NAXÇIVAN :

25 Fevral 2025, Çərşənbə axşamı

Su çərşənbəsi

...

Azərbaycan xalqının çoxəsrlik milli-mənəvi dəyərlərini, mədəniyyətini özündə əks etdirən Novruz bayramı qədim tarixə malikdir. Varlığın canlanmasını, ana təbiətin dirilməsini, yeni ilin, yeni günün gəlməsini müjdələyən Novruz bayramına xalqımız Kiçik çillə çıxdıqdan sonra, yəni bayrama bir ay qalmış hazırlaşmağa başlayır. Kiçik çillənin qurtardığı vaxtdan (21, 22 fevral) yazın ilk gününə (21, 22 mart), yəni Novruz bayramına qədər davam edən Boz ay daxil olur. Demək, Boz ay fevralın son on gününü və martın ilk iki on günlüyünü əhatə edir. Qış fəslinin son otuz günü olan Boz ay xalq arasında müxtəlif adlarla səslənməkdədir: “Ağlar-Gülər ayı”, “Ala çillə”, “Bayram ayı” və sair.

Qış fəslinin xalq arasında axırıncı ayı hesab edilən Boz ayın bu cür adlandırılması təsadüfi deyildir. Boz ayda havalar dəyişkən – gah soyuq, qarlı, küləkli, çiskinli, yağmurlu, gah da mülayim olur. İnsanlar Boz ayın soyuqluğuna baxmayaraq, Bahar bayramının gəlişi ilə bağlı hazırlıqlara başlayırlar. Təmizlik, səliqə-sahman, bağ-bostan işləri görülür. Arxlar, çay kənarları təmizlənir, toxumlar saf-çürük edilir. Evlər tökülür, çərşənbələr üçün kol-kos, odun, taxta yığılıb saxlanır.

Boz ayda xalqımız Bahar bayramına qədər böyük təmtəraqla, təntənə ilə dörd çərşənbəni qeyd edir. Ümumilikdə isə onların sayı yeddidir. Bu yeddi çərşənbə “Oğru çərşənbə”lər, “Doğru çərşənbə”lər adı ilə iki yerə ayrılır. Oğru çərşənbələrin sayı üçdür və Kiçik çillə çağına düşür. Oğru çərşənbələr el arasında “Yalançı çərşənbə”lər, “Muştuluqçu çərşənbə”lər, “Müjdəçi çərşənbə”lər də adlanır. Xalqın inamına görə, oğru çərşənbələrdə yazın mülayim nəfəsi oğrunca yer üzünə havaya, suya, torpağa, ağaclara toxunub geri qayıdır. Oğru, yalançı çərşənbələrdən sonra doğru çərşənbələr gəlir. Doğru çərşənbələr də Boz ayı əhatə edir. Doğru çərşənbələrdə gələcək yazın nəfəsi növbə ilə havanın, suyun, torpağın, ağacların canına hopub onları oyadır. Beləliklə, suların donu açılır, torpağın qarı, buzu əriyir, ağaclar oyanmağa başlayır. Axır çərşənbədə (“Baca-baca”) isə ən son yazın nəfəsi canı-qanı olanları – insanları, heyvanları, quşları tərpədir. Bütün canlıların qanı yerindən oynayır. Bütün varlıq canlanır. El arasında buna görə mart ayına qanların oyanan vaxtı da deyirlər.

Qeyd etdiyimiz kimi, Novruzun gəlişini böyük sevinc və səbirsizliklə gözləyən xalq bayramqabağı, bayrama dörd həftə qalmış bu dörd həftənin hər birini, hər çərşənbə axşamını bayram kimi qeyd edir. Çərşənbələrin el arasında müxtəlif adları vardır. Birinci çərşənbə “Su”, ikinci çərşənbə “Od”, üçüncü çərşənbə “Yel” (külək), dördüncü, sonuncu çərşənbə isə “Torpaq” çərşənbəsi adlanır.

Bu çərşənbələr yurdumuzun hər yerində eyni adla adlanmır. Bu çərşənbələr el arasında müxtəlif adlarla səslənməkdədir. Məsələn, su çərşənbəsinə müxtəlif bölgələrdə “Əzəl çərşənbə”, “Kiçik çərşənbə”, “Sular Novruzu” kimi və başqa adlarla da rast gəlmək mümkündür. Təbii ki, çərşənbələrə bu adların verilməsi səbəbsiz deyildir. Belə ki, çərşənbələrə bu tipli adların verilməsi onun məzmunu, mahiyyəti ilə bağlıdır.

“Su çərşənbəsi” adlandırdığımız birinci çərşənbəyə verilən ad da əbəs deyildir. Məlumdur ki, su dirilikdir, su üzü mübarəkdir, su müqəddəsdir. Su təmizliyin, paklığın, sağlamlığın rəmzidir. Bir sözlə, su həyatdır. Tanrının yer üzündə canlılara bəxş etdiyi bu nemətlə ana torpaq canlanır, bar-bərəkət verir. Ulu babalarımız, nənələrimiz Yaradanın bu bəxşişini böyük nemət sayıblar. Onlardan bizə su ilə bağlı çoxlu sayda müqəddəs inam və inanclar, andlar, atalar sözləri, məsəllər, deyimlər yadigar qalıb. Ulularımız düşünüblər ki, torpağın canlanma qaynağı məhz sudur. Bu baxımdan ilk çərşənbəyə “Su çərşənbəsi” adını vermişlər. Çərşənbələrə bu kimi adların verilməsi ata-babalarımızın seçimidir. Bu kimi adların təyini digər çərşənbələrimizə də şamil edilmişdir.

Novruz çərşənbələrində tonqal qalanması, göyə yanar lopalar atılması, bayram süfrələri hazırlanması Azərbaycanda, eyni zamanda onun tərkib hissəsi olan Nuh diyarında qədim el adətidir. Naxçıvan şəhərində, muxtar respublikanın rayon və kəndlərində Novruz bayramı böyük sevgi ilə qeyd edilən çox əziz bayramdır. Novruz bayramına hələ əhali Xıdır Nəbi bayramını yola saldıqdan sonra hazırlaşmağa başlayır.

Qeyd etdiyimiz kimi, bu çərşənbələrin hər birində tonqal qalamaq, yanar odun üzərindən hoppanmaq, bol nemətli bayram süfrəsi açmaq el adətidir.

İlk çərşənbəmiz olan Su çərşənbəsində icra olunan adətlərdən söhbət açmaq istərdim.

Bu çərşənbədə Naxçıvan bölgəsində obaşdan dan yeri sökülməmiş qız-gəlinlər, yaşlılar, cavanlar, uşaqlar axar çay, bulaq başına gedərlər. Suya salam verib, salavat çəkərlər. Elliklə su başında bayramlaşarlar, bir-birini ilk Su çərşənbəsi münasibətilə təbrik edərlər. Çərşənbə suyundan içərlər. Əl-üzlərini, pal-paltarlarını yuyarlar. Boş qablarını doldurarlar. Sonra da həmin sudan gətirib evlərinin künc-bucağına, həyətlərinə, meyvə ağaclarına səpərlər. Həmçinin gətirdikləri çərşənbə suyundan evdə xəstə olanlara, niyyəti, arzusu kam olanlara içirdərlər ki, şəfa tapsınlar. İlk çərşənbə suyundan mal-qaralarına, qoyun-quzularına da içirdərlər ki, sağlam olsunlar. Qadınlar ilk çərşənbə suyundan çörək bişirmək üçün maya da (xəmirə) hazırlayarlar ki, illik ruziləri bol olsun.

Su çərşənbəniz mübarək olsun! Suyunuz axar olsun, su kimi ömrünüz olsun. Su kimi aydınlıqda olasınız.

Gülnurə ABBASOVA

Kəngərli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

Nəşr edilib : 24.02.2025 23:54