NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

"Şərq qapısı" qəzeti və "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyinin əməkdaşları üçün seminar-müşavirə keçirilib

...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Fövqəladə Halların Xəbərdar edilməsi və nəticələrin aradan qaldırılması idarəsi tərəfindən "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyinin və "Şərq qapısı" qəzetinin əməkdaşları üçün  "Müəssisələrdə fövqəladə hallara hazırlığın vəziyyəti diqqət mərkəzində saxlanılır, fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları, dəm qazı təhlükəsindən qorunmanın yolları " mövzusunda seminar-müşavirə keçirilib.
Tədbiri "Şərq qapısı" qəzetinin baş redaktor müavini Məmməd Babayev açaraq payız- qış mövsümündə aparılan maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb. Qeyd edib ki, müəssisə və təşkilatlarda yanğın təhlükəsizliyi ilə bağlı qarşıya qoyulan öhdəliklərin yerinə yetirilməsi baş verə biləcək təhlükələrin qarşısını alır. 
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Fövqəladə Halların Xəbərdar edilməsi şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Mirtaleh Seyidov təbii fəlakətlərin baş verdiyi zaman vətəndaşların necə davranmalı olduqları barədə məlumat verib.  Müəssisə və təşkilatlarda fövqəladə hallara hazırlığın diqqətdə saxlanıldığını qeyd edib. 
Şöbə rəisi qarşıdan gələn qış fəslində qaz cihazlarından istifadə qaydaları haqqında da danışaraq  deyib ki, düzgün quraşdırılmayan qaz sobalarından, suqızdırıcılardan  sızan dəm qazı insan həyatının sonlanmasına səbəb olur. Qeyd olunub ki, hamam otaqlarında, mətbəxlərdə istifadə olunan bu cür cihazların quraşdırılması zamanı mütləq mütəxəssislərin köməyi alınmalıdır.  İnsan həyatı üçün  təhlükə mənbəyinə çevrilən dəm qazından qorunmaq üçün təhlükəsizlik qaydalarına riayət edilməlidir. 
Nazirliyin Dövlət Yanğın Nəzarəti İdarəsinin, Dövlət Yanğın Nəzarəti işinin təşkil şöbəsinin inspektoru, daxili xidmət kapitanı Toğrul Hacıyev tədbir iştirakçılarına müəssisələrin inzibati binalarında yanğın təhlükəsizliyi qaydaları ilə bağlı müəyyən olunmuş tələblərə əməl olunması, yanğın hadisəsi zamanı davranış və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydası haqqında məlumat verib. 
Payız-qış mövsümündə qaz cihazlarından düzgün  istifadə edilməsinin hər kəsi təhlükədən qoruduğunu diqqətə çatdırıb. 
Tədbirdə mövzu ilə bağlı slaydlar təqdim edilib, iştirakçıların sualları cavablandırılıb. 
Sonda baş redaktor müavini nazirliyin əməkdaşlarına  təşəkkür edib.

Nəşr edilib : 10.10.2024 18:02