NAXÇIVAN :

16 Sentyabr 2026, Çərşənbə

Ramazan Erdağ: Rəqəmsallaşma Orta Dəhlizin səmərəliliyinin artırılmasında xüsusi rol oynayır

...

Orta Dəhliz yalnız nəqliyyat marşrutu deyil, həm də regional inteqrasiyanı və iqtisadi inkişafı sürətləndirən mühüm kanaldır. Bu dəhlizin əhəmiyyətini yalnız daşınan yüklərin həcmi ilə deyil, yaradılan iş yerləri, kiçik və orta sahibkarlığın yeni bazarlara çıxışı və yerli iqtisadiyyatlara təsiri ilə də qiymətləndirmək lazımdır.

"Şərq qapısı" xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin (SAM) rəhbəri Ramazan Erdağ “Orta Dəhliz regional inteqrasiya və infrastruktur yönümlü inkişaf üçün katalizator kimi” panelində deyib.

Onun sözlərinə görə, daha dərin inteqrasiya üçün qaydaların uyğunlaşdırılması, iqtisadi siyasətlərin uzlaşdırılması və səmərəli tənzimləyici çərçivələrin formalaşdırılması vacibdir.

“İlk növbədə ölkələr vahid sistem kimi fəaliyyət göstərməli, ümumi fəaliyyət göstəriciləri və məlumat mübadiləsi platformaları formalaşdırılmalıdır. Eyni zamanda, gömrük və nəqliyyat prosesləri sürətləndirilməli, milli rəqəmsal platformaların inteqrasiyası təmin olunmalıdır. Rəqəmsallaşma Orta Dəhlizin səmərəliliyinin artırılmasında xüsusi rol oynayır. Yeni rəqəmsal sistemlərin tətbiqi və milli platformaların birləşdirilməsi Şərq ilə Qərb arasında iqtisadi əlaqələri daha da gücləndirə, daha inteqrasiya olunmuş, dayanıqlı və firavan gələcək üçün zəmin yarada bilər. Regional iqtisadi əməkdaşlığın nəticələri yalnız siyasi və geosiyasi amillərlə deyil, konkret iqtisadi imkanlar və qarşılıqlı əlaqələrin yaratdığı faydalarla da müəyyən edilməlidir”, - deyə Ramazan Erdağ əlavə edib.

Nəşr edilib : 16.09.2026 13:05