NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Şərurda bələdiyyə sədrləri və üzvləri üçün təlim keçirilib

...

Oktyabrın 10-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin birgə təşkilatçılığı  ilə Şərur rayonunda “Əhalinin yerli vergi öhdəlikləri və vergilərin ödənilməsinin bələdiyyələrin formalaşmasına təsiri” mövzusunda Şərur, Kəngərli və Sədərək rayonu üzrə fəaliyyət göstərən bələdiyyələrin sədr və üzvləri üçün təlim keçirilib. 
"Şərq qapısı" xəbər verir ki, tədbiri giriş sözü ilə Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Sahib Qurbanov açaraq təlimin məqsədi, mahiyyəti və əhəmiyyəti barədə məlumat verib. 
Sonra Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı Famil Həsənov “Yerli vergilər və ödənişlərlə bağlı qanunvericiliyin tələbləri”, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin  əməkdaşları Xəyal Eyvazov “Kənd təsərrüfatı torpaqlarının təyinatı üzrə istifadə edilməsi və mühafizəsi” və Təbriz Eyvazlı isə “Bələdiyyələrdə arxiv işinin düzgün təşkil olunması ilə bağlı qanunvericiliyin tələbləri” mövzusunda çıxış ediblər. 
Çıxışlarda yerli vergilər, yerli vergilərin hesablanması və yığılması qaydası haqqında qanunvericilikdən irəli gələn məsələlərdən danışılıb, yerli vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların, hesablanmış faizlərin məcburi qaydada alınması və maliyyə sanksiyalarının tətbiq edilməsi ilə bağlı bələdiyyələrin səlahiyyətləri diqqətə çatdırılıb.
Təlimdə kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə qaydaları və şərtləri haqqında qanunvericiliyin tələbləri barədə məlumat verilib, bələdiyyə mülkiyyətində olan torpaqlardan səmərəli istifadə olunması və onların mühafizəsinə nəzarət etmək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətlərindən biri kimi müəyyənləşdirildiyi bildirilib. 
Vurğulanıb ki, Ədliyyə Nazirliyi tərəfindən müntəzəm olaraq bələdiyyə işinin təşkili, bələdiyyə aktlarının qəbulu, iclas protokollarının düzgün tərtibatı, bələdiyyələrdə kargüzarlıq, arxiv, sənəd dövriyyəsi işinin təşkili və şəffaflığın təmini məsələlərini əhatə edən müxtəlif tövsiyələr də verilir.  
Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Nəşr edilib : 10.10.2024 18:03