Nazirlər Kabineti kiçik elektrik nəqliyyat vasitəl...
11:49 04.12.2024
0
0
0
NAXÇIVAN :
04 Dekabr 2024, Çərşənbə
“Şərq qapısı” qəzetinin məsul katibi Muxtar Məmmədovun 65 illik yubileyinə həsr olunan tədbiri giriş sözü ilə qəzetin baş redaktoru Sara Əzimova açaraq qeyd edib ki, “Şərq qapısı” qəzetinin qapıları daim gənclərin üzünə açıq olub. Burada çalışan təcrübəli jurnalistlərin əməyi sayəsində mətbuatımızın dəyərli qələm sahibləri yetişib. Qəzetçilik daha çox məsuliyyət tələb edən sahə olduğundan burada bir qələm sahibinin yetişməsi daha çox vaxt və zəhmət tələb edir. Buna baxmayaraq, Muxtar Məmmədov qəzetin məsul katibi işlədiyi dövrdə səbirlə bir çox qələm sahibinin yetişməsinə vasitəçi olub ki, indi muxtar respublikamızın bir çox dövlət orqanlarında onlar dövlətinə xidmət edir. Baş redaktor yubilyara xoş arzularını çatdırıb, həyatının bundan sonrakı hissəsində uğurlar diləyib, ona qəzetin fəxri fərmanını və pul mükafatını təqdim edib.
Tədbirdə çıxış edən “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Tahirli ilk qələm təcrübəsini “Şərq qapısı” qəzetində qazandığını və dəyərli qələm sahibini orada tanıdığını qeyd edib. Bildirib ki, Muxtar müəllim hər bir gənc kimi onun da öz üzərində işləməsinə, qəzetçiliyin sirlərinə bələd olmasına kömək edib. O həm vətənpərvər bir ziyalı, həm də qərəzsiz mövqeyi olan bir müəllim kimi jurnalistlərə yol göstərib. Bu gün harada olmağımızdan asılı olmayaraq, hər birimiz bu yolda bizə müəllimlik edən Muxtar Məmmədova təşəkkür etməyi özümüzə borc bilirik. Sahil Tahirli Muxtar Məmmədovu 65 illik yubileyi münasibətilə təbrik edib, ona sağlam ömür arzulayıb.
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Hüseyn Əsgərov qeyd edib ki, müasir dövrdə jurnalistlərin imkanları daha genişdir, amma illər öncə mətbuat sahəsində çalışanların işləri daha çətin idi. Onlar bütün hisslərini, oxucuya çatdırmaq istədiklərini bir qələm və ağ kağız vasitəsilə görürdü. Həmin dövrün yetirmələrindən olan qələm sahibi Muxtar Məmmədov keçid dövründə də qələminin mürəkkəbini daim bir amal uğruna tükədib: Düzgün və qərəzsiz söz.
Tədbirdə qəzetin gənc əməkdaşları adından çıxış edən Gülcamal Tahirova Muxtar Məmmədovun gənc jurnalistlərin yetişməsindəki zəhmətindən danışıb.
Sonra Muxtar Məmmədov çıxış edərək göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Tədbirdə, həmçinin Muxtar Məmmədovun ailə üzvləri də iştirak ediblər.
Sonda Naxçıvan Televiziyasının hazırladığı Muxtar Məmmədovun əmək fəaliyyətinə həsr olunan "Hədər yaşanmayan illər" filmi təqdim edilib.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər