Naxçıvan Muxtar Respublikası büdcəsinin 2025-ci il...
20:20 18.04.2025
0
0
0
NAXÇIVAN :
18 Aprel 2025, Cümə
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair Maarif Təmkinin “Səni unutmadım ki...” adlı kitabının təqdimatı keçirilib.
Təqdimatı giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd edib ki, ədəbi yaradıcılığa ötən əsrin 90-cı illərindən başlayan Maarif Təmkinin şeirləri dövri mətbuat səhifələrində, “Zorbulağın zümzüməsi”, “Çinar ömrü” və sair adlı ədəbi almanaxlarda çap olunub. Təqdimatını keçirdiyimiz “Səni unutmadım ki...” adlı kitabı şairin oxucularla iyirmi ikinci görüşüdür. Bu kitabda Maarif Təmkinin müxtəlif illərdə qələmə aldığı vətənpərvərlik, məhəbbət və təbiət mövzularında şeirləri toplanıb. Şairin şeirləri olduqca axıcı və mənalıdır.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, şair, dramaturq Asim Yadigar “Maarif Təmkinin qələmindən süzülüb gələn vətən, yurd sevgisi” adlı mövzu ilə çıxış edərək bildirib ki, Maarif Təmkin poeziyasının özünəməxsusluğu vətəndaş mövqeyinin, vətənə bağlılığın yüksək səviyyədə olmasındadır. Onun qoşmalarında milli dəyərlərimiz, mənəvi gözəlliklər öz əksini tapıb. Maarif Təmkini həm də təbiət vurğunu adlandırmaq olar. O, doğma yurdu olan Şahbuzun təbiətini, dağlarını, havasını öz şeirlərində vəsf edib. Yazdığı kitablarda əsl vətəndaşlıq kimliyi göstərən şairin “Saz ətirli dünyam”, “Qismət olsa görüşərik”, “Dağlar mənsiz darıxacaq”, “Anam yadıma düşür”, “Haqqa sarı yol gedirəm”, “Salam, ay ata yurdum” və başqa kitabları oxucular tərəfindən rəğbətlə qarşılanıb.
Sonra şairin qələm yoldaşları Elxan Yurdoğlu, Yadulla Zaman, Sona Teymurbəyli, Süsən Kərimli, Dilbər Şahbuzlu, Mirkərim Həsrət, Zeyqəm Vüqar, dostları Yaşar Nuriyev, Yunis Quliyev müəllifin yeni çapdan çıxan kitabı haqqında təəssüratlarını paylaşıb, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun tələbələri şeirlərini qiraət ediblər.
Tədbirin sonunda iştirakçılar müəllifin kitabxananın fondunda olan digər kitabları ilə tanış olublar.
Digər xəbərlər