NAXÇIVAN :

24 Noyabr 2024, Bazar

Sahibə Qafarova: Son 4 ildə Azərbaycan 140-dan çox ölkəyə 330 milyon dollarlıq yardım göstərib

...

2020-ci ildən bəri, Azərbaycan 140-dan çox ölkəyə 330 milyon ABŞ dolları dəyərində humanitar, iqtisadi və texniki yardım göstərib.
"Şərq qapısı" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında “Daha sülhsevər və dayanıqlı gələcək üçün elm, texnologiya və innovasiyadan (ETİ) istifadə” mövzusunda çıxışı zamanı deyib.
O qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədləri və hədəfləri ölkəmizin milli inkişaf planlarına və strategiyalarına daxil edilib. Ölkəmizdə müasir innovasiyalar və rəqabət qabiliyyətli insan kapitalı 2030-cu ilədək yeni sosial-iqtisadi inkişaf strategiyasının beş prioritet sahəsindən biridir.
Spiker deyib ki, qabaqcıl texnologiya sənayelərini və innovasiyanı dəstəkləyən, iqtisadiyyatın texnoloji imkanlarını artıran rəqəmsal cəmiyyət inkişafın hərəkətverici qüvvəsi hesab olunur. Bununla yanaşı, ETİ Azərbaycanın bərpaolunan enerji potensialını inkişaf etdirmək və Ermənistanın işğalından azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində yaşıl enerji zonalarının yaradılması üzrə fəaliyyətinin mühüm amilidir.
Sahibə Qafarova bildirib ki, qlobal çağırışlar fonunda ölkələrin bir-birinin inkişaf arzularını dəstəkləmək kimi mənəvi öhdəliyi var.
Diqqətə çatdırılıb ki, Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun 2023-cü ilin mart ayında Azərbaycanda keçirilmiş Zirvə görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləmək məqsədilə iki qlobal çağırış elan edib. Bu çağırışlar birbaşa maliyyə dəstəyi, təhsil imkanlarının genişləndirilməsi, potensialın artırılması və digər texniki vasitələri nəzərdə tutur.

Nəşr edilib : 14.10.2024 20:43