NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

Şeyxülislam Allahşükür Paşazadə Rus Pravoslav Kilsəsi Patriarxının nümayəndə heyəti ilə görüşüb

...

Moskva və Bütün Rusiya Patriarxı Kirillin xüsusi tapşırığı əsasında Azərbaycanda səfərdə olan Rus Pravoslav Kilsəsi Patriarxının nümayəndə heyəti avqustun 26-da Qafqaz Müsəlmanları İdarəsində (QMİ) olub.

Rus Pravoslav Kilsəsinin Xarici Əlaqələr şöbəsinin sədri Mitropolit Antoninin rəhbərlik etdiyi nümayəndə heyəti Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb. Tədbirdə ölkəmizdə fəaliyyət göstərən dini konsessiyaların rəhbərləri, VI çağırış Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycan-Rusiya əlaqələrinin çox möhkəm olduğunu və tarixi köklərə əsaslandığını bildirib. Vurğulayıb ki, ölkələrimizi həm də siyasi, iqtisadi və mədəni sahələrdə sıx əməkdaşlıq əlaqələri bağlayır.

Azərbaycan ilə Rusiya arasındakı münasibətlərdən danışan şeyxülislam Allahşükür Paşazadə Rusiya Prezidenti Vladimir Putinin bu yaxınlarda ölkəmizə səfərinin əlaqələrimizin yeni və yüksək mərhələyə keçməsində rolunu qeyd edib. “Azərbaycanda müxtəlif dini konsessiyalar fəaliyyət göstərir. Biz bir ailəyik. Bu ailənin hər bir üzvü özünü doğma evində hiss edir. Çünki Azərbaycan tolerant ölkədir və müxtəlif dinlərdən olan xalqlara, insanlara eyni səviyyədə hörmət göstərilir, onların hüquqları qorunur”, - deyə A.Paşazadə vurğulayıb.

Azərbaycan-Ermənistan münasibətlərinə də toxunan QMİ sədri dini rəhbərlərin də üzərinə məsuliyyət düşdüyünü, onlara münaqişə və müharibələrin alovlandırılmasında deyil, söndürülməsində maraqlı olmalarını tövsiyə edib. Bildirib ki, Ermənistan kilsəsi münasibətləri normallaşdırmaqda deyil, qızışdırmaqda maraqlıdır və bu da təəssüf doğurur.

Sonra çıxış edən Rus Pravoslav Kilsəsi Patriarxının nümayəndə heyətinin rəhbəri, Rus Pravoslav Kilsəsinin Xarici Əlaqələr şöbəsinin sədri Mitropolit Antoniy QMİ sədrinin səmərəli fəaliyyətindən məmnunluğunu ifadə edib. M.Antoniy şeyxülislamı ad günü münasibətilə təbrik edərək, onun din-dövlət münasibətlərinin yüksək səviyyədə aparılması, tərəqqi və əmin-amanlıq naminə səylərini yüksək qiymətləndirib.

O, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin şeyxülislam Allahşükür Paşazadəyə ad günü münasibətilə ünvanlandığı təbrik məktubunu oxuyub.

M.Antoniy, həmçinin QMİ sədrini Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin adından Kiyev, Moskva və bütün Rusiya mitropoliti müqəddəs Aleksiy ordeni ilə təltif edib.

Nəşr edilib : 26.08.2024 18:33