NAXÇIVAN :

16 Sentyabr 2026, Çərşənbə

Tokayev: Orta Dəhlizi TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiya etmək mümkündür

...

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Trans-Xəzər” Beynəlxalq Nəqliyyat Marşrutunun - Orta Dəhlizin TRIPP təşəbbüsü ilə inteqrasiyasının mümkün olduğunu bildirib.

"Şərq qapısı" Akordaya istinadla xəbər verir ki, dövlət başçısı bu barədə birinci “Mərkəzi Asiya - Koreya Respublikası” Sammitində bildirib.

Kasım-Jomart Tokayev qeyd edib ki, Qazaxıstan öz ərazisindən tranzit daşımaların ümumi həcmini 100 milyon tona çatdırmağı qarşıya məqsəd qoyub.

Onun sözlərinə görə, son altı ildə Orta Dəhliz üzrə yükdaşımaların həcmi beş dəfə artıb. Qazaxıstan yaxın perspektivdə dəhlizin ötürücülük qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir.

“Fikrimizcə, Orta Dəhlizin TRIPP təşəbbüsü ilə inteqrasiyasını təmin etmək mümkündür”, - deyə Qazaxıstan Prezidenti bildirib.

O qeyd edib ki, bu marşrutların potensialını birləşdirərək Koreyadan Mərkəzi Asiya vasitəsilə Avropaya qədər vahid nəqliyyat-logistika zənciri formalaşdırmaq mümkündür

Prezident vurğulayıb ki, qabaqcıl təcrübə və informasiya mübadiləsi baxımından Busan limanı ilə Qazaxıstanın Xəzər dənizindəki limanları arasında sıx əməkdaşlıq üçün böyük perspektivlər açılır.

Nəşr edilib : 16.09.2026 13:41