NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Səyyar Gənclər Xidməti Naxçıvanda öz işini yekunlaşdırıb

...

19 sentyabr tarixində Naxçıvan Muxtar Respublikasında start götürən Səyyar Gənclər Xidməti 7 inzibati rayon üzrə fəaliyyətini yekunlaşdırıb.
Məqsəd dövlət gənclər siyasətinin gənclər üçün yaratdığı xidmət və proqramların ucqar kəndlərdə yaşayan gənclərin də əlçatanlığının artırılması, gənclər siyasəti ilə bağlı maarifləndirmə, eləcə də gənclərin sosial aktivliyinin dəstəklənməsi, asudə vaxtlarının səmərəli təşkili və onların bilik, bacarıq və dünyagörüşünün genişləndirilməsinə yönəlmiş tədbirlər təşkil etmək olan layihə 26 sentyabradək Şərur, Şahbuz, Sədərək, Babək, Ordubad, Kəngərli və Culfa rayonlarını əhatə edib.
Layihə çərçivəsində 7 gün müddətində gənclər üçün sahibkarlıq fəaliyyətinin təşviqi, gənclərin regionlarda məşğulluğunun təmin edilməsi, o cümlədən cəbhə xəttinə yaxın ərazilərdə fəaliyyət göstərməsinin təşviqi və stimullaşdırılması, startapçılar və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, kənd təsərrüfatının idarə olunması sahəsində bilik, bacarıq və vərdişlərinin inkişafı məqsədilə görüşlər, gənclər siyasəti, şəxsi inkişaf və karyera quruculuğu istiqamətində sessiyalar, robototexnika, rəsm çəkmə, 3D printer və qələm tətbiqi şəbəkə sənəti üzrə master-klaslar, həmçinin şəxsi anketin (CV) yaradılması xidməti təşkil edilib.
Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlığı ilə tədbir keçirilən ərazidə kənd təsərrüfatı sahəsində məlumatlandırıcı sərgi stendləri qurulub, gənclərə baramaçılıq, bitkiçilik və digər istiqamətlərdə geniş məlumatlar verilib.
Bunlarla yanaşı, layihədə nəzərdə tutulmuş yarış və oyun proqramları çərçivəsində gənclər arasında Azərbaycan xəritəsinin pazl lövhə üzərində qurulması yarışı, stolüstü futbol və darts oyun çempionatı baş tutub.
Ümumilikdə, 7 gün ərzində gənclər üçün 28 təlim, 42 master-klas, 84 oyun təşkil olunub və nəticədə, 1100 gənc xidmətlərdən yararlanıb.
2024-cü il ərzində 2 ay boyunca Azərbaycan ərazisində xidmət göstərən layihə 17 şəhər və rayonda keçirilib və oktyabr ayından etibarən yeni səfərlərə start verilməsi planlaşdırılır.
Ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasına əsasən bu il  gənclərin ekoloji məlumatlılığını, həmçinin ətraf mühitin qorunması sahəsində bilik və fəallıqlarını artırmağa yönələn Səyyar Gənclər Xidməti Azərbaycan Respublikasının Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” İctimai Birliyi tərəfindən icra olunur.

Nəşr edilib : 01.10.2024 17:54