NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Sağlam ailədaxili münasibətlər mövzusunda tədbir olub

...

19 sentyabr 2024-cü il tarixdə Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Tibb Kollecində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar "Təbliğat-100" layihəsi çərçivəsində sağlam ailədaxili münasibətlərlə bağlı maarifləndirici tədbir keçirilib. 
Tədbirdə kollecin direktoru Sona Məmmədova mövzunun əhəmiyyətindən, ailədaxili münasibətlərin milli ailə dəyərlərimizə uyğun qorunması və müdafiə olunmasının vacibliyindən danışıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Firuzə Hüseynova  “Ailədaxili problemlər psixoloji travmalara səbəb olur” mövzusunda təqdimatla çıxış edib. Bildirilib ki, hər bir ailənin uğurlu həyat və fəaliyyəti, ailə üzvlərinin sağlamlığı, ailədə qurulmuş psixoloji iqlimdən və ya psixoloji atmosferdən asılıdır. Əgər ailədə qarşılıqlı hörmət, anlayış, nəvaziş varsa bu müsbət psixoloji iqlimin olması deməkdir. Ailədaxili münasibətlər cəmiyyətdəki münasibətlərin güzgüsüdür. Bu güzgünün aydın və gözəl olması üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə  yerinə yetirməliyik. Bütövlükdə isə dövlətin və cəmiyyətin daha da dinamik inkişafı naminə ailə münasibətləri də inkişaf etdirilməlidir. 
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. 

Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 19.09.2024 17:38