NAXÇIVAN :

03 Sentyabr 2026, Cümə axşamı

Azərbaycan COP17-də təmsil olunub

...

Milli Məclisin deputatı Pərvanə Vəliyeva Monqolustanın paytaxtı Ulan-Bator şəhərində keçirilən BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyasının 17-ci tərəflər Konfransında (COP17) iştirak edib.

"Şərq qapısı" xəbər verir ki, 196 ölkədən yüksək səviyyəli rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələrini, ekspertləri, parlamentariləri və akademik dairələrin təmsilçilərini bir araya gətirən tədbir çərçivəsində bir sıra müzakirələr keçirilib.

Avqustun 25-də təşkil olunan yüksək səviyyəli Parlament Forumunda P.Vəliyeva torpaqların deqradasiyası, səhralaşma, quraqlıq və su ehtiyatlarının dayanıqlı idarə olunması ilə bağlı qlobal çağırışlara toxunaraq Azərbaycanın təcrübəsini təqdim edib.

Deputat Azərbaycanın torpaqların, meşələrin və biomüxtəlifliyin mühafizəsi, eləcə də xüsusi mühafizə olunan ərazilərin idarə olunması istiqamətində hərtərəfli hüquqi və siyasət çərçivəsi formalaşdırdığını bildirib. O, həmçinin Milli Quraqlıq Planının və “Bonn Challenge” çərçivəsində 2030-cu ilədək 270 min hektar ərazinin bərpası ilə bağlı öhdəliyin əhəmiyyətini vurğulayıb.

P.Vəliyeva işğaldan azad edilmiş ərazilərdə ekoloji bərpa məsələlərinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, mina və partlamamış hərbi sursatlarla çirklənmə, infrastruktura və təbii ekosistemlərə uzun illər ərzində vurulan zərər həmin ərazilərdə kompleks bərpa tədbirlərinin həyata keçirilməsini zəruri edir.

Deputat, həmçinin COP17 çərçivəsində COP31 Türkiyə sədrliyi ilə Rio Konvensiyaları arasında sinerji məsələsinə həsr olunan parlamentarilərin dəyirmi masa müzakirəsində iştirak edib. O, Azərbaycanın COP29 sədrliyi dövründə əldə olunan nəticələrdən danışaraq, ekoloji qanunvericiliyin təkmilləşdirilməsi və qlobal öhdəliklərin yerli səviyyədə icrasında parlamentlərin rolunu diqqətə çatdırıb.

Qeyd edək ki, COP17 çərçivəsində Azərbaycan Konfrans Bürosunun Mərkəzi və Şərqi Avropa Regional Qrupunun üzvü və COP17-nin vitse-prezidenti seçilib. Eyni zamanda, Azərbaycan nümayəndə heyəti plenar müzakirələrə sədrlik edib.

Bununla yanaşı, Azərbaycanın Mərkəzi və Şərqi Avropa Regional Qrupunda 2024–2026-cı illəri əhatə edən uğurlu sədrliyi də başa çatıb. Yeni sədrin seçilməsinin mümkün olmaması ilə əlaqədar regional qrupun yekdil qərarı əsasında Azərbaycanın həmsədr kimi fəaliyyətini davam etdirməsi barədə razılıq əldə olunub.

Nəşr edilib : 03.09.2026 11:28