Son iki gündə 76 cinayətin açılması təmin olunub...
11:41 27.07.2026
0
0
0
NAXÇIVAN :
27 Iyul 2026, Bazar ertəsi
44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə beynəlxalq siyasi gündəmdə mühüm yer tutan Zəngəzur dəhlizi mövzusu siyasətçilərin, investorların, eləcə də bu istiqamətdə araşdırmalar aparan alim və jurnalistlərin diqqət mərkəzindədir.
Bu baxımdan, ötən həftə Türkiyənin nüfuzlu “Eğitim Yayınevi” nəşriyyatında işıq üzü görən “Zengezur koridoru’nun ulusal, bölgesel ve küresel etkileri (Cilt 1)” (“Zəngəzur dəhlizinin milli, regional və qlobal təsirləri”, I cild) adlı kollektiv monoqrafiya xaricdə bu mövzuya həsr olunmuş ilk irihəcmli elmi tədqiqat əsərlərindən biri kimi diqqəti cəlb edir.
Dosentlər Alpaslan Alpaslanoğlu və Polad Əliyevin elmi redaktorluğu ilə hazırlanan 236 səhifəlik kitabda 12 müəllifin 9 elmi araşdırması toplanıb. Nəşrin ön sözünün müəllifi Azərbaycan iqtisadiyyatı üzrə tədqiqatları ilə tanınan türkiyəli alim, professor Kərəm Karabuluddur.
Monoqrafiyada Zəngəzur dəhlizinin Azərbaycan və Türkiyə arasında iqtisadi, mədəni və geostrateji əlaqələrin inkişafına verəcəyi töhfələr, turizm, ticarət, enerji, logistika, təhlükəsizlik, maliyyə və investisiya sahələrinə mümkün təsirləri geniş şəkildə təhlil edilir. Xüsusilə Qars-İğdır-Naxçıvan dəmir yolunun perspektivləri, dəhlizin strateji əhəmiyyəti və Naxçıvanın bu prosesdə rolu ayrıca araşdırma mövzusu kimi təqdim olunur.
Kitabda Malatya Turqut Özal Universitetinin dosenti Sibel Bilkay, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimi Mehdi Bağırov, İğdır Universitetinin dosenti Polad Əliyev, professor Elnur Hasan Mikail, dosent Hakan Çoran, Naxçıvan Dövlət Universitetinin dosenti Əli Cabbarov, dosent Özlem Sökmen Gürçam, dosentlər Aslıhan Iğdır Akaras və Emrah Konuralp, dosent Güven Korkut, dosent Selçuk Gürçam və dosent Alpaslan Alpaslanoğlunun Zəngəzur dəhlizinin nəqliyyat, geosiyasət, enerji təhlükəsizliyi, turizm, dövlət maliyyəsi, ətraf mühit və regional inteqrasiya aspektlərini əhatə edən elmi məqalələri yer alıb.
Mütəxəssislərin fikrincə, bu nəşr gələcək tədqiqatlar üçün mühüm elmi mənbələrdən biri olacaq. Monoqrafiyada Zəngəzur dəhlizinin tarixi əsasları, təbii və tarixi-mədəni potensialı, siyasi və iqtisadi əhəmiyyəti, logistika imkanları, eləcə də regional və qlobal sülhə verə biləcəyi töhfələr geniş şəkildə araşdırılıb.
Kitabın elektron (PDF) versiyası “Eğitim Yayınevi” nəşriyyatının rəsmi internet səhifəsində oxucular üçün əlçatandır.
Əli CABBAROV
Naxçıvan Dövlət Universitetinin dosenti
Digər xəbərlər