NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Şəhidin son arzusunu həyat yoldaşı yerinə yetirdi

...

Onu  uşaqlıqdan tanıyıram. İnadçı, dediyini edən qız olub həmişə. Dözümlü və səbirli. Hərbçi kimi çətin bir peşə sahibi olan Elçini özünə həyat yoldaşı kimi seçəndə də bilirdi həyatının necə çətin olacağını.  Azərbaycanın cəbhə bölgəsi olan kəndlərində yaşadıqları 3 ildə Ceyran həmişə dayaq oldu Elçinə.  Soyuq, isti demədi, şəraiti çətin olan yerlərdə yaşadı. Ali təhsilli idi, amma Elçinin arzusu onu həkim görmək olub həmişə. Hər il təkidlə  “təkrarla dərslərini, Tibb fakültəsinə qəbul ol”, – deyirdi. Antiterror əməliyyatlarında şəhidlik zirvəsinə ucalan Elçin İbrahimlinin həyat yoldaşı Ceyran Naxçıvan Dövlət Universitetinin Biologiya ixtisasını qırmızı diplomla bitirsə də, o da həkim olmaq arzusunu gizlətmirdi. Şirin xəyallar, gözəl arzularla yaşayan bu iki gəncin yolunu müharibə ayırdı. Elçin şirin canını ötən il sentyabr ayında olan antiterror əməliyyatı zamanı Vətənə qurban verdi. Ceyran həyat yoldaşına verdiyi sözü unutmadı. Onun arzusunu yerinə yetirdi. Builki qəbul imtahanında 500-dən yuxarı bal toplaya bildi. Həmin gün məzarı başına gedib əbədi yoldaşına arzusunu yerinə yetirdiyini dedi.  Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin İctimai səhiyyə ixtisasına qəbul olan şəhid xanımı bu gün həkimlik kimi müqəddəs bir peşəyə yiyələnmək üçün universitetə ilk addımını atır.

Bundan sonra tək arzusu Elçinin adını yaşatmaq və insanlara şəfa vermək olan Ceyran xanımı təbrik edir ona uğurlar arzulayırıq.

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 20.09.2024 18:33