Naxçıvanda “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəy...
23:42 21.12.2024
0
0
0
NAXÇIVAN :
22 Dekabr 2024, Bazar
İnsanların mənəvi cəhətdən formalaşmasında, düzgün həyat mövqeyi qurmasında teatr sənətinin böyük rolu var. Odur ki, bu incəsənət sahəsinin inkişafına dövlətlər böyük dəyər verirlər. Bu baxımdan ölkəmizdə həmin istiqamətdə keçirilən tədbirlər öz bəhrəsini verir. Ölkəmizdə kukla və uşaq teatrlarımızın fəaliyyətə başlaması isə məktəbyaşlı uşaqlara qayğı kimi dəyərləndirilir. Bu sırada regionlarda da belə mədəniyyət müəssisələrinin yaradılması təqdirolunasıdır. Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı da fəaliyyət göstərdiyi müddətdə qarşıya qoyulan vəzifələri yerinə yetirməyə səy göstərir və buna nail olur. Bir məsələni də xüsusi vurğulamağı lazım bilirik. Məsələ ondadır ki, uşaq və kukla teatrlarının daşıdığı funksiya, bu mədəniyyət ocaqlarındakı iş prinsipi digər teatrlardan xeyli fərqlidir və bir qədər də çox zəhmət tələb edir. Uşaqlarda müsbət insani və iradi keyfiyyətlər formalaşdırmaq, böyüklərə hörmət, kimsəsizlərə qayğı, mənfiliklərə nifrət kimi hisslər aşılamaq kimi vəzifələri yerinə yetirməli olan belə teatrlarda çalışmaq sənət adamlarından uşaq dünyasını dərindən bilməyi tələb edir.
Bəhs edəcəyimiz teatrda da bu vəzifələri yerinə yetirmək üçün hərtərəfli şərait yaradılıb. Ancaq bu yazımızda həmin teatrda tamaşaçıların səhnədə görmədikləri, ancaq tamaşanın ərsəyə gəlməsində böyük əməyi olan sənət adamları barədə oxucularımıza söhbət açmaq istəyirik.
Gedəcəyimiz ünvan qəzetimizin, necə deyərlər, bir addımlığında yerləşir. Teatrın direktoru, Azərbaycan Respublikasının Xalq artisti Şirzad Abutalıbov bizi səmimiyyətlə qarşılayır, burada çalışan “gözəgörünməzlər”, onların fəaliyyəti barədə ətraflı məlumat verdikdən sonra yazımızın qəhrəmanları ilə görüşdük. Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının baş rəssamı Rəfael Qədimov Azərbaycan Rəssamlar İttifaqının və Naxçıvan Rəssamlar Birliyinin üzvüdür. O, teatrda fəaliyyətə 1990-cı ildən butafor kimi başlayıb, indi isə baş rəssam kimi fəaliyyət göstərir. Üzeyir Hacıbəylinin “Arşın mal alan”, Zaur Vedilinin “Meşə macəraları”, Nağı İsmayılzadənin “Ağca və Bozca”, Kəmalə Ağayevanın “Göyçək Fatma” və sair əsərlərə səhnə tərtibatı verib. Onun söhbəti: Tamaşa haradan başlanır? İlk olaraq bədii şuranın yığışaraq tamaşanın təsdiq olunmasından. Sonra ssenari oxunur. Ondan sonra hər birimiz öz işimizə başlayırıq. Rəfael Qədimov deyir ki, o, quruluşçu rəssam olaraq eskizlər hazırlayır. Eskizlər hazırlandıqdan sonra onu təsdiq etmək üçün yenidən bədii şura yığılır. Əgər bədii şura bəyənirsə, tamaşanın eskizləri təsdiq olunur. Bu prosesdən sonra tamaşanın eskizləri sexlərə göndərilir. Butafor, dərzi (dekorasiya eskizləri), dülgər sexi işə başlayır. Hər iş tamam olandan sonra bədii şura toplanır və ümumi baxış keçirilir. Əgər hər hansı bir qüsur varsa, aradan qaldırılır. Bundan sonra səhnə əsəri tamaşaçılara təqdim edilir.
Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, teatrın quruluşçu rəssamı Sabir Məmmədov teatrın “gözəgörünməz”lərindən biridir. Azərbaycan Rəssamlar İttifaqının və Naxçıvan Rəssamlar Birliyinin üzvü Sabir Məmmədovun söhbəti: “Kuklaların hazırlanması yazılmış ssenari əsasında eskizə işlənir. Verilən müxtəlif obrazlar eskiz əsasında kukla formasına salınır. İlkin olaraq onların maketləri hazırlanır və daha sonra müəyyən prosesdən keçir. Bu prosesdə dərzi işləri, hərəkət mexanizmasının hazırlanması var. Yəni bunların hər biri yaradıcı əməyin bəhrəsidir. 6-7 ildir ki, bu cür kuklalar hazırlamaqla məşğulam. Kuklaların hazırlanma prosesində çalışırdıq ki, yeniliklər olsun. Yeni fikirlərimiz, ideyalarımız da vardır ki, gələcəkdə onları həyata keçirmək istəyirik”.
Teatrın dərzisi Xanım Sadıxova:
“2008-ci ildən burada fəaliyyət göstərirəm. Mən peşəmi çox sevirəm. Rəssamların hazırladıqları eskizlər əsasında işləyirəm. Bu iş elədir ki, çox incə detallara diqqət etmək lazımdır. Rəssamlar ilk olaraq onların üzərində çalışırlar. Ondan sonra kukla rəssamları taxta hissələrini yonub düzəldirlər. Sonra bizə gəlir və biz də öz iş texnikamıza uyğun olaraq hazırlanma prosesini davam etdiririk. Qeyd edim ki, personajlar kukla forması ilə yanaşı, həm də aktyorların özləri üçün hazırlanır. Parça seçiminə də rəssamla birgə qərar veririk.
Tamaşalarda hazırladığımız kostyumları və kuklaları görəndə çox fərəhlənirəm. Ona görə ki, uşaqların dünyasına müxtəlif personajlarla yol tapa bilirik. Onlar həmin personajları səhnədə görəndə alqışlayır, sevinirlər. Bu sevinc isə həm də bizim əziyyətimizin bəhrəsidir. Uşaqlar sevdiyi personajlardan ən çox milli olanları xoşlayırlar. Onlardan “Cırtdan”, “Qoğal”, “Göyçək Fatma” və başqa əsərləri deyə bilərik.
Onu da bildirmək istəyirəm ki, muxtar respublikamızda keçirilən konsertlər, festivallar, bayram şənlikləri üçün hazırlanan geyim dəstlərinin bir çoxunu burada mən tikirəm”.
Teatrın ədəbi dram hissəsinin rəhbəri Durna Təhməzova:
“2017-ci ildən teatrda fəaliyyət göstərirəm. Məsləhət görülən əsəri bədii şurada müzakirə etdikdən sonra əsər tamaşa üçün qəbul olunur, quruluşçu rejissora verilir. Daha sonra rəssamla rejissorun əsər üzərində yaradıcılıq işi başlanılır. Heyətin əməyinin nəticəsi olaraq məşq proseslərindən sonra tamaşa təhvil verilir. Səhnələşdirdiyimiz tamaşalar balacalarla yanaşı, onların əlindən tutub gətirən böyüklərimizin də marağına səbəb olur”.
Bir saata yaxın çəkən söhbətimizdə gördükləri işlərdən danışan müsahiblərimizin tamaşa təqdim olunana qədərki zəhməti isə günlərlə davam edir...
Aidə İBRAHİMOVA
Digər xəbərlər