NAXÇIVAN :

27 Iyul 2026, Bazar ertəsi

Uğurlu xarici siyasət, genişlənən diplomatik əlaqələr

...

Naxçıvandan dünyaya

Heydər Əliyev siyasi kursunun davamçısı Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət Azərbaycanı dünyada etibarlı və strateji tərəfdaşa çevirib. Məhz bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq təşkilatlarda söz sahibinə çevrilib. Buna əsas səbəb isə ölkəmizin xarici siyasətinin prinsipiallığı və müstəqilliyi ilə seçilməsidir. Əlbəttə ki, güclü siyasi iradənin mövcudluğu bunu labüd edir. Bu siyasi iradə özünü həm daxili, həm də xarici siyasət məsələlərində göstərir. Eyni zamanda ölkəmizin uğurlu inkişafı və son illərdə iqtisadi müstəqilliyimizin tam şəkildə təmin olunması bizə imkan verir ki, xarici arenada öz sözümüzü deyək, öz maraqlarımızı müdafiə edək. 
Dövlətimizin diplomatik əlaqələrinə diqqət yetirəndə görürük ki, 1991-ci ildə müstəqilliyə qovuşan Azərbaycanın ilk diplomatik əlaqə qurduğu dövlət qardaş Türkiyədir. Türkiyə ilə diplomatik əlaqələrin qurulmasında həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan Heydər Əliyevin rolu danılmazdır. Muxtar respublikaya rəhbərlik etdiyi dövr ərzində Heydər Əliyevin qonşularla əsasını qoyduğu xarici əlaqələr bölgəni fəlakətdən xilas edən amillərdən oldu. 1991-ci il sentyabrın 3-də Ulu Öndərin Naxçıvan Ali Məclisinin Sədri seçilməsi qonşularla, o cümlədən Türkiyə ilə əlaqələrin qurulmasına meydan açdı. Naxçıvanla Türkiyə arasında həmin ilin oktyabrında müvəqqəti körpü salındı və bu, qardaş ölkə ilə əlaqələrin genişlənməsində önəmli rol oynadı.
Dahi rəhbərin Azərbaycan Prezidenti seçilməsi ilə Azərbaycanın diplomatik əlaqələri şaxələndi. Əlbəttə ki, dünya dövlətlərinin həmin dövrdə məğlub, zəif dövlət olan Azərbaycana marağının artmasının əsas səbəbi sovetlər birliyinin rəhbərlərindən biri olan siyasət dahisi Heydər Əliyevin bu dövlətə başçılıq etməsi idi. Onun şəxsiyyətinə və siyasi savadına qibtə edən bir çox dövlət başçısı bunu Heydər Əliyevlə görüşlərdə dilə gətirirdi. Onlar Heydər Əliyevlə görüşməkdən şərəf duyduqlarını bildirir, şəxsiyyətinə heyran qaldıqlarını deyirdilər. Həmin dövrdə dahi şəxsiyyətin dövlətimizin başçısı olması tarixi zərurət və bu xalqın ən böyük xoşbəxtliyi idi. 1992-ci ildə Türkiyə Respublikası ilə başlayan diplomatik yolda irəliləyən Azərbaycan 2003-cü ildə artıq 146 dövlət ilə dostluq münasibəti qurmuş və beynəlxalq səviyyəli müqavilələr bağlamışdı.

Çoxtərəfli diplomatiya

Balanslaşdırılmış diplomatiya siyasəti sayəsində ölkəmiz müxtəlif siyasi və iqtisadi mərkəzlərlə qarşılıqlı faydalı münasibətlər qurmağa nail olub. Dövlətimiz həm Avropa İttifaqı, həm Türk Dövlətləri Təşkilatı, həm İslam Əməkdaşlıq Təşkilatı, həm də digər beynəlxalq qurumlarla fəal əməkdaşlıq edir. Bu isə ölkənin milli maraqlarının qorunmasına və xarici siyasətdə müstəqil qərarvermə imkanlarının genişlənməsinə şərait yaradıb. Beynəlxalq hüquq Azərbaycanın xarici siyasət konsepsiyasının əsas sütunlarından biridir. Prezident İlham Əliyev bu il Şuşada keçirilən Şuşa Qlobal Media Forumundakı çıxışında bir daha bəyan etdi ki, ölkəmiz bütün dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə hörmət bəsləyir. Dövlət siyasətimizdə beynəlxalq münasibətlərdə ikili standartlar yolverilməzdir. Beynəlxalq hüquq normaları bütün dövlətlərə eyni şəkildə tətbiq olunmalıdır. Bu prinsip Azərbaycanın uzun illər ərzində üzləşdiyi işğal problemi fonunda xüsusi əhəmiyyət daşıyır.

Uğurlu xarici siyasət kursu diplomatik əlaqələri genişləndirir 

Dahi rəhbərin layiqli davamçısı İlham Əliyevin Prezident seçilməsi ilə Azərbaycan diplomatiyasının uğurları artmağa və daha da möhkəmlənməyə başladı. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində ölkəmiz beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır, qlobal əhəmiyyətli layihələrin əsas iştirakçılarından biri kimi çıxış edir. Rəsmi Bakı hər zaman beynəlxalq hüquqa və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq formatlarına üstünlük verir. Ölkəmiz heç bir hərbi-siyasi blokun təsirində deyil və başqa dövlətlərin maraqlarının alətinə çevrilmir. Müstəqil xarici siyasət kursu Azərbaycanın qlobal diplomatiyada çəkisini artırıb və uzunmüddətli edib. 

Sabitlik xarici siyasəti şərtləndirən əsas amildir

Tarixin bütün dövrlərində sübut olunub ki, sabitlik hər bir dövlət və xalq üçün olduqca vacibdir və önəmlidir. Dünyamızda isə sabitlik yolunda irəliləməyi hər ölkə bacarmır. Bu gün dünyada baş verən bir çox çaxnaşmalar fonunda Azərbaycanda sabitliyin hökm sürməsi dövlətimizin və xalqımızın ən böyük uğurlarından biridir. Ölkəmiz həm də makroiqtisadi baxımdan davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkə kimi tanınır. Dünyada baş verən iqtisadi böhranlar da respublikamızın iqtisadi və sosial sabitliyinə xələl gətirə bilmədi və Azərbaycan bütün sınaqlardan alnıaçıq çıxdı.
Prezident İlham Əliyevin fikirləridir: “Biz görürük ki, sabitlik pozulanda inkişafdan söhbət gedə bilməz. Sabitlik pozulanda xarici müdaxilə baş verir, ölkələr idarəolunmaz vəziyyətə düşür, qardaş qanı tökülür və ölkələrin gələcəyi böyük sual altına düşür. Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu bizim böyük nailiyyətimizdir”. 2020-ci ilə kimi ölkədəki sabitliyə təhdid yaradan əsas problem torpaqlarımızın işğalda olması və Qarabağdakı erməni separatizmi idi. Vətən müharibəsində və antiterror tədbirlərində qazanılan zəfərlərdən sonra bütün bu təhdidlər tam aradan qaldırıldı. Ərazi bütövlüyümüzün bərpası ilə Azərbaycan torpaqlarının hər bir nöqtəsində sabitlik bərqərar olundu. 200 ildən sonra Azərbaycan torpaq iddialarına son nöqtəni qoydu və Qarabağ adlı problem əbədi olaraq həll edildi. Biz Qafqazda sülhü bərqərar edən xalq kimi adımızı tarixə yazdıq. 
Ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin döyüş meydanındakı cəsarətli addımları diplomatik masadakı qələbəni təmin etdi. Dövlət başçısının dediyi kimi: “Biz hamımız gördük ki, bəli, ədalət zəfər çalıb, biz öz haqq işimizi yekunlaşdırmışıq və ədaləti özümüz bərpa etmişik”. Ətrafımızda baş verən hadisələr fonunda isə Azərbaycan dövləti özünün sabitliyini və inkişafını uğurla təmin edir. Biz daxili sabitliyə nail olmuşuq və onu dövlət-xalq-ordu birliyi, Vətən, torpaq sevgisi ilə qazanmışıq. Elə bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan dünyada sabitlik adası kimi tanınır, dünyanın ən böyük dövlətləri belə Azərbaycana sərmayə qoymaqdan, diplomatik əlaqə qurmaqdan çəkinmir. Çünki Azərbaycan sülhsevər dövlətdir və dünya nizamının yaxşılaşması üçün əlindən gələni edir. 
Azərbaycan artıq orta gücə çevrilib. Uğurlu neft strategiyası, düzgün və müstəqil qərarlar sayəsində ölkəmiz beynəlxalq tədbirlərin keçirildiyi məkan olub. Azərbaycan işğaldan azad etdiyi torpaqları da gülüstana döndərərək Füzuli Beynəlxalq Hava Limanını Qarabağın dünyaya açılan qapısına çevirib. Uzun illər işğalda qalan Şuşa azad edilərək dirçəldilib beynəlxalq tribuna olub. Hər il dünya səviyyəli tədbirlərə ev sahibliyi edən Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsi və gücləndirilməsi istiqamətində göstərdiyi daimi səylər çərçivəsində 2027-ci ildə İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Dövlət və Hökumət Başçılarının 16-cı Zirvə Görüşünə, həmçinin İƏT İnformasiya Nazirlərinin Konfransına ev sahibliyi edəcək.
Bu gün qalib Azərbaycanın haqq səsi dünyanın hər yerində eşidilir. Vaxtilə anti-Azərbaycan mövqeyində dayanan dövlətlər belə artıq Azərbaycana dostluq əli uzadır. Çünki hər kəs görür ki, dövlətimizin xarici siyasəti daxili siyasətimizin davamıdır. Xalqımız əmindir ki, uğurlu siyasəti ilə Vətənimizi zəfərdən-zəfərə aparan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşıdakı illərdə də dövlətimizi daha möhtəşəm uğurlara qovuşduracaq. 

Ramiyə ƏKBƏROVA
 

Nəşr edilib : 27.07.2026 10:49