NAXÇIVAN :

21 Aprel 2025, Bazar ertəsi

Şəhid Vüsal Vəliyevin xatirəsinə həsr edilmiş tamaşanın premyerası olub

...

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında  Azərbaycanın qəhrəmanlıq salnaməsində zəfər zirvəsi olan 44 günlük Vətən müharibəsinin qəhrəmanlarına həsr olunan Adilə Nəzərin “Axirətdən gələn səs” qəhrəmanlıq dramı əsasında İftixarın “Səs” adlı rejissor tamaşasının premyerası olub.  
Qeyd edək ki, avanqard üslubda, qeyri-səlis təbəddülatla nümayiş olunan səhnə əsəri Qarabağ müharibəsində şücaət göstərən, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ərazi bütövlüyümüz yolunda canlarını fəda edən şəhidlərimizin mübarizə amallarını təcəssüm etdirir. 
Tamaşanın quruluşçu rejissoru, bədii və musiqi tərtibatının, rəqslərin quruluşçusu Əməkdar mədəniyyət işçisi İftixar Piriyevdir. 
“Səs” 44 günlük Vətən müharibəsinə həsr edilən ilk səhnə  əsəridir. Bildirək ki, əsərdə baş qəhrəman Vətən müharibəsi şəhidi Vüsal Vəliyev ilə yanaşı, Milli Qəhrəmanlar  Mübariz İbrahimov, Polad Həşimov və digər qəhrəmanlarımız da  ümumiləşdirilmiş komandir obrazında yad edilib.  
Premyerada ölkənin tanınmış simaları – millət vəkilləri, ədəbiyyatşünas-alimlər, sənətşünaslar, şəhid ailələri, qazilər, televiziya, qəzet və sayt nümayəndələri iştirak edib. Tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.
Rollarda: Səmayə Nəbiyeva (Səmayə ana), Samir Əliyev (Vüsal), Əməkdar artist Esmiralda Şahbazova (Mədinə), Niyaməddin Səfərəliyev (İslam), Natiq Həziyev (Milli Qəhrəman), Pərvin Dadaşova (İnci), Anar Həşimov (Elyar), Naibə Nemətova (Afaq), Xədicə Məmmədova (Snayper) və başqaları iştirak edib. 
Qeyd edək ki, əsərin qəhrəmanı Vüsal Vəliyev Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dizə kəndində anadan olub. O, ilk təhsilini kənd məktəbində alıb. Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirən Vüsal Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini də uğurla tamamlayıb.  Beyləqan, Ağdam, Tərtər, Qazax, Tovuz, Göygöl – Murovdağ silsiləsində xidmət keçib, mayor rütbəsinədək yüksəlib. Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına qarşı Azərbaycan Silahlı Qüvvələri tərəfindən başlanan əks-hücumda Şuşanın azadlığı uğrunda gedən döyüşlərə kimi Murovdağda, Murov yüksəkliyinin azad edilməsi əməliyyatında iştirak edib. Şuşa döyüşləri zamanı şəhid olub. 14 dekabr 2020-ci ildə  Şərur şəhər Şəhidlər xiyabanında dəfn olunub. O, hərbi xidmət dövründə “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı, “Əfqanıstanda sülhməramlı missiyaya görə” medalı, Vətən müharibəsində şəhadətə yüksəldikdən sonra Azərbaycan Prezidenti cənab İlham Əliyevin  Sərəncamlarına əsasən "Azərbaycan Bayrağı" ordeni, “Vətən uğrunda”, "İgidliyə görə" medalları  ilə təltif edilib.  

Nəşr edilib : 07.12.2024 21:49