NAXÇIVAN :

05 Avqust 2026, Çərşənbə

TBMM sədri “Terrorsuz Türkiyə” təşəbbüsü çərçivəsində hazırlanmış qanun layihəsini baxılmaq üçün təsdiqləyib

...

Avqustun 4-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş PKK terror təşkilatı ilə bağlı uzun illər davam edən problemin aradan qaldırılması üçün hüquqi çərçivənin formalaşdırılmasına yönəlmiş qanun layihəsini baxılmaq üçün təsdiqləyib.

"Şərq qapısı" xəbər verir ki, “Milli həmrəyliyin və sosial inteqrasiyanın gücləndirilməsi haqqında qanun” adlı sənəd 12 maddədən ibarətdir.

TBMM-in daxili nizamnaməsinə əsasən, sənəd avqustun 5-də ölkənin ali qanunverici orqanına rəsmi şəkildə təqdim edildikdən 48 saat sonra qanun layihəsinin parlamentin Hüquq komitəsində müzakirəsinə başlanıla bilər.

Beləliklə, qanunvericilik təşəbbüsünə baxılması onun mətninin hazırlandığı TBMM-in Milli həmrəylik, qardaşlıq və demokratiya komissiyasının yaradılmasının birinci ildönümünə təsadüf edəcək.

Qanun layihəsi parlament komitəsi tərəfindən bəyəniləcəyi təqdirdə, baxılması üçün TBMM-in plenar iclasına təqdim olunacaq və artıq bu həftənin sonunadək səsverməyə çıxarılması gözlənilir.

Nəşr edilib : 05.08.2026 00:01