NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Söz mülkünün Şəhriyarı Xaqani Şirvani haqqında poema

...

Naxçıvanlı şairin Xaqani Şirvani haqqında poeması nəşr edilib

Bu il yanvarın 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev böyük Azərbaycan şairi Xaqani Şirvaninin anadan olmasının 900 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncamda deyildiyi kimi, “Xaqani Şirvani Azərbaycan ədəbiyyatı və mədəniyyətinin qızıl dövrünün ümumbəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi nəhəng simalardandır”. Azərbaycan ədəbiyyatının zənginləşməsində böyük xidmətləri olan sənətkarın obrazı bədii ədəbiyyatımızda həmişə diqqət mərkəzində olmuşdur. Belə əsərlər arasında Naxçıvan ədəbi mühitinin qiymətli nümayəndəsi, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi, şair Asim Yadigarın “Xaqani” poeması da yer alır. Müəllifin 2010-cu ilin yanvar ayından başlayaraq üzərində işlədiyi “Xaqani” poeması 2019-cu ildə tamamlanaraq 2020-ci ildə nəşr edilmişdir. Müəllif ölkə başçısının Sərəncamını və əsərə olan bədii marağı nəzərə alaraq 2026-cı ildə poemanı yenidən nəşr etdirmişdir.

Əsər proloq, on üç fəsil və epiloqdan ibarətdir. Poemanın hər bir bölməsi, hissəsi böyük ustad Xaqaninin sözlərindən epiqrafla başlayır. Əsərin proloq hissəsində böyük Azərbaycan şairi, “şeiriyyətin bayraqdarı”, qəsidə ustadı, söz dühası Xaqaninin ictimai məzmun və humanist səciyyə verilmiş misralarından axan kədər, təəssüf hissləri diqqəti cəlb edir:

Sözümdən qəm süzülür ağlayan kamanımdır,

Özüm də bir kamanam, sızlayan zamanımdır.

Pənbə-pənbə ucalan o ağ buludlar ki var,

Göy üzünü bürüyən ahımdı, amanımdır...

Müəllif bu sözlərlə Xaqanini bir üsyankar şair kimi dövrünün, zamanının kədər və qayğı aynası olduğunu ümumiləşdirmişdir. Bu həm də bir şairlə dövranının mübarizəsi, ziddiyyəti, qarşıdurması kimi də maraq oyadır, oxucunun əsərə nüfuzuna zəmin hazırlayan və ilk təəssürat oyadan bir bədii manera rolunu oynayır. Çünki bu böyük ustad öz yaradıcılığında dövranının ictimai-siyasi məzmununu əks etdirməyə qabil olan ilk şeir-sənət dahisi idi. Ədəbi-tarixi şəxsiyyət olaraq Xaqani Şirvani yaradıcılığında təkcə dövrün problemlərini əks etdirməmiş, həm də zülmə boyun əyməyən əzm, iradə və zehniyyət nümunəsi olaraq misraları ilə döyüşkənlik və üsyankarlıq nümunəsi göstərmişdir. Müəllif Asim Yadigar da proloqun sonuna doğru özünü Xaqani irsinin davamçısı olması ilə qürur duyduğunu ifadə edir, sanki ənənəvi poema janrının tələbi kimi əsərinin yazılma səbəbini göstərir.

Birinci fəsildən başlayaraq on üçüncü fəslə qədər əsər Xaqaninin şəxsiyyəti, istedadı, şairlik qüdrəti, yaşantıları, ömür yolu, tale və qisməti və s. bütövlüklə özündə əhatə etməyə çalışır. İstedadlı şairin doğuluşundan başlamış əmisi Kafiəddin Ömərin onu tərbiyəsi, verdiyi təhsil, şairin Əbül Üla ilə tanışlığı və ona şagirdlik etməsi, Şirvanşahlar sarayına düşməsi, istedadının parlaması, sarayda qarşılaşdığı problemlər, Şirvanşah Mənuçöhr və oğlu Axsitanın şairə olan münasibəti, gördüyü mükafatlar və acılar, həbslərdəki əhvalı, yaşam çırpıntıları, qayğıları, hamısı ümumiləşdirilməyə çalışılmış və şairin çox canlı bir obrazı yaradılmışdır.

Doğrudur, əsərdə oxucunun əvvəlcədən haqqında müəyyən təəssüratı yaranmış söz ustadı Xaqaninin bir xarakter, qüdrətli söz ustadı kimi həyatı və taleyinin təfərrüatları əks olunmayıb. Əlbəttə, bu, müəllif Asim Yadigarın qəlbən sevdiyi, ürəkdən bağlandığı bir şairin şəxsi təxəyyülünün işığında canlandırdığı obrazının yaradılması ilə əlaqədardır. Poemanın canlandırdığı Xaqani böyük söz kəhkəşanında günəş kimi parlayan, ildırım kimi çaxan, tufan olub dünya ilə, dövran ilə, gedişat ilə cəngi-cədələ çıxan bir söz dühasını, xarakteri, obrazı əks etdirir. Oxucu poemada zülmlə mübarizəyə qalxmış nəhəng bir söz adamının həyatı və taleyi ilə tanış olur. Bu taleyin işığında konkret bir dövr, ictimai-siyasi mühit, ədəbi inkişaf, mədəni vəziyyət təzahürünü tapıb. Xaqaninin söz dühası və nəhəngliyini daha qabarıq təqdim etmək, onun mübarizliyi və qətiyyətini göstərmək üçün müəllif Xaqani kimi söz sənətkarını əzməyə çalışan, onu tez-tez cəzalandıran, ona kədər, acı verən, zülm edən saray mühitini təqdim edir. Buna görə də üçüncü fəsildən başlayaraq zalım və ədalətsiz saray mühiti ilə Xaqaninin qətiyyətli mübarizəsi öz əksini tapır. Xaqani Şirvanşah Mənuçöhrdən, onun oğlu Axsitandan gördüyü zülmü sakitcə qarşılamır, əksinə, bir şairin göstərə biləcəyi və aparacağı mübarizə forması ilə tam qətiyyət və mübarizə nümunəsi ortaya qoyur. Buna görə də əsər boyu oxucu zülmə və zalıma qarşı od püskürən, qəzəb yağdıran üsyankar şair ruhunu – zülmə boyun əymək istəməyən Xaqanini görə bilir. İctimai düşüncə və ədəbiyyat tarixində daha çox ictimai məzmunlu əsərləri, üsyankar ruhu və qətiyyətli mübarizəsi ilə sevilən və yaddaqalan Xaqani Şirvanini poemada görmək mümkün olur. O öz qətiyyətli mübarizəsi və üsyankar təbilə “Yer Allahlarına” qarşı etirazını bildirir, onların həddi bilinməyən zülmünə və özbaşınalığına üsyan edir.

Müəllif Asim Yadigar əsərdə çox sevdiyi və hörmət duyduğu Xaqani Şirvanini idealizə etmir, bəlkə də, daha çox ictimai-ədəbi düşüncədə onun haqqındakı mövcud ziddiyyətli düşüncənin məzmunundan irəli gələrək onu bir şəxsiyyət olaraq izah etməyə, bütün ziddiyyətləri ilə ortaya qoymağa, yanlışı-doğrusu ilə və əlbəttə, yalnışlarını səbəbləri ilə təqdim etməyə çalışır. Müəllif müəyyən məqamda Xaqaninin sonralar nifrət və qəzəb duyduğu saraylara mədhiyyəçilik etməsini onun gənclik ehtirası və şöhrət həvəsi ilə bağlayırsa, əslində, zalım olanın müəyyən vaxt mərhəmətli olduğuna inanması ilə əlaqələndirirsə, sonralar şairin bu mədhiyyəçiliyinin zülmə, zalıma tabe olması, boyun əyməsilə əlaqələndirərək şair haqqında gerçək, inandırıcı bir obraz, təəssürat yaratmaq istəyir. “Zəmanə mum eylədi, əydi çox üsyankarı”, “Əyilməyən poladı sındırırlar bir anda, Gör nə qədər dik başlar əyildi bu zamanada” kimi misralar, ümumiyyətlə, zaman və şəxsiyyət, şair və ictimai mühit problemini daha çox qabardır. Bu cəhətdən hər iki obyekti tənqid zamanı qarşılıqlı münasibətlərə, real vəziyyətə nəzər salmanın vacibliyini ehtiva etmiş olur.

Bu misralar həm də hər cür ziddiyyətli, mürəkkəb, hətta qəddar ictimai şəraitə və onunla münasibətdə olan insana – şəxsiyyətə obyektiv nəzər salmağı təlqin edir. Poemanın bu tərzi bizi təkcə Xaqani ilə zamanını deyil, ümumiləşdirmə sayəsində Vaqifi və zamanını, Hüseyn Cavid və zamanını, Səməd Vurğun və zamanını və b. kimi oppozisiyalar daxilində aydın qavrayışa, düzgün ədəbi-ictimai təhlilə dəvət etmiş olur. Bu oppozisiyalar daxilində oxucunu dövrü qəddar və amansız olan bir şəraitdə şairinə obyektiv baxmağa dəvət etdiyi kimi, şairi yaltaq, qorxaq və mədhiyyəçi olan dövrə də doğru yanaşmağı təlqin etmiş olur. Bu baxımdan, müəllif hər cür çalışır ki, Xaqani haqqında oxucuda obyektiv, aydın, qərəzsiz təəssürat yaranmış olsun: oxucu dövrü, zamanı da, onun şairini, şəxsiyyətini də qarşılıqlı münasibətdə necə varsa, o cür qavraya bilsin. Bu mənada, poemada ustad Xaqaninin “İstəmirəm adımı çağırsınlar Xaqani, Mən yoxsullar şairi Xəlqaniyəm, Xəlqani” misrası da özünəməxsus dəyişimlə istifadə edilmişdir:

Deyirəm daha məni çağırmayın Xaqani,

Mən yoxsullar şairi Xəlqaniyəm, Xəlqani!

Poemada taleyin Xaqaniyə qarşı acımasızlıqları da unudulmayıb. Giley-güzar, şikayət və kədər dolu şeirlərinin təsiri ilə müəllif şair Xaqaninin övladlarının (oğlu və qızının) itkisindən doğan sonsuz ata kədərini də bütün poetik qüvvətilə əks etdirib. Əsərdə müəllif xüsusi bədii zərurətlə Xaqani Şirvaninin dövrünün gənc və istedadlı şairi Nizami Gəncəvi və aralarında eşq münasibətləri yaşanmış Xaqanın bacısı İsmətəddinlə görüşlərini ayrıca fəsillər daxilində təqdim etmişdir.

Poemanın epiloqu da maraq doğurur. Məşhur “Şairlər qəbiristanlığı”ndan (Məqbərətüş-şüəaradan) bəhs edən, burada onlarla Azərbaycanın söz dühasının uyuduğunu bildirən poema müəllifi vaxtilə “söz mülkünün şəhriyarı” kimi böyük şöhrət qazanmış Xaqani Şirvaninin də məzarının burada olduğunu və bu müqəddəs məkanda uyuduğunu özünəməxsus poetik həssaslıqla ifadə edir. “O, sözünün önündə diz çökdürdü zamanı, Sözüylə Günəş kimi gəzdi bütün cahanı. ...Şeirləri Günəştək dünya gəzir, dolanır, Cahan onun sözünün işığına boyanır”, – deyə yazan Asim Yadigar bu kimi misraları ilə bir tərəfdən ədəbiyyat tarixində Xaqaninin qazandığı hörmət və etibardan bəhs edir, eyni zamanda özünün Xaqani kimi ustad bir şairə olan sonsuz məhəbbət və ehtiramını ifadə etmiş olur.

Ümumiyyətlə, poema xaqanişünaslıq üçün xüsusi əhəmiyyəti olan bir əsər olaraq dəyərləndirilə bilər. Xaqani haqqında geniş təfərrüata yol vermədən onun sənətinin əsl məziyyəti və qüdrətini poetik ifadəyə çevirən şair Asim Yadigar sözü və şəxsiyyətilə zülm və istibdad dolu geniş ictimai qüvvələrə, hakimlərə və hakimiyyətə qarşı üsyankar etirazı və mübarizə ruhu əxz edən qəzəbilə döyüş açan mərdanə bir şairin obrazını yaratmışdır. Bu davranış nə qədər həyatı saray adamlarına mədhiyyələr yazmaqla keçən bir şairin gerçək həyatına, tərcümeyi-halına uyğun olmasa da, yanlışlarına nifrin və qəzəb yağdırıb özünü arındıran, əsərlərinin bir çoxunu ictimai eybəcərliklərə, zülmə, şərə qarşı mübarizə və üsyana həsr edən qüvvətli şairin əsl, yaddaqalan simasını ortaya qoymuşdur. Məhz bu Xaqani Xəlqanilik ruhunu özündə ehtiva edən, şairlik vəzifəsini ləyaqətlə təmsil və əks etdirən bir şəxsiyyət, söz ustadı, xalqın sevdiyi şəxs olaraq təzahür tapır. Müəllif o Xaqaninin obrazını yaradır ki, sözü hələ XII əsrdə hər cür zülm və istibdada qarşı, azadlıq əleyhdarlarına qarşı ildırım kimi çaxır, tufan kimi tozanaq qoparır, zülmü, sitəmi, məhrumiyyət və məhkumiyyəti ortadan qaldırmağa cəhd edirdi.

Əsər həm də böyük bir insanın obrazını yaratmaq baxımından da bütün dövrlər üçün özünə əhəmiyyət qazanmaqla böyük maraq və diqqət oyandırır. Poemanın Azərbaycan ədəbiyyatı tarixində Xaqaniyə həsr olunan əsərlər arasında qəti və xüsusi bir yerə malik olduğunu da məmnuniyyətlə deyə bilərik. Bu əsər bütün oxucu kütləsinin maraq dairəsinə uyğun yazılmışdır. Beləliklə, poema Xaqani kimi söz ustadına həsr olunmuş bədii əsərlər arasında bütün ədəbi-bədii məziyyətlərinə görə ləyaqətlə təmsil olunur. Bu lirik-epik poemanın geniş oxucu kütləsinin zövqünü oxşayacağına, maraq dairəsini yaxşı mənada istila edəcəyinə tam əminlik ifadə edə bilərik.

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

filologiya elmləri doktoru, dosent

Nəşr edilib : 08.04.2026 17:11