NAXÇIVAN :

13 Mart 2025, Cümə axşamı

"Şərq qapısı" qəzetinin maddi-texniki bazası yenilənib, informasiya mərkəzi istifadəyə verilib

...

Martın 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rəsmi mətbuat orqanı olan "Şərq qapısı" qəzetinin yeni avadanlıqlarının və informasiya mərkəzinin təqdimatı olub. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli qəzetin fəaliyyəti ilə tanış olub. 

 "Şərq qapısı" qəzetinin baş redaktoru Sara Əzimova 104 illik tarixi olan mətbu orqanın müasir dövrün çağırışlarına uyğun fəaliyyət göstərməsi üçün həyata keçirilən yeniliklər barədə məlumat verib. Bildirilib ki, redaksiyanın maddi-texniki bazası gücləndirilib, bütün otaqlar ən son texnologiyaya əsaslanan avadanlıqlarla – kompüterlər, printerlər, yaddaş qurğuları və fotoaparatlarla təchiz edilib, informasiya mərkəzi yaradılıb, jurnalistlərin daha səmərəli fəaliyyəti təmin edilib, arxiv işi təkmilləşdirilib. 

Qeyd olunub ki, ölkəmizdə və muxtar respublikada baş verən ictimai-siyasi hadisələrin geniş oxucu auditoriyasına çatdırılması, təhlili və analitik materialların hazırlanması sahəsində mütəmadi iş aparan əməkdaşlar, eyni zamanda sosial media platformalarında da informasiya təminatını günün tələblərinə uyğun şəkildə həyata keçirirlər.

Qəzetin əməkdaşları Gülcamal Tahirova və Rafiq Təhməzov yaradılmış müasir iş şəraitindən danışıblar.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli "Şərq qapısı" qəzetinin fəaliyyətini yüksək qiymətləndirib. O bildirib ki, 104 illik tarixi olan bu mətbu orqan Azərbaycan jurnalistikasının inkişafına töhfə verməklə yanaşı, muxtar respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatının operativ işıqlandırılmasında mühüm rol oynayır.

"Şərq qapısı" qəzeti təkcə ənənəvi qəzetçilik prinsiplərini qoruyub saxlamır, eyni zamanda müasir media tendensiyalarına uyğun inkişaf edir. Qəzetin sosial media platformalarında aktiv fəaliyyəti, analitik və təhlili yazıları, videoçarxları Naxçıvanın informasiya məkanında mühüm yer tutur. Redaksiya heyətinin peşəkarlığı, jurnalistlərin operativ və dəqiq informasiya yaymaq bacarığı, eləcə də yaradılmış müasir şərait bu mətbu orqanın davamlı inkişafına xidmət edir", – deyə Fuad Nəcəfli vurğulayıb.

Səlahiyyətli nümayəndə əlavə edib ki, Azərbaycan mətbuatının 150 illik yubileyi ərəfəsində "Şərq qapısı" qəzetinin maddi-texniki imkanlarının genişləndirilməsi, jurnalistlərin peşəkar fəaliyyətinin dəstəklənməsi dövlətin media sahəsinə göstərdiyi diqqətin bariz nümunəsidir.

Nəşr edilib : 13.03.2025 16:54