NAXÇIVAN :

29 Oktyabr 2026, Cümə axşamı

Şahbuzda payızlıq əkin sahələri genişlənir: fermerlər bol məhsula ümid edirlər

...

Torpağa bağlılıq, zəhmətə inam və bol məhsul ümidi… Şahbuz rayonunun kəndlərində payızlıq əkin mövsümü bu il daha geniş sahələri əhatə edir. Ötən illə müqayisədə şumlanmış torpaqların və payızlıq əkin sahələrinin əhəmiyyətli dərəcədə artması kənd təsərrüfatında fəallığın yüksəldiyini göstərir. Torpaq mülkiyyətçiləri və fermerlər əkin sahələrini genişləndirməklə yanaşı, məhsuldarlığın artırılmasına, təsərrüfatlarının inkişafına və öz istehsalları hesabına tələbatlarını ödəməyə çalışırlar. Rayonun Mahmudoba və Mərəlik kəndlərində apardığımız müşahidələr də göstərir ki, payızlıq əkin mövsümündə əsas hədəf torpaqdan səmərəli istifadə etmək, mövcud imkanları dəyərləndirmək və gələcək məhsul üçün möhkəm zəmin yaratmaqdır.

Şum sahələrinin artması əkinçilikdə fəallığı göstərir

Şahbuz rayonunda payızlıq əkin mövsümünə hazırlıq işləri ötən illə müqayisədə daha geniş miqyasda aparılır. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, cari ildə rayonda 700 hektar sahədə şum aparılıb. Ötən il bu göstərici 248 hektar olub. Beləliklə, şumlanmış sahələrin həcmi 452 hektar artıb.
Payızlıq əkin sahələrində də nəzərəçarpan artım qeydə alınıb. Ötən il 41 hektar olan əkin sahəsi cari ildə 239,5 hektara çatıb. Bu, 198,5 hektar artım deməkdir. Suvarılan əkin sahələrinin həcmi isə ötən ilki sıfır göstəricisindən cari ildə 3 hektara yüksəlib.
Rəqəmlər rayonda əkinçiliyin genişləndirilməsi istiqamətində fəallığın artdığını göstərir. Şum sahələrinin böyüməsi yeni əkinlər üçün zəmin yaradır, payızlıq əkinlərin genişlənməsi isə kənd təsərrüfatı istehsalının artırılması baxımından əhəmiyyət daşıyır. Görülən işlər “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda müəyyənləşdirilən hədəflərlə də uzlaşır.
Bununla belə əkin sahələrinin genişlənməsi hələ yüksək məhsuldarlıq demək deyil. Torpağın düzgün hazırlanması, keyfiyyətli toxumdan istifadə, gübrələmə tədbirlərinin vaxtında aparılması, suvarmanın təşkili və hava şəraiti məhsulun həcminə birbaşa təsir göstərir. Uzun illərdir, əkinçiliklə məşğul olan fermerlərin təcrübəsi də bu amillərin nə qədər vacib olduğunu təsdiqləyir.

Torpağın dilini bilən əkinçinin zəhməti

Şahbuz rayonunun Mahmudoba kənd sakini Turab Kərimov, təxminən, 30 ilə yaxındır ki, əkinçiliklə məşğuldur. Torpaqların  özəlləşdirilməsindən sonra, 1997-ci ildən etibarən bu sahədə fəaliyyətini davam etdirən təsərrüfatçı hər il pay torpaqlarında, eləcə də bələdiyyə ilə bağladığı müqavilələr əsasında 5 hektara yaxın sahədə taxıl əkib. İllərin təcrübəsi ona torpağın xüsusiyyətlərini, yağıntıların və hava şəraitinin məhsuldarlığa təsirini yaxından öyrədib.
Təsərrüfatçının sözlərinə görə, ayrı-ayrı illərdə hektardan 10-30 sentner məhsul götürüb. Məhsuldarlığın dəyişməsi, əsasən, torpaq-iqlim şəraiti və su təminatı ilə bağlıdır. Buna görə də yüksək məhsul əldə etmək üçün əkinin düzgün planlaşdırılması və aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi vacibdir. Cari mövsümdə Turab Kərimov əkin sahəsini genişləndirib.
“Keçən il 2 hektar sahədə taxıl əkmişdimsə, bu il artıq 3 hektar sahədə əkin aparmışam. Şumlama işləri görülüb, toxum hazırdır. Dövlət tərəfindən verilən gübrəni götürəcəyəm. Toxumla birlikdə fosfor və digər gübrələri də torpağa verəcəyəm. Məqsədimiz yüksək məhsul əldə etməkdir”, – deyə təsərrüfatçı bildirir.
Fermer ötən il hər hektardan 18 sentner taxıl götürdüyünü qeyd edir. Əvvəlki illərdə daha yüksək məhsuldarlıq əldə etdiyi də olub. Onun sözlərinə görə, yağıntıların miqdarı və su ehtiyatlarının vəziyyəti məhsulun həcminə ciddi təsir göstərir. Cari ildə yağıntıların çox olması, çaylarda və digər su mənbələrində suyun mövcudluğu əkin sahələrinin suvarılması baxımından əlverişli şərait yaradıb.
Təsərrüfatçının gözləntisi budur ki, gübrələmə və suvarma tədbirləri vaxtında həyata keçirilər, hava şəraiti də əlverişli keçərsə, bu mövsüm daha yüksək məhsul əldə etmək mümkün olacaq.

Taxılçılıq və heyvandarlıq bir təsərrüfatda birləşir

Mərəlik kənd sakini İlham Həsənov da uzun illərdir, kənd təsərrüfatı ilə məşğuldur. O, taxılçılıqla yanaşı, heyvandarlığı da inkişaf etdirir. Əkin sahələrində arpa yetişdirməyə üstünlük verməsi də təsərrüfatın yem təminatını öz istehsalı hesabına qurmaq istəyindən irəli gəlir.
Fermerin sözlərinə görə, ötən il 3,1 hektar sahədə taxıl əkib. Bunun 2 hektarında arpa, 1,1 hektarında isə buğda yetişdirib. Hər hektardan orta hesabla 23 sentner məhsul götürüb.
Cari ildə isə 3 hektar sahədə taxıl əkib. Bu sahənin 0,75 hektarı arpa, qalan hissəsi isə buğdadır. Təsərrüfatçı gələcəkdə əkin sahələrini mövcud imkanlar daxilində daha da genişləndirmək niyyətindədir.
“Su problemimiz, demək olar ki, yoxdur. Hazırda əkin işlərini tam başa çatdırmamışıq. Torpağın hazırlanması işləri yekunlaşandan sonra suvarmaya başlayacağıq. Bu işlər başa çatan kimi su veriləcəyi bildirilib”, – deyə İlham Həsənov qeyd edir.
Onun təsərrüfatında taxılçılıqla heyvandarlıq bir-birini tamamlayır. Altı baş iribuynuzlu mal-qara saxlayan fermer yetişdirdiyi arpadan heyvanların yemlənməsində istifadə edir. Beləliklə, taxıl istehsalı yalnız satışdan gəlir əldə etmək vasitəsi deyil, həm də heyvandarlığın yem təminatını yaxşılaşdıran mühüm mənbə rolunu oynayır.
“Çalışıram ki, əkin sahələrimi bir qədər də genişləndirim. Heyvandarlıqla da məşğulam. Məqsədim öz istehsal etdiyim məhsullardan istifadə etməklə təsərrüfatımı inkişaf etdirməkdir. Arpaya üstünlük verməyim də bununla bağlıdır. Onu heyvanlarım üçün qüvvəli yem kimi istifadə edirəm”, – deyə kənd sakini bildirir.
İlham Həsənovun təsərrüfat təcrübəsi əkinçiliklə heyvandarlığın uzlaşdırılmasının əhəmiyyətini göstərir. Öz istehsalı hesabına yem təminatının yaxşılaşdırılması fermerin əlavə xərclərini azaltmağa, təsərrüfatın gəlirliliyini və dayanıqlılığını artırmağa imkan yaradır. Bu yanaşma mövcud torpaq və istehsal imkanlarından daha səmərəli istifadə baxımından da diqqətəlayiqdir.

Məqsəd daha çox məhsul, daha dayanıqlı təsərrüfatdır

Şahbuz rayonunda payızlıq əkin mövsümünün mənzərəsi torpaqdan istifadənin genişləndiyini və fermerlərin yeni məhsul mövsümünə hazırlığa ciddi yanaşdıqlarını göstərir. Şumlanmış sahələrin 248 hektardan 700 hektara, payızlıq əkin sahələrinin isə 41 hektardan 239,5 hektara yüksəlməsi cari ildə əkinçilik işlərinin miqyasının əhəmiyyətli dərəcədə artdığını təsdiqləyir.
Mahmudoba və Mərəlik kəndlərində söhbətləşdiyimiz təsərrüfatçıların yanaşmaları da bu prosesin fərqli tərəflərini üzə çıxarır. Turab Kərimov uzunillik təcrübəsinə əsaslanaraq əkin sahəsini genişləndirir, gübrələmə və suvarma tədbirlərinə diqqət yetirir. İlham Həsənov isə taxılçılıqla heyvandarlığı uzlaşdıraraq yem təminatını öz istehsalı hesabına yaxşılaşdırmağa çalışır. Hər iki təsərrüfatçının məqsədi torpaqdan daha səmərəli istifadə etməklə istehsal imkanlarını genişləndirməkdir.
Təbii ki, əkin sahələrinin artması ilə yanaşı, məhsuldarlığın yüksəldilməsi də əsas hədəf olmalıdır. Bunun üçün keyfiyyətli toxum və gübrə təminatı, aqrotexniki qaydalara əməl olunması, su ehtiyatlarından səmərəli istifadə və suvarmanın vaxtında təşkili mühüm əhəmiyyət daşıyır. Hava şəraiti də fermerlərin gözləntilərinin reallaşmasına təsir göstərən əsas amillərdəndir.
Şahbuzda builki payızlıq əkin mövsümü torpağa daha çox əmək sərf etmək, əkin sahələrini genişləndirmək və gələcək məhsulun təməlini indidən yaratmaq səyi ilə səciyyələnir. İndi əsas məsələ genişlənən əkin sahələrini yüksək məhsuldarlıqla birləşdirmək, hər hektardan daha çox məhsul götürmək və təsərrüfatların iqtisadi dayanıqlılığını gücləndirməkdir. Çünki torpağa göstərilən qayğı, düzgün planlaşdırma və vaxtında görülən aqrotexniki tədbirlər yalnız bir mövsümün nəticəsini deyil, kənd təsərrüfatının gələcək inkişafını da müəyyənləşdirir.

Nail ƏSGƏROV

Nəşr edilib : 29.10.2026 11:08