NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

Şəhid övladları olan birincilər

...

Ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da 15 sentyabrı səbirsizliklə gözləyirik. Yeni tədris ilində məktəbə ilk dəfə qədəm qoyan körpə fidanlar arasında düşmən qarşısında inamla dayanıb Vətənimizi, torpağımızı qoruyarkən canını fəda edən şəhidlərin övladları da var. Üzgün, lakin məğrur baxışlı şəhid övladları. Bu fidanlar qısa, lakin şərəfli bir ömür yaşayaraq əbədiyyətə qovuşmuş şəhidlərimizin bizə əmanətidir. Onların çöhrəsində həm sevinc, həm də kədər hiss olunur. Sevinclidirlər, çünki onlar da atalarının canı bahasına qoruduğu doğma, müstəqil Vətənimizdə təhsil alacaq, elmə-biliyə yiyələnərək dövlətimizə layiqli şəxsiyyət kimi yetişəcəklər. Elə şəhidlərimizin də Vətənə olan sonsuz sevgisi beşikdən, ana laylasından, ailədən, məktəbdən başlamırdımı?! Kədərlidirlər, çünki onlar da haqlı olaraq atalarının bu sevinclərinə şahidlik etməsini istərdilər. Təbii ki, sevinc və kədərin yanında bir hiss də var ki, bununla nə qədər öyünsələr, yenə də azdır. Bu hiss qürur hissidir. Şəhid övladı olmağın verdiyi qürur hissi.

Təhsilin ilk pilləsinə qədəm qoyan birincilər sırasında İkinci Qarabağ müharibəsində, Hadrut istiqamətində gedən döyüşlərdə şəhid olmuş Bağır Ələkbərovun övladı Əsəd Ələkbərov da var. Eyni adı daşıyan baba Ələkbərovla söhbətimizdə şəhidlərin əmanətlərinə dövlət qayğısından ağızdolusu danışır: “Sevincimin həddi-hüdudu yoxdur. Nəvəm – şəhidimizin əmanəti artıq böyüyüb  və bu il birinci sinfə gedəcək. Naxçıvan şəhər 12 nömrəli  tam orta məktəbdə təhsil alacaq. Yaxşı təhsil alaraq Vətənə layiqli övlad olacağına əminəm. Əminəm ki, atası kimi o da Vətənə öz borcunu təhsil sahəsindəki uğurları ilə verəcək. Sağ olsun, dövlətimiz, öz qayğısını bizdən əsirgəmir. Məktəbli geyimləri, dərs ləvazimatları, çanta dövlətimiz tərəfindən verilib. Dövlət hər zaman şəhid ailələrinin yanındadır. Allah şəhidlərimizin ruhunu şad etsin, qazilərimizə kömək olsun”.    
Daha bir şəhidimizin əmanəti balaca Şəms də birincilər sırasındadır. Atası Sahil Məmmədov torpaqlarımız uğrunda şəhidliyə ucalıb. O, Murovdağ silsiləsinin düşməndən təmizlənməsində xüsusi fəallıq göstərib. Övladının sevincinə şərik olan şəhid xanımı öz duyğularını belə ifadə edir: “Şəms Sahil Məmmədovdan yadigar qalan yeganə övladımdır. O bu dərs ilindən Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbində təhsil alacaq. Ona dövlətimiz tərəfindən hərtərəfli diqqət və qayğı göstərilir. Şəms üçün hər şeyin ən gözəlini arzu edirəm”. 
Hər iki balamızdan gələcəkdə hansı peşəyə yiyələnmək istədiklərini soruşduqda düşünmədən polis deyə cavab verirlər. Çünki Vətən eşqiylə alışıb yanan, onu qorumaq üçün canından keçən mərd oğulların qanını daşıyır onlar.
Şəhid əmanəti, sən əsla üzülmə. Atasızlığını hiss edəndə bu müqəddəs ad sənə təsəlli olsun. Dövlət və millət olaraq daim yanındayıq. Qədəm qoyacağın məktəb həyatı sənin üçün yeni-yeni uğurların başlanğıcı olsun.  

Türkanə ƏSƏDOVA
 

Nəşr edilib : 17.09.2024 09:53