NAXÇIVAN :

27 Dekabr 2024, Cümə

Su və torpağın qovuşmasından doğulan sənət – ebru sənəti

...

Təbiətin insana bəxş etdikləri ilə insanın yaratdığı möcüzəvi sənət sahələrindən biri ebru sənətidir. Bu sənət sahəsinin ilk dəfə harada yaranması dəqiq məlum olmasa da, tarixi məlumatlara görə XII əsrdə Çində, Yaponiyada ebru sənətinə bənzər işlər görülüb. Daha sonra Çağatay türklərində inkişaf edən bu sənətlə “əbrə” adı ilə məşğul olunub. “Ebru” sözü çağatay dilində “dalğavari”, farsca “bulud” və ya “suyun üzü”, ərəbcə isə “üz üçün su” mənalarını ifadə edir.  Bu sənət, təxminən, XVI əsrdə İpək Yolu vasitəsilə Azərbaycana gəlib. Günümüzə çatan ən qədim ebru nümunəsi 1447-ci ildə hazırlanmışdır və o İstanbulda Topqapı sarayında saxlanılır. Osmanlı imperiyası zamanında bu sənət sahəsindən daha çox dövlət sənədlərində, məktublarda istifadə edilirdi. Burada məqsəd həmin sənədin saxtalaşdırılmasının qarşısının alınması idi. Həmçinin ebru naxışlarından “Qurani-Kərim”in kənarlarının bəzədilməsində, ayələrin yazılmasında istifadə olunub.

Rənglərin su üzərindəki rəqsidir, əslində, ebru sənəti. Bu sənət özündə səbir, diqqət, özünəinam kimi müsbət keyfiyyətləri birləşdirir. Ebru həm də bir elmdir. Burada fizika, kimya, fəlsəfə, psixologiya kimi elmlər birləşir. Ebru rəssamları “ebruzən” adlanır. Bu sənət nümunələri əsrlərlə solmadan, dəyişmədən qala bilir.

Bu sənət nümunələrini yaratmaq üçün ipək və pambıq parça, kağız, keramika, taxta və sair materiallardan istifadə etmək olar. Ölkəmizbu sənətə maraq böyükdür. Xüsusən ebru ilə bəzədilərək hazırlanmış balaca yaylıq nümunələri dolğun rəngləri ilə göz oxşayır və xanımlar tərəfindən çox sevilir.

Ebru sənəti, onun incəlikləri, işlənmə texnikası və sair haqqında geniş məlumat almaq və daha çox bilik əldə etmək üçün işi ustasından öyrənmək lazımdır. Biz də bu səbəblə üz tutduq Naxçıvan Dövlət Universitetinə. Universitetin Təsviri incəsənət müəllimliyi ixtisasının IV kurs tələbəsi İnci Qənbərova bu işin texnikası ilə bizi yaxından tanış etdi. Müsahibim 3 aydır, bu işlə məşğul olduğunu, lakin əvvəldən də bu sənətə xüsusi maraq göstərdiyini söyləyir və bu sənətin sirlərini müəllimi Əzizə Məmmədovadan öyrəndiyini deyir: – Televiziya verilişlərində, telefonda bu sənətlə bağlı videomateriallar, şəkillər qarşıma çıxarkən hər zaman diqqətimi cəlb edir və nə zamansa bu sənətlə məşğul olmağı düşünürdüm və budur, artıq ixtisasımla əlaqədar sevdiyim sənəti icra edirəm. Daha sonra sənətin incəlikləri haqqında danışan gənc ebruzən burada əsas şərtin boyaların düzgün seçilməsi və işin gedişində həmin boyaların tətbiqinin düzgün aparılması olduğunu söyləyir: “Ebru sənəti üçün lazım olan vəsaitlər təknə, özünəməxsus su, boyalar, biz və fırçadan ibarətdir. Fırçalar at quyruğundan və qızılgül budağından hazırlanır. At qılından hazırlanmasına səbəb isə boyanı üzərində saxlamamasıdır. Boyaların tərkibi haqqında məlumat verən müsahibim qeyd edir ki boyalar, əsasən, torpaqdan hazırlanır. Həmçinin boyaların hazırlanmasında öküz ödündən istifadə olunur ki, bu,  əsasən, həm boyanı incəldir, həm də suyun üzərində qalmasını təmin edir. Həmçinin rənglərin bir-birinə qarışmasının qarşısını alır. Adi su qatmaq olmaz. Bu zaman boyalar çürüyə bilər. Bu sənəti icra edərkən əl cəhdlərini təkrarlamaq və cəld olmaq lazım gəlir.

Daha çox çiçək motivləri, naxışlar, daraqlı ebrular təsvir etdiyini söyləyən müsahibim üstünlüyü mavi rəngə verməsinin səbəbini insanda sakitlik və xoş ovqat yaratması, emosional təsir bağışlaması ilə izah edir. İş prosesinin ardıcıllığından bəhs edən müsahibim deyir: – Ebru suyunu təknəyə töküb seçdiyimiz boyadan fırça üzərinə damcıldadaraq bizin köməkliyi ilə fırçadakı boyanı sıçradaraq yenə biz vasitəsilə müvafiq forma veririk. Təsviri bitirdikdən sonra qalın A4 kağızını suda işlənmiş boyanın üzərinə salıb azca gözləyirik ki, boya kağıza hopsun. Daha sonra ehmalca götürüb və qurumağa qoyuruq. Quruma prosesi, təxminən, 3-4 saatı əhatə edir. Sonra isə zövqə uyğun çərçivəyə salırıq. Hər başlanılan ebru uğurla nəticələnmir. Bunun üçün boyaların keyfiyyətli olması mütləqdir.

Gələcək planları içərisində fərdi sərgi təşkil etmək və bu sərgidə qəlbinin, ruhunun dərinliklərindən gələn gözəllikləri sərgiləmək istədiyini bildirən gənc xanıma biz də bu yolda uğurlar diləyirik.

Türkanə ƏSƏDOVA

Nəşr edilib : 10.12.2024 13:15