Su təsərrüfatının modernləşdirilməsi: qlobal prob...
20:35 16.01.2026
0
0
1
NAXÇIVAN :
16 Yanvar 2026, Cümə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasını, dövlət idarəçiliyində prioritet istiqamətləri və milli maraqlara əsaslanan siyasi xətti aydın şəkildə ifadə edir. Müsahibədə səsləndirilən fikirlər Azərbaycan dövlətinin mövcud reallıqlara əsaslanan, praqmatik və uzunmüddətli hədəflərə hesablanmış siyasət yürütməkdə qətiyyətli olduğunu bir daha göstərir.
Dövlət başçısı çıxışında ölkədə həyata keçirilən islahatların mahiyyətinə toxunaraq idarəetmədə səmərəliliyin artırılmasının əsas məqsəd olduğunu vurğuladı. Qərarların vaxtında qəbulu, icra mexanizmlərinin təkmilləşdirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətləri kimi qeyd edildi. Paytaxt Bakı ilə bağlı səsləndirilən məsələlər şəhərin müasir urbanizasiya tələblərinə uyğun inkişaf etdiyini göstərir. Nəqliyyat infrastrukturunun yenilənməsi, ictimai nəqliyyatın təkmilləşdirilməsi, ekoloji tarazlığın qorunması və şəhər mühitinin planlı şəkildə qurulması paytaxtın dayanıqlı inkişafına xidmət edir.
Enerji sahəsində Prezident İlham Əliyev Azərbaycanın etibarlı tərəfdaş və regional enerji təhlükəsizliyində mühüm rol oynayan ölkə olduğunu qeyd edib. Neft və qaz resurslarından səmərəli istifadə ilə yanaşı, bərpa olunan enerji layihələrinin icrası Azərbaycanın enerji strategiyasının əsas tərkib hissəsi kimi dəyərləndirilib.
Müsahibədə milli-mənəvi dəyərlərin qorunması məsələsi də xüsusi vurğulanıb. Azərbaycan dilinin saflığının qorunması, onun dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi və xaricdə yaşayan soydaşlarımızın ana dilində təhsil imkanlarının genişləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi təqdim olunub. Bəli, təhsil və kadr hazırlığı sahəsində aparılan islahatlar ölkənin intellektual potensialının artırılmasına yönəlib. Elm və təhsilin inkişafı, müasir idarəetmə bacarıqlarına malik kadrların yetişdirilməsi və gənclərin dövlət idarəçiliyinə cəlb edilməsi uzunmüddətli inkişaf strategiyasının əsasını təşkil edir.
Müsahibədə də qeyd olunduğu kimi, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri postmünaqişə dövründə Azərbaycanın əsas prioritetlərindən biridir. Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan yeni idarəetmə yanaşmaları və infrastruktur layihələri həmin ərazilərin ölkənin sosial-iqtisadi həyatına reinteqrasiyasını sürətləndirir.
Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan dövlətinin sabitliyə, davamlı inkişafa və milli maraqlara əsaslanan siyasətinin ardıcıl şəkildə həyata keçirildiyini bir daha təsdiqləyir. Bu siyasi kurs ölkənin möhkəmlənməsinə, vətəndaş rifahının yüksəldilməsinə və Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsinə xidmət edir.
Xəzəngül Orucova
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər