NAXÇIVAN :

28 Avqust 2026, Cümə

Tokayev Qazaxıstan Qurultayının yeni səlahiyyətlərindən danışıb

...

Qazaxıstanın yeni birpalatalı parlamentinin – Qurultayın fəaliyyətə başlaması ölkədə institusional islahatların yeni mərhələsinin başlanğıcını göstərir. Qanunverici orqan hakimiyyətin qolları arasında çəkindirmə və tarazlaşdırma sistemində geniş səlahiyyətlər əldə edib.

"Şərq qapısı" “Kazinform” agentliyinə istinadla xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

Konstitusiya Məhkəməsinin hakimləri, Mərkəzi Seçki Komissiyasının üzvləri və Ali Audit Palatasının üzvləri Qurultayla razılaşdırılaraq təyin ediləcək. Deputatlar, həmçinin Prezidentin təqdimatı əsasında Ali Məhkəmənin hakimlərini təyin etmək və vəzifədən azad etmək hüququ əldə ediblər.

Bundan əlavə, Qurultaya Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin hakimlərini, eləcə də deputatları hüquqi toxunulmazlıqdan məhrum etmək səlahiyyəti verilib. Onun səlahiyyətlərinə Ali Audit Palatasının respublika büdcəsinin icrası ilə bağlı hesabatların təsdiq edilməsi və Konstitusiya Məhkəməsinin illik müraciətinin dinlənilməsi daxildir.

Deputatlar, həmçinin hökumətə etimadsızlıq votumu irəli sürə və ayrı-ayrı hökumət üzvlərinin vəzifədən azad edilməsi ilə bağlı Prezidentə təkliflər verə biləcəklər.

“Bir sözlə, Qurultaya icra və məhkəmə hakimiyyəti qollarının formalaşdırılması, habelə ölkənin taleyi üçün həlledici əhəmiyyət daşıyan strateji məsələlərin həlli ilə bağlı geniş səlahiyyətlər verilib”, – deyə Kasım-Jomart Tokayev qeyd edib.

Prezident vurğulayıb ki, Qurultayın səlahiyyətlərinin genişləndirilməsi qanunverici hakimiyyətin rolunun gücləndirilməsi və hakimiyyətin qolları arasında çəkindirmə və tarazlaşdırma sisteminin möhkəmləndirilməsi deməkdir.

Xatırladaq ki, avqustun 23-də Qazaxıstanda yeni birpalatalı parlamentə – Qurultaya deputat seçkiləri keçirilib. Səsvermənin nəticələrinə görə, Qurultaya 5 siyasi partiya keçib. Mərkəzi Seçki Komissiyası 145 deputatı qeydə alıb. Avqustun 27-dən etibarən onların 5 il müddətinə deputatlıq səlahiyyətləri rəsmən başlayıb.

Bu gün Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə birinci çağırış Qurultayın ilk sessiyası keçirilir.

Nəşr edilib : 28.08.2026 14:06