Bu günün valyuta məzənnələri
09:10 20.05.2026
0
0
0
NAXÇIVAN :
20 May 2026, Çərşənbə
Müyəssərlik pandus, lift və xüsusi nişanlarla yanaşı, insanın gündəlik həyatını sərbəst qurmasına imkan verən bütöv bir yanaşmanı ifadə edir. Bu isə şəxsin təhsil, məşğulluq, səhiyyə, nəqliyyat, mədəniyyət, ictimai xidmətlər və icma həyatında digər şəxslərlə bərabər şəkildə maneəsiz və səmərəli iştirak edə bilməsi deməkdir. Beləliklə, əlilliyi olan şəxslərin cəmiyyət həyatında bərabər və səmərəli iştirakı müyəssər mühitin formalaşdırılması ilə mümkündür.
"Şərq qapısı" xəbər verir ki, bunu Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzi” İctimai Birliyi tərəfindən “Əlilliyi olan insanlar üçün inklüziv şəhərlər və müstəqil həyat” mövzusunda keçirilən beynəlxalq təlimdə çıxış edərkən deyib.
Ombudsman qeyd edib ki, əlilliyi olan şəxslərin qarşılaşdığı bir çox çətinliklər daha çox mühitin düzgün qurulmaması ilə bağlıdır. “Standartlara uyğun olmayan keçidlər, əlçatan olmayan ictimai nəqliyyat, uyğunlaşdırılmamış sanitar qovşaqlar, səsli və vizual məlumatlandırmanın yetərsizliyi, rəqəmsal xidmətlərdə mövcud maneələr insanın müstəqil yaşamaq və cəmiyyətdə bərabər iştirak etmək imkanlarını məhdudlaşdırır.
Ombudsman BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Uşaq hüquqları haqqında” konvensiyalarının həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını icra edir. Bu mandat əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, mövcud vəziyyətin qiymətləndirilməsi, problemlərin müəyyənləşdirilməsi və onların aradan qaldırılması üçün əsaslandırılmış təkliflərin irəli sürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. İnklüziv şəhər əlilliyi olan şəxslərlə yanaşı, uşaqlar, ahıllar, müvəqqəti hərəkət məhdudiyyəti olan şəxslər və bütövlükdə cəmiyyət üçün daha təhlükəsiz və rahat mühit yaradır. Universal dizaynın əsas üstünlüyü də məhz hamı üçün bərabər və ləyaqətli istifadə imkanının təmin edilməsindədir.
Əminəm ki, bu tədbir çərçivəsində aparılacaq müzakirələr müyəssərliyin şəhərsalma siyasətində planlaşdırmanın başlanğıc mərhələsindən əsas meyar kimi nəzərə alınmasına, dövlət qurumları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın daha da güclənməsinə mühüm töhfə verəcək”, – deyə o bildirib.
Digər xəbərlər