NAXÇIVAN :

07 Aprel 2025, Bazar ertəsi

Tələbələrin peşəyönümlü təcrübə proqramına başlanılıb

...

Naxçıvan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Naxçıvan Dövlət Universiteti arasında əldə olunmuş razılaşmaya əsasən 2024-2025-ci tədris ilində Memarlıq və mühəndislik fakültəsi əyani şöbəsinin Memarlıq ixtisası üzrə 4-cü kurs tələbələri üçün təcrübə proqramı həyata keçirilir.
Aprelin 7-də proqramın başlanması münasibətilə komitədə görüş keçirilmişdir. Görüşdə komitənin məsul əməkdaşları və universitetin tədris heyəti iştirak ediblər. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri İlqar Sadıqov tələbələri salamlayaraq bu əməkdaşlığın əhəmiyyətindən söz açıb, təcrübə proqramının məqsəd və əsas istiqamətləri barədə məlumat verib. Qeyd olunub ki, tələbələr təcrübə dövründə komitənin müxtəlif struktur bölmələrinin fəaliyyəti ilə yaxından tanış olacaq, şəhərsalma planlaşdırılması və memarlıq fəaliyyətinin təşkilinə dair praktiki bilik və bacarıqlar əldə edəcəklər. 
Tədbirdə iştirak edən universitetin Memarlıq və mühəndislik fakültəsi Memarlıq kafedrasının müdiri Gülnarə Qənbərova da tələbələrə tövsiyələrini verərək bu təcrübə proqramının onların gələcək peşə fəaliyyətinə hazırlıq baxımından mühüm fürsət olduğunu qeyd edib. Bildirilib ki, bu mərhələ tələbələrin nəzəri biliklərini praktik fəaliyyətlə birləşdirmələrinə, memarlıq sahəsində daha geniş baxış qazanaraq real layihələrlə iş mühitində iştirak etməklərinə imkan yaradacaq.

Nəşr edilib : 07.04.2025 17:20