NAXÇIVAN :

06 Iyun 2025, Cümə

Sükuta məhkum edilən səs

...

(esse)

Hüseyn Cavidin həbs olunmasından 88 il ötür.

1937-ci ilin qaranlıq repressiya illərində təkcə Hüseyn Cavid deyil, yüzlərlə ziyalı, sənətkar, alim və müəllim susdurulmağa çalışıldı. Onların “günahı” azad fikrə, haqqa və ədalətə sədaqət idi. Lakin zaman göstərdi ki, fikir zəncirlənsə də, məhv olmur; əsl ziyalının işığı unudulmur – Hüseyn Cavid kimi.

1939-cu il iyunun 7 də qələmə aldığı bir yazıda oğlu Ərtoğrol Cavid “Sükutun əks-sədası olurmu?” – deyə sual verir.

Hər əsrin öz sükutu var. Amma elə sükutlar da olur ki, o, əslində, hayqırtıdır – zamanın bağrından qopan, tarixin vicdanına səslənən bir hayqırtı. Hüseyn Cavidin səsi də belə bir sükut içində əbədiləşdi – qandallanmış, amma boğulmamış bir səs kimi.

XX əsrin 30-cu illəri Azərbaycan tarixinin ən faciəli çağları idi. Qələmin qan sayıldığı, sözün təhlükə, düşüncənin xəyanət kimi damğalandığı illər… Repressiya düşünən hər bir beyni susdurmaq üçün hərəkətə keçmişdi. Hədəfdə isə hər bir ziyalının öz xalqı üçün qurduğu gələcək vardı. Və bu gələcəyin memarlarından biri Hüseyn Cavid idi. O, təkcə şair deyildi, bir fikir inqilabçısı idi; maarifin gücünə inanan, insanın kamilliyinə səcdə edən, sönmüş vicdanlara işıq tutmaq istəyən bir ruh sahibi idi. Onun yaradıcılığı ilə tanış olan hər kəs dərk edirdi ki, Hüseyn Cavid adi dramaturq, şair deyil, zamanın fövqünə ucalmış bir mütəfəkkirdir.

1937-ci il...

Bu tarix adi tarix deyil – bir xalqın düşüncəsinin, ruhunun, sözünün boğulduğu qaranlıq bir zamandır. O günlərdə qələm sahiblərinin əlləri qandallandı, dilləri susduruldu, gözləri ümidlə baxmaqdan qorxdu. Bu tarix – Azərbaycanın işıqlı beyinlərinin susdurulma cəhdinin adı oldu. Bu tarixdə Hüseyn Cavidin səsi də, qələmi də, özü də zindana atıldı. O və digər qurbanların “xalq düşməni” elan edilməsi yalnız bir nəfərin taleyini deyil, bir millətin maarifə, mədəniyyətə, azad düşüncəyə olan inamını məhv etməyə yönəlmişdi. Çünki Cavid tək deyildi. Onunla bərabər düşünən, danışan, yazan, xalqı oyatmağa çalışan yüzlərlə ziyalı da həmin məngənənin içində əzildi.

Yüzlərlə evin işığı sönmüşdü – təkcə lampası yox, ümid, ruh, sabah işığı...

Sürgünə gedən ziyalılarımızdan sonra kitablar sahibsiz, fikirlər kölgəli qaldı.

Minlərlə qəlbin içində onlarla birgə bir fəryad doğdu: niyə?! Bəli, o zaman Cavidin səsi susduruldu. Amma bu sükut təslim olmaq deyildi. Bu, bir yaddaşın başlanğıcı idi. Sibirə sürgün edilən Cavid təkcə fiziki olaraq yox edilmişdi. Onun fikri, inamı, sənətə və insana olan sevgisi sürgünə göndərilə bilmədi.

1937-ci ildə millətin gözü qarşısında baş verən bu qələmlə edilən qətliam sonradan nə qədər iz qoydu! Amma tarix də şahid oldu: səssizləşdirilən o səslər bu gün zamanın dərinliklərindən bizə danışmaqdadır.

Sönən Cavidlərin həyatı oldu, səsləri yox.

Çünki o səslər artıq kağızda yaşayırdı. Onların dramlarında, şeirlərində, məktublarında... Sibir soyuğuna düçar olan Cavidin ruhu isti Azərbaycan torpağında bərqərar qaldı. O, oradan susqunluğu ilə danışdı.
Səsi susdu, amma fikri danışdı.

Bu gün geriyə baxanda görürük ki, Cavidin həbsindən daha böyük bir azadlıq doğub. O azadlıq düşünmək azadlığı idi. Çünki hər basdırılan söz, illər sonra cücərib minlərlə söz doğururdu. Hüseyn Cavidin hər bir əsəri bu gün bizə kim olduğumuzu, nə uğrunda susdurulduğumuzu və yenidən necə danışmalı olduğumuzu xatırladır.

Sükuta məhkum edilən səslər...

Bu səs Hüseyn Cavid və bütün repressiya qurbanlarının səsidir. Hər kəsin gözündə kölgə kimi dolaşan o lal fəryad indi Günəşə toxunan bir işıq kimi parlamaqdadır. Əgər Ərtoğrola cavab verə bilsəydim deyərdim ki, tarix sübut etdi: susdurulan səs əgər doğruluqdursa, əks-sədası daha da uca olacaq. Çünki haqqın səsi, əbədi sükutda belə öz yolunu tapır və unudulmaz olur.

Kəmalə İSMAYILLI

Hüseyn Cavidin ev muzeyi

Elmi-kütləvi işlər şöbəsinin müdiri

Nəşr edilib : 04.06.2025 09:10