NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Rəqəmsal ödəniş sistemləri: innovativ imkanlar və təhlükəsizlik riskləri

...

Müasir dünyamızda texnologiyanın sürətli inkişafı iqtisadi münasibətlərə də təsirsiz ötüşməyib. Bu təsirlərin yaratdığı ən əhəmiyyətli dəyişikliklərdən biri nağd pul dövriyyəsinin tədricən azalması və rəqəmsal ödənişlərinin sayının artmasıdır. Bu günlərdə bir sıra inkişaf etmiş dövlətlər maliyyə sistemində şəffaflığı təmin etmək, vergidən yayınmanın qarşısını almaq və korrupsiya risklərini minimuma endirmək məqsədilə nağd pul ödənişlərini xeyli dərəcədə məhdudlaşdırıb və elektron qaydada ödənişlərə üstünlük verməyə başlayıb.

Rəqəmsal ödənişlərin yaratdığı müsbət yeniliklərin biri iqtisadi şəffaflığın artmasıdır. Bu sistem vasitəsilə dövlət bank və maliyyə əməliyyatlarını izləyə və onların qeydiyyatını rahat formada apara bilir. Beləliklə, kölgə iqtisadiyyatının həcmi azalır, vergi daxilolmaları artır və qanun pozuntuları daha sürətli şəkildə aşkar edilə bilir. Nağd ödənişlərin azalması insanlar üçün də müəyyən dərəcədə əlverişlidir. Çünki kart ödəniş sistemi sayəsində insanlar nağd pul daşımaq məcburiyyətində qalmır və ödənişlər saniyələr ərzində həyata keçirilir.

Rəqəmsal ödənişlərin digər bir üstünlüyü isə təhlükəsizlik məsələləri ilə bağlıdır. Məsələn, nağd pul itə və ya oğurlana bilər. Lakin elektron  əməliyyatlar bank tərəfindən izlənilir və xüsusi təhlükəsizlik sistemləri ilə qorunur.

Bu zaman hər hansı bir risk müşahidə olunduğu təqdirdə müvafiq tədbirlər görülə və hesab müvəqqəti bloklana bilər.

Lakin nağd pulun tam ləğv edilməsi müəyyən problemlərə də gətirib çıxara bilər. Xüsusilə internetə çıxışı olmayan insanlar üçün müəyyən çətinliklər yarada bilər. Məsələn, kənd və ucqar bölgələrdə internet infrastrukturu yaxşı səviyyədə olmur. Bu da həmin bölgələrdə yaşayan insanlar üçün məhdudiyyətlər yaradır. Eyni zamanda bütün əməliyyatların rəqəmsal sistemdə qeydə alınması məxfilik və şəxsi toxunulmazlıq hüququna zidd hesab edilə bilər.

Bu səbəbdən bəzi ekspertlər hesab edirlər ki, nağd pulun tam ləğvi əvəzində onun mərhələli şəkildə məhdudlaşdırılması daha məqsədəuyğundur.

Misal üçün, daha böyük məbləğlərdə pul vəsaitlərinin ödənişi elektron qaydada, nisbətən aşağı məbləğdə ödənişlər isə nağd qaydada aparıla bilər. Bu həm iqtisadi inkişafı stimullaşdırır, həm də cəmiyyətin bütün təbəqələrinin ödəniş sisteminə daha rahat çıxışını təmin edir. Eyni zamanda belə bir qayda da müəyyən oluna bilər ki, kiçik mağazalarda ödəniş nağdla, böyük marketlərdə isə rəqəmsal qaydada həyata keçirilsin. Bu tədbirlər həm əhalinin ödəniş vasitələrinə əlçatanlığını artırır, həm də maliyyə intizamını gücləndirir.

Nəticə etibarilə, nağd ödənişlərin azalması artıq müasir iqtisadiyyatın yaratdığı qaçınılmaz yeniliklərdən biridir. Lakin bu proses ədalətli və mərhələli şəkildə həyata keçirilməlidir. Bu istiqamətdə dövlət həm şəffaf rəqəmsal ödəniş infrastrukturu yaratmaq, həm də sosial ədaləti təmin etmək üçün tədbirlər görməli, qanunvericilik aktları qəbul etməlidir. Belə olduğu təqdirdə həm texnoloji inkişafın müsbət təsirləri hiss olunar, həm də insanların gündəlik həyatı daha asan olar.

         Fikrət ƏLƏSGƏROV

         Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq

ixtisası üzrə 4-cü kurs tələbəsi

Nəşr edilib : 13.04.2026 16:13