NAXÇIVAN :

26 Noyabr 2024, Çərşənbə axşamı

Rusiya Prezidenti MDB ölkələrinin kəşfiyyat xidmətlərini qarşılıqlı fəaliyyətə çağırıb

...

Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrinin kəşfiyyat xidmətlərini mövcud geosiyasi gərginlik şəraitində konstruktiv qarşılıqlı fəaliyyətə çağırıb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə o, MDB dövlətlərinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin 20-ci iclasının iştirakçılarına müraciətində bildirib.

Rusiya Prezidenti qeyd edib: “Birlik daxilində və qonşu regionlarda sabitliyin pozulmasının qarşısını almaq vacibdir. Bunun üçün əvvəllər olduğu kimi, hər hansı neqativ tendensiyaları və kollektiv təhlükəsizliyə potensial təhdidləri müəyyənləşdirin”.

Onun fikrincə, təhlükəsizliyi gücləndirmək üçün kəşfiyyat xidmətləri təkcə təhdidləri öyrənməməli, həm də onların inkişafını proqnozlaşdırmalı, məlumat və iş təcrübəsi mübadiləsi aparmalıdır.

Putin hazırkı görüşün dövlətlərimizin və xalqlarımızın mənafeyi naminə tərəfdaşlığın dərinləşdirilməsində mühüm mərhələ olacağına, əməkdaşlığın sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edəcəyinə, sülhün qorunmasına yönəlmiş həll yollarını birgə hazırlamağa imkan verəcəyinə əminliyini ifadə edib, həmçinin MDB ölkələrini daxili və xarici təhdidlərdən uzaqlaşdırmaq və mövcud çağırışlara adekvat olan kəşfiyyat xidmətləri arasında əlaqələrin yeni forma və mexanizmlərini qurmağın vacibliyini vurğulayıb.

Moskvada MDB ölkələrinin təhlükəsizlik orqanlarının və kəşfiyyat xidmətlərinin rəhbərlərinin kəşfiyyat fəaliyyəti ilə bağlı iclası keçirilir. Tədbirdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan nümayəndə heyətləri iştirak edir. İclas iştirakçıları birgə işin nəticələrini, yaxın gələcəkdə MDB ölkələrinin kəşfiyyat xidmətləri arasında qarşılıqlı fəaliyyətin vəzifələri və prioritetlərini müzakirə edirlər.

Nəşr edilib : 26.11.2024 14:24