NAXÇIVAN :

21 Dekabr 2024, Şənbə

“Sevdası Vətən olanlar”

...

Bu günlərdə “Naxçıvan Qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri “Şərq qapısı” qəzetinin müxbiri Ramiyə Əkbərovanın “Sevdası Vətən olanlar” adlı kitabını müəllif hədiyyəsi kimi qəbul edərək birnəfəsə oxudum. Oxudum və bəyəndim. Açıq deyək ki, şəhid mövzusunda yazmaq hər qələm sahibinin işi deyil. Şəhidlərdən yazmaq üçün mənən onlarla döyüş yolu keçməli, hiss-həyəcanını duymalı, Vətən sevgisini yaşamalısan. Çətindir, lakin şərəflidir.

Bu mənada, Ramiyənin qələmə aldığı kitab hər bir oxucu üçün qiymətlidir, dəyərlidir. Kitabın titul vərəqində qeyd olunduğu kimi, “Yüz illər sonra da Qarabağda hər doğan Günəş də, gecənin zülmətini nura qərq eləyən Ay da onları xatırladacaq hər kəsə”.

Kitabda Qarabağ döyüşlərində şücaət göstərmiş və qəhrəmancasına şəhid olmuş oğullarımız barədə yazılıb. Burada bir sıra şəhid ailəsinin, döyüşçü yoldaşlarının, dostlarının, onları tanıyanların şəhidlərimiz barədə xatirələri qələmə alınıb, onlar şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu barədə təəssüratlarını oxucularla bölüşüblər.

Prezident, Müzəf­fər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Zəfər tariximizin 44 günlük salnaməsini qanları ilə yazan igid əsgər və zabitlərimizin döyüş yoluna həsr olunmuş bu kitabın gənclərin hər­bi-vətənpərvərlik tərbiyəsində önəmli rol oynayacağına şübhəm yoxdur. Bu ki­tabın özünəməxsusluğu ondadır ki, bura­da adıçəkilən hər bir şəhidin və qazinin ömür yolu, qalib əsgər kimi formalaşdığı uşaqlıq illəri və həyatlarının ibrətamiz məqamları öz əksini tapıb. Kitabda 2020-ci ildə və sonrakı 3 ildə Qarabağın azadlığı uğrunda qəhrəmanlıq göstərən Şərur və Sədərək rayonlarından olan şəhidlər haqqında yazılar yer alıb. 

Belə əsərlərin əsas məramı şə­hidlərimizin adlarının əbədiləşdirilməsi, onların şərəfli döyüş yolunun və vətənpər­vərlik nümunəsinin gələcək nəsillərə çat­dırılmasıdır. Müəllif bunun öhdəsindən uğurla gəlib.

Bütün yazarların, qələm sahiblərinin şəhid və qazilərimiz qarşısında böyük mənəvi borcu var – onların qəhrəman­lıqlarını əbədiləşdirmək və gələcək nəsil­lərə çatdırmaq borcu. Ramiyənin bu kitabı 43 qəhrəmana mənəvi borcunun bir qismidir. Bu sətirləri yazmaq üçün əsl qələm sahibinə xas olan istedada malik olmalısan: “Bu gün daha qürurludur bu bayraq, ay-ulduzu şölə saçır, çünki o, bütöv Vətən olub daha. Çünki o, Şuşa qalasında, Xankəndidə dalğalanır daha. Çünki o, şəhid oğulların bəy paltarı, zəfər bayrağı olub daha”.

“Heç zaman sönməyən Günəşsən, türkün qadını” essesi Azərbaycana igid oğullar bəxş edən şəhid analarına olan borcunun ifadəsidir. Müəllif üçün xoşbəxt o insandır ki, Allahın imtahanından layiqincə çıxır və Ona nə qədər sadiq bir bəndə olduğunu sübut edir. Öz ölümü bahasına belə olsa... Əslində, bu amallar uğrunda ölmək ölümlərin ən şərəflisidir və bu ölüm yaşamaqdan min qat faydalı, insanlara haqq-ədalət uğrunda mübarizənin nə qədər şərəfli olduğunu anladır. Şəhidlər şərəf, qeyrət, ucalıq zirvəsidir, Şəhidlər azadlığın od-şimşək zərrəsidir. Şəhidlər tarixləşən – istiqlal türbəsidir, şəhidlər şimşək kimi buludlar saxlamazlar. Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!

Ramiyə həm də bir Azərbaycan qadını, zabit yoldaşı olaraq çalışıb ki, qələmə aldığı bu kitabda Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi və suverenliyi uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsi ehtiramla yad edilsin və bu həqiqətləri yetişən və yetişməkdə olan nəsillərə əmanət olunsun. Bunlar bizim sahib çıxacağımız ən dəyərlilərimizdir. Onlar bizim qürurumuz, fəxrimiz, güvənc yerimiz, hamımızın – bütün millətimizin başucalığıdır.

Ümid edirəm ki, şəhidlərimiz haqqında ailələrinin xatirələrindən bəhs edən bu kitabı hər bir oxucuda qürur hissi oyadacaq.

Hüseyn ƏSGƏROV

yazıçı-publisist

Nəşr edilib : 19.12.2024 15:55