NAXÇIVAN :

22 Iyul 2026, Çərşənbə

Şamaxıdan doğan 138 yaşlı maarif günəşi

...

Şamaxının qədim dağlarında, tarixin tozlu səhifələrindən süzülüb gələn bir səs var. O səs cahilliyin zülmətini yararaq xalqının qəlbini işıqlandıran bir ziyalının, Seyid Əzim Şirvaninin səsidir. O, XIX əsrin Azərbaycan ədəbiyyatında Füzuli ənənələrinin layiqli davamçısı, maarifçilik hərəkatının öncüllərindən biri, satirik qələmin ustadı kimi tarixə iz qoymağı bacaranlardandır. Onun həyatı və yaradıcılığı, sadəcə, bir şairin bioqrafiyası deyil, bütöv bir xalqın oyanış hekayəsidir.

1835-ci il iyulun 9-da Şamaxıda ruhani ailəsində dünyaya göz açan Seyid Əzim kiçik yaşlarında atasını itirir. Ana babası Molla Hüseynin himayəsində Dağıstanın Yaqsay kəndində böyüyür. Orada ərəb, fars dillərini, hətta bir neçə Dağıstan ləhcəsini mənimsəyir. Sonra Şamaxıya qayıdaraq mədrəsə təhsilini davam etdirir. Amma gənc Seyid Əzimin ruhu bu kiçik elmlə kifayətlənmir. 1856-cı ildə ali ruhani təhsil üçün İraqa – Nəcəf və Bağdada, sonra isə Şama üz tutur. Bu səyahətlər onun dünyagörüşünü dəyişdirir. Dini elmlərlə yanaşı, dünyəvi bilikləri də mənimsəyir. Vətənə qayıtdıqdan sonra isə dini rütbədən imtina edir və 1869-cu ildə Şamaxıda yeni üsullu məktəb açır. Bu məktəb, sadəcə, dərs otağı deyil, uşaqlara Azərbaycan və fars dilləri ilə yanaşı, tarix, coğrafiya, hesab kimi fənlərin tədris olunduğu bir məkan idi. Burada rus dili də təhsil proqramına daxil idi. Mirzə Ələkbər Sabir, Sultan Məcid Qənizadə kimi gələcəyin böyük ziyalıları məhz bu məktəbdən keçmişdilər. Seyid Əzim müəllim kimi ömrünün sonuna qədər çalışdı. O, “Gətirmək tazə üslubə gərəkdir köhnə dünyanı...” deyərək köhnəliyin zəncirlərini qırmağa çalışdı.

Seyid Əzim Şirvaninin poeziyası zəngin və çoxşaxəlidir. Lirik qəzəllərində Füzuli məktəbinin incəliyini, mənəvi gözəlliyi tərənnüm edir. Aşiqanə hisslər, ilahi məhəbbət onun şeirlərində incə, dərin və ürəyəyatan şəkildə əks olunur. Lakin ən güclü tərəfi satiradır. O, ruhanilərin ikiüzlülüyünü, cahilliyi, geriliyi, rüşvətxorluğu kəskin qələmi ilə ifşa edir. “Köpəyə ehsan”, “Əkinçi və xan”, “Ruhanilik təhsili”, “Qafqaz əhlinə xitab” kimi əsərləri dövrün ən aktual problemlərinə toxunur. Təmsilləri, mənzum hekayələri didaktik xarakter daşıyaraq oxucunu elmə, əxlaqa, humanizmə çağırır. Onun “Fəbbül-ətfal” adlı dərs vəsaiti uşaqlar üçün yazılmış ilk Azərbaycan dərsliklərindən biri idi. Publisistik məqalələri, məktubları ilə də ictimai fikri formalaşdırmağa çalışırdı. “Əkinçi” qəzeti ilə əməkdaşlığı onun vətəndaş şair kimi mövqeyini daha da gücləndirmişdi. Şeirlərində xalqın acısını, ümidini, oyanış arzusunu dilə gətirirdi. Klassik ənənələri qoruyub saxlayaraq yeni dövrün tələblərinə uyğunlaşdırır, realizmin toxumlarını səpirdi.

Şair 1888-ci il mayın 20-də Şamaxıda həyata gözlərini yumsa da, onun mənəvi irsi hələ də şeirlərdə və qəzet səhifələrində yaşamaqdadır. Əsərləri sağlığında və sonra dəfələrlə nəşr olunaraq gələcək nəsillərə ötürülüb. Seyid Əzim Şirvani, sadəcə, şair deyildi. O, keçmişlə gələcək arasında körpü, köhnə dünyanı təzə üsluba gətirmək istəyən bir maarifçi, xalqının maariflənməsi uğrunda canını qoyan bir ziyalı idi. Bu gün müasir Azərbaycanda elmə, təhsilə, mədəniyyətə verilən önəm onun arzularının gerçəkləşməsidir. Onun poeziyası hələ də oxunur, təhlil olunur və bir çox maarifpərvər ziyalı üçün örnək sayılır. Şamaxıdan doğan bu günəş heç vaxt batmayıb. O hər yeni nəslin qəlbində yenidən doğaraq elm işığı, vətən sevgisi və azad fikir kimi keyfiyyətləri özündə cəmləşdirənlərdəndir.

Rafiq TƏHMƏZ

Nəşr edilib : 09.07.2026 10:19