NAXÇIVAN :

22 Dekabr 2024, Bazar

Sədərək bağlarının alyanaq üzümü

...

Naxçıvan torpağında ən dadlı, şirin üzüm Sədərəkdə yetişir. Təsadüfi deyil ki, sovetlər dönəmində  böyük şərab zavodlarından biri bu bölgədə inşa olunub. Min ildən çox tarixi olan üzümçülükdə sədərəklilərin özünəməxsus becərmə üsulu vardır. Sədərəkdə bu gün də üzümçülük inkişaf etdirilir, yeni üzüm bağları salınır, qədimdən qalan üzüm sortları isə calaq yolu ilə artırılır. Rayon sakinləri gəlirli sahə olan üzümçülükdən, necə deyərlər, dördəlli yapışıblar. Bu sahə ilə məşğul olanlar həm öz təsərrüfatlarında çalışıb gün-güzəranlarını yaxşılaşdırır, həm də daxili bazara töhfələrini verirlər. 
Üzümçülük gəlirli sahə olduğu üçün bu təsərrüfat növünə ildən-ilə maraq da artıb. Sədərəkdə olan üzüm bağının şöhrəti ilə bağlı 53 ildir ki, üzümçülüklə məşğul olan Muxtar Nəsirov­la həmsöhbət olduq. Kənddə hamı onu təcrübəli üzümçü kimi tanıyır. Üzüm bağı salmaq istəyənlər mütləq onunla məsləhətləşirlər. Müsahibim deyir: “Rayonda 50-dən çox üzüm növü var. Buradakı üzüm bağlarında arxlar dərin olur. Tənəklər də bir-birindən 
2 metr məsafədə əkilir. Rayonda bu üsulla əkilən, yaşı 100-dən yuxarı olan bağlar var. Yeni bağlar da salırıq ki, üzümün ayağı torpağımızdan çəkilməsin. Bağlarda “Teyti”, “Nəbi”, “Xəlilli”, “Hüseyni”, “Təbrizi”, “Mərəndi”, “Şəfiyi”, “Mələyi”, “Əsgəri”, “Xatını”, “Xangörməz”, “Aldərə”, “Qara əsgəri”, “Ağ, qırmızı”, “Sarı və qara kişmişlər”, “Hənəqırna”, “Qoçbaşı” kimi dadı damaqdan getməyən üzüm növləri süfrələrimizin bəzəyidir. Bunların arasında elə bil, Uca Yaradan “hənəqırnanı” Sədərək torpağı üçün yaradıb. Gilələri az qala ərik yekəlikdə olan “hənəqırna”nı qış aylarına kimi saxlamaq olur. Bu sortdan qurudulan mövücün sorağı hələ qədim zamanlarda adla deyilib. Bal kimi olur, yeyəndə gözə işıq, qola qüvvət gətirir. “Hənəqırna”nın 100 kiloqramından ən azı 25 kiloqram mövüc hasilə gəlir”. 
Muxtar dayı onu da bildirir ki, üzümün qurudulub kişmiş və mövüc şəklində qışa tədarük olunması da minillik ənənəmizdir. Bunun üçün xüsusi ustalıq lazımdır. Üzümün açıq havada qurudulması üçün əlverişli iqlim şəraiti vardır. 
Müsahibim onu da bildirir ki, Naxçıvanın iqlimi qışda çox sərt olduğundan bütün üzüm kolları payızda budanır, bükülür və torpağa basdırılır. Yazda bu tənəkləri vaxtında torpaqdan çıxarmaq lazımdır. Əgər bu iş düzgün aparılmasa, tənəklərə ziyan dəyə bilər. Dədə-babadan belə bir söz deyərdilər: “Elə ki bayram aşını yeyib qurtardın, səhəri gün üzüm tənəkləri torpaqdan çıxarılmalıdır”. Müsahibim üzümün saxlanma üsullarından da məlumat verərək bildirdi ki, bu sırada asma üsulu çox istifadə olunan qaydalardandır. Uzunluğu 1-2 metr, ağırlığı 2-10 kiloqram olan asmalar əl damında, zirzəmidə, evin tavanında  asılır. Lakin bu üsulla saxlanan üzüm təzəliyini tez itirir və gilələr büzüşür. Rütubətin azlığından bəzən belə saxlanan üzüm kişmişə çevrilir. Üzüm rəflərdə, qutularda və başqa vasitələrlə sərilmiş vəziyyətdə də saxlanılır. Qablara ağac yonqarı, çiyid qabığı, dəniz otu, qum tökülür. Bu üsulla saxlanan üzüm məhsulu asma üsuluna nisbətən az soluxur, lakin çürüməsi çoxalır. Üzüm saxladığımız yerin sərin olması daha vacibdir. Digər bir üsulda söyüd və ya çəkil çubuqlarından hazırlanmış qələmlərə 8-10 salxım asırlar və bu qələmləri çardaqda, talvarda, yaxud anbarda kiçik çilləyə qədər saxlayırlar. Bu üsulla “Təbrizi” sortunu 6-7 ay saxlamaq mümkündür. Bu üzüm sortu yetişdikdən sonra 2-3 ay tənəyin üzərində saxlana bilər. Başqa bir üsul isə belədir ki, salxım aslandığı budaqla birlikdə kəsilərək qabda suya qoyulur və iylənməmək üçün ona bir qaşıq ağac kömürü əlavə edilir. Su olan qablar xüsusi tərəcələrdə maili vəziyyətdə qoyulur. Buxarlanmanı azaltmaq üçün qabın ağzı pambıqla örtülür. Bəzi sortlar, hətta suda kök əmələ gətirsə belə, salxım kütləsini itirmir. Muxtar dayı deyir ki, vaxtilə qonşu deyib suyumuzu, çörəyimizi əsirgəmədiyimiz mənfur ermənilər  torpaqlarımıza göz dikəndə kənddəki üzüm bağları da ziyan görmüşdü. Amma ağızlarının payını verib yerlərinə qovandan sonra, şükür Allaha, bağımız-bağatımız da güllük-gülüstana çevrildi. Xalqımıza aid olan bir çox adət-ənənələri, nemətləri, meyvələri mənimsəməyə çalışan ermənilər bu bitkinin köklərini o vaxtlar qoparıb, öz ərazilərinə aparıb torpaqda bitirsələr belə Sədərək üzümünün dadını ala bilməyiblər. Çünki bu torpağın nemətləri də insanları kimi torpağına bağlı, vəfalıdır.
Bu gün düşmən gülləsinin bir addımlığında yaşayan sədərəklilərin torpağa bağlılığı onu sübut edir ki, onlar torpağı qoruduqları kimi əkib-becərməyi də bacarırlar.  Bütün bunlar isə sərhəd bölgəmizin qədim üzümçülük ənənələrinin hələ min illər bundan sonra da  davam edəcəyinə və nəsildən-nəslə ötürüləcəyinə sübutdur... 

Ramiyə ƏKBƏROVA 

Nəşr edilib : 02.11.2024 10:27