NAXÇIVAN :

08 Yanvar 2025, Çərşənbə

Çində zəlzələ nəticəsində ölənlərin sayı 126-ya çatıb YENİLƏNİB-3

...

Çinin Şiqatse şəhərində baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 126-ya çatıb.

"Şərq qapısı" xəbər verir ki, təbii fəlakət nəticəsində azı 188 nəfər xəsarət alıb.

12:56

Çinin Tibet Muxtar Rayonunda baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı artır.

"Şərq qapısı" rayonun fəlakətlərlə mübarizə qərargahına istinadla xəbər verir ki, yeraltı təkanların səbəb olduğu dağıntılar nəticəsində ölənlərin sayı 95-ə, xəsarət alanların sayı 130-a çatıb.

09:16

Çinin Tibet Muxtar Rayonunda baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 53-ə çatıb.

"Şərq qapısı" rayonun fəlakətlərlə mübarizə qərargahına istinadla xəbər verir ki, yeraltı təkanların səbəb olduğu dağıntılar nəticəsində 62 nəfər xəsarət alıb. Təxminən min evə ziyan dəyib. Yeraltı təkandan sonra Çin Zəlzələ Administrasiyası bölgədə 2-ci dərəcədə fövqəladə reaksiya elan edib. Təbii fəlakət bölgəsinə əlavə qüvvələr cəlb olunub. Ümumilikdə, axtarış-xilasetmə işlərinə 1500 nəfər cəlb olunub. Çadır, çarpayı, isti geyimlər və digər lazımi vasitələr zəlzələ bölgəsinə göndərilib. Proses davam edir. Evləri dağılanlar müvəqqəti məntəqələrdə, o cümlədən çadırlarda yerləşdirilir.

Zəlzələnin episentrinin yerləşdiyi Dinqri rayonunda 61 min adam yaşayır.

08:02

Çinin Tibet Muxtar Rayonunda 6,8 bal gücündə zəlzələ olub.

"Şərq qapısı" Çin Seysmologiya Mərkəzinə istinadla xəbər verir ki, zəlzələ yerli vaxtla səhər saat 9:05-də Şiqatse şəhərinin Dinqri rayonunda qeydə alınıb. Zəlzələ ocağı yer səthindən 10 kilometr dərinlikdə olub.

Bir neçə yaşayış məntəqəsində dağıntı qeydə alınıb, Çanqsuo kəndində evlərə ziyan dəyib. Son məlumatlara görə 9 nəfər ölüb, xəsarət alanlar var.

Zəlzələnin episentrinin 5 kilometr radiusunda 7 kənd yerləşir. Hazırda həmin kəndlərdə zəlzələnin törətdiyi fəsadlar dəqiqləşdirilir.

Çin Seysmologiya Mərkəzi zəlzələnin episentrinin 200 kilometr radiusunda son 5 ildə gücü 3-dən yuxarı 29 yeraltı təkan qeydə alındığını açıqlayıb. Hazırkı zəlzələ onların ən güclüsüdür.

Nəşr edilib : 07.01.2025 18:53