NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Tarixi zəfərdən dövlət suverenliyinə: siyasi iradə, hərbi güc və milli həmrəylik

...

Azərbaycan məharətli diplomatiyası, yenilməz hərbi-siyasi gücü sayəsində 2020-ci il sentyabrın 27-dən başlayaraq otuz illik işğala 44 gün ərzində son qoydu. Bu da mütləq vurğulanmalıdır ki, ölkəmiz təkcə döyüş meydanında erməni terrorizminə qalib gəlmədi, həm də siyasi masada onun havadarlarına layiqli dərs verərək yerlərinə oturtmaqla dünyanın beynəlxalq təşkilatlarının otuz ildə bacara bilmədiyi Ermənistana öz sözünü dedi, beynəlxalq hüququ, ədaləti bərpa etdi, BMT-nin uzun illərdir, kağız üzərində qalan qətnamələrini gerçəkləşdirdi. Ölkəmiz atəşkəs dövründə olduğu kimi, müharibə dönəmində də humanizm prinsiplərini əldə rəhbər tutaraq dəfələrlə qarşı tərəfə döyüşləri dayandırmaq barədə şərt də irəli sürdü. Məhəl qoyulmadığı təqdirdə isə müzəffər Ordumuz sonadək əks-hücum əməliyyatını uğurla yerinə yetirərək qalib oldu, əsgər və zabitlərimiz bayrağımızı tarixi torpaqlarımızda ucaltdı.

Vətən müharibəsinin yekunlarına dair 2020-ci il 10 noyabr tarixdə imzalanan üçtərəfli Bəyanatda məğlub ölkə olaraq Ermənistan üzərinə bir sıra öhdəliklər götürdü. Tərəflər arasında razılaşmaya əsasən düşmənə Laçın üzərindən humanitar məqsədlə istifadə imkanları yaradıldı. Lakin xunta rejimi bu yoldan sosial problemlərini həll etməkdənsə, Qarabağa silah və sursat daşımağa üstünlük verdi. Ümumiyyətlə, müharibədən sonra ermənilər mütəmadi olaraq atəşkəsi pozur, ordumuzun şəxsi heyətinin, mülki əhalimizin təhlükəsizliyini ciddi şəkildə təhdid altında saxlayırdılar. Bütün bunları nəzərə alan Azərbaycan dövləti qətiyyətli addım ataraq peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayının üzərində Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratdı. Bu, hakimiyyətin aliliyinin və nəzarət funksiyasının yerinə yetirilməsinin təmin edilməsi istiqamətində atılan ən ciddi addım idi və II Qarabağ müharibəsindən sonra Azərbaycanın bir güllə belə atmadan əldə etdiyi növbəti tarixi nailiyyət kimi xarakterizə olunur.

Ermənilərin 44 günlük Vətən müharibəsindən dərs çıxarmadıqlarını göstərən növbəti amil isə mina terrorunu ciddi-cəhdlə davam etdirmələridir. Belə ki, rəsmi məlumatlara görə, 2022-ci ildə Kəlbəcər və Laçın rayonlarında piyada əleyhinə 2700-dən çox mina aşkar edilib. Üzərindəki işarələrdən həmin minaların 2021-ci ildə Ermənistanda istehsal olunduğu müəyyənləşib. Yəni onların quraşdırılması 2020-ci ilin Vətən müharibəsindən sonra baş verib və bu bir daha Ermənistanın kapitulyasiya aktında üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyini, başqa sözlə, müharibəni gizli formada davam etdirdiyini göstərir. Mina terroru, o cümlədən Xankəndidə qondarma “Prezident” seçkilərinin keçirilməsi, “Spayka” şousu və digər təxribatlarla, düşmən tərəfi Azərbaycanın 10 noyabr Bəyanatı ilə başlayan bütün sülhsevər təşəbbüslərinə, cəhdlərinə ciddi maneə yaratdı. Beləliklə qarşı tərəfə növbəti humanist dərsin verilməsi – lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsi zərurəti yarandı. Nəticədə, 2023-cü ilin sentyabrın 19-20-də 24 saatdan az bir müddətdə ordumuz separatçı tör-töküntüsünü Qarabağdan birdəfəlik təmizlədi. Separatizmin kökü kəsildi, kitabı əbədi olaraq bağlandı. Bir nəfər belə mülki şəxsə xətər toxunulmadığı əməliyyatla Azərbaycan Ermənistana və onun havadarlarına humanizm dərsi keçdi. Prezident İlham Əliyevin bu il sentyabrın 15-də Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd yaşayış məntəqələrinin sakinləri ilə görüşündə dediyi kimi: 19-20 sentyabr antiterror əməliyyatı onlara dərs oldu və hamıya dərs oldu. Cəmi bir neçə saat davam edən hərbi əməliyyat separatçıların kökünü kəsdi və onların ümid bağladıqları yerlər də səssiz qaldı. Çünki Azərbaycan Ordusu qarşısında heç kim dura bilməzdi, Azərbaycan xalqı qarşısında heç kim dura bilməzdi, ona görə ki, biz haqlıyıq. Bu gün haqlı olduğumuzu bir daha burada sübut edirik. Onlar şəhər və kəndlərimizi yerlə-yeksan etmişdilər, biz isə qurub-yaradırıq”.

Lokal xarakterli antiterror tədbirləri ilə regionda tarixi ədalət bərpa olundu, Xocalı, Xocavənd, Xankəndi və Ağdərədə üçrəngli Azərbaycan Bayrağı dalğalandırıldı. Bu hərbi nailiyyətlə Azərbaycan dövləti uzun illərdən sonra öz ərazi bütövlüyü və suverenliyini tam şəkildə təmin etdi. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı Sərəncamla müzəffər Ordumuzun qızıl hərflərlə yazdığı şanlı tarix əbədiləşdirildi, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, 2024-cü il dekabrın 28-də isə Prezident İlham Əliyevin imzaladığı növbəti Sərəncama əsasən 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan olundu. Bir-birinin məntiqi davamı olan bu iki mühüm dövlət sənədinin müasir Azərbaycanın dövlətçilik tarixində olduqca əhəmiyyətli və xüsusi yeri var. Bu bir daha Azərbaycan xalqının bütün sahələrdə yeni inkişaf tarixinə qədəm qoyduğunu göstərir. Artıq dövlət suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz isə toxunulmazdır.

Lokal xarakterli antiterror tədbirləri 44 günlük Vətən müharibəsindən sonra ölkəmizdə ordu quruculuğu siyasətinin uğurla yeni mərhələyə yüksəldiyini, ordumuzun peşəkarlığının, əsgər-zabitlərimizin döyüş qabiliyyətinin, təcrübəsinin artdığını göstərdi. Bu hərbi nailiyyət, eyni zamanda gənclərimizdə olan vətənpərvərlik ruhunun və xalqımızın həmrəyliyinin növbəti təntənəsinə çevrildi. Ümumilikdə, son 5 ildə regionda cərəyan edən ictimai-siyasi hadisələr göstərdi ki, dövlətimizin siyasi iradəsi, ordumuzun gücü, xalqımızın milli həmrəyliyi, birliyi qarşısında heç bir kənar qüvvə dayana bilməz. Və dayana bilmədi də. Prezident İlham Əliyevin dediyi kimi: Bu gün biz bu gözəl Qarabağ diyarında yığışmışıq. Bunun əsas səbəbi xalqımızın birliyidir və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə almasıdır. Biz bütün dünyaya sübut etmişik ki, güclü xalqıq, iradəli xalqıq, döyüş meydanında da qələbə qazanmışıq, sülhə də hər zaman hazır idik. Amma sülh ədalətli sülh olmalı idi, beynəlxalq hüquq və tarixi ədalət üzərində sülh olmalı idi. Son beş ilin tarixi onu göstərdi ki, heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilmədi”.

Bəhruz MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,

Naxçıvan Dövlət Universitetinin dosenti

Nəşr edilib : 19.09.2025 11:04