadlı elçilik, nişan bazarlığı, nişan, qurbanlıq, qızın ad günü, söz-söhbət (baldız göz süzdürüb), ev bəzəmə, gəlinliyin seçilməsi, xına (10 barmağını havaya tutub xınalı gəzmə, ovuca baş hərf yazılma, qızın başına fırlanma), toy (dünyanın xərci, 85 cür təam, heç vaxt üzünü görmədiyin adamların “ot duşi” şıdırğı oynamağı).
Və nəhayət, 5 il sonra: oğlan tərəfi hələ də toy xərclərini, qız tərəfi cehizin kreditini ödəməkdədir. 

(ardı var)
 

Nəşr edilib : 18.10.2024 19:28