NAXÇIVAN :

13 Iyun 2025, Cümə

Rektor Elbrus İsayev: "Naxçıvanda keçirilən karyera sərgisində 42 təşkilat tərəfindən 2 min vakant iş yeri təklif olunur"

...

"Ənənəvi olaraq keçirilən karyera sərgisi Naxçıvan Dövlət Universitetinin məzunları üçün təklif olunan iş yerləri baxımından çox əhəmiyyətlidir. Ötən ilin statistikası göstərir ki, sərgi, həqiqətən də, keyfiyyətli kadr təminatı, eyni zamanda məzunların operativ iş yerləri tapması üçün kifayət qədər mühüm rol oynayıb. Təşkilatların təqdim etdiyi iş yerlərinə müraciətə operativ cavablandırmalar vardır. Ötən il keçirilən karyera sərgisində 6 min nəfər iştirak edib, təklif olunan vakant yerlərin sayı 2 min olub".
“Şərq qapısı” xəbər verir ki, bu sözləri Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Naxçıvanda keçirilən II karyera sərgisi ilə bağlı jurnalistlərə açıqlamasında deyib. 
Rektor qeyd edib ki, birinci karyera sərgisində iştirakçı sayı 39 idisə, budəfəki sərgidə 42 təşkilat təmsil olunur. Bu təşkilatlar içərisində həm dövlət, həm də özəl qurumlar vardır. Sərgidə kifayət qədər aktivlik müşahidə olunur, 2 min vakant yer təklif edilir: “Son illərin, o cümlədən cari ilin məzunlarının, bakalavr, magistratura, rezidentura təhsili alan tələbələrimizin, o cümlədən doktorantların sərgidəki vakansiyalara müraciəti yerində qiymətləndirilib, kifayət qədər müraciət qeydə alınıb. Burada CV məlumatların hazırlanması və şirkətlərin əməkdaşlığı üçün operativ işlərin həyata keçirilməsi üçün qərargah da yaradılıb. Əlbəttə, bu həm muxtar respublikamızda dövlət qurumlarının, özəl təşkilatların kadra olan ehtiyaclarını qarşılamaq, həm də Naxçıvan Dövlət Universitetinin məzun bankında olan tələbələrimizin işlə təmin olunması baxımından kifayət qədər əhəmiyyətlidir”.
“Ötən il vakant yerlərə müraciət edən tələbələrdən 100-ə yaxını elə sərgi müddətində işlə təmin olunub. Ümid varıq ki, bu gün və sabah keçirilən sərgidə də bizim məzunların müraciəti lazımi qiymətləndiriləcək və onlar gələcəkdə öz karyeralarını quracaqlar. İki gün ərzində sərgi ilə yanaşı, karyera təlimlərinin təşkili də nəzərdə tutulub. Ümumiyyətlə, ənənəvi olaraq keçirilən karyera sərgisi, əlbəttə ki, bizim üçün böyük təcrübədir. Ötən illə müqayisədə bu il daha çox vakant yerlər və daha çox müraciətlər qeydə alınır. Bu da o deməkdir ki, artıq təşkilatlar keyfiyyətli kadr axtarışındadırlar, rəqabət mühitində fəal iştirak edirlər”, – deyə Elbrus İsayev əlavə edib.

Nəşr edilib : 11.06.2025 17:08