NAXÇIVAN :

26 Iyun 2026, Cümə

Səmimiyyət, sevgi və gələcəyə əminlik hissi

...

Bura Şuşadır. Ulu Öndərin “Şuşasız Qarabağ olmaz”, Ali Baş Komandanın isə “Şuşasız işimiz yarımçıq qalar”, – dediyi Şuşa. Tarixdə bənzəri görülməmiş bir qəhrəmanlıqla yenidən özümüzə qayıdan Şuşa. Altı ildir ki, çiçək açan dağlarından Qarabağ şikəstəsinin sədası, güllü-çiçəkli bağlarından isə uşaqların gülüşü gələn cənnət Şuşa. Müzəffər Sərkərdənin, qalib ordunun zəfər şəhəri.
Yenə oradadır – həmişəki kimi qürurla, azad Şuşada. Uşaqlara qucaq açır, “Gəlin, görüşək”, – deyir. Onları qucaqlayıb bir-bir alınlarından öpür. Ətrafına toplayıb foto çəkdirir. Səmimiyyətlə saçlarına sığal çəkir. Uşaqların yaşları fərqlidir, amma baxışları eynidir. Onların gözündə inam var, sevgi var, parıltı var. Onlar Şuşanın xilaskarına doğmaları kimi sığınırlar. Sanki “Gələcəyimizi, Şuşamızı bizə qaytardığınız üçün var olun”, – deyirlər.
Prezidentin suallarına tez-tələsik cavab verirlər: “Hər şey yaxşıdır, yaxşı oxuyuruq”, – deyirlər. Uşaqlardan biri “İlham baba, olar sizinlə öz telefonumuzla şəkil çəkdirək?” – deyə soruşur. Həmin foto çəkilən anda dövlət başçısı uşaqların boyunun ona çatmadığını görüb onları qucaqlayaraq aşağı əyilir. Ətrafındakı uşaqlara gələcəyin ən gözəl dərsini verir. Onlara çatmaq üçün onlardan uca dayanmadığını, əksinə, onların dayağı olduğunu göstərir.
Həmin an Vətən müharibəsində, bu torpaqlar uğrunda canından keçən oğulları və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözlərini xatırladım: “Elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi yaşamayan gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər, şəhid oldular, qazi oldular”.
Prezident İlham Əliyevin dövlət başçısı olduğu illərdə böyüyən gənclər tariximizi öz qanları ilə dəyişdilər. Bizə qalib xalq adını qazandırdılar. Bu gün isə dövlət başçısına “Dərsimizi yaxşı oxuyuruq”, – deyən uşaqlar sabah dövlətimizin parlayan ulduzlarına çevriləcəklər. Biz buna tam əminik. Çünki onlar dövlət başçısının çiynindəki əlini, onlara verdiyi güvən hissini duyaraq böyüyürlər – azad, bütöv Azərbaycanda! Hər bir vətəndaşına əvəzsiz sərvəti kimi baxan bir dövlətdə. Səması daim aydın olan Şuşada, Laçında, Ağdamda...

Ramiyə Əkbərova

Nəşr edilib : 23.06.2026 18:50