NAXÇIVAN :

18 Oktyabr 2026, Bazar

Qoşqar Təhməzli: 2027–2032-ci illər üçün Dövlət Proqramı fəaliyyətimizin yeni mərhələsini müəyyən edir

...

Bizim üçün rəqəmsallaşmanın əsl dəyəri yalnız elektron xidmətlərin sayının artması deyil. Əsas odur ki, məhsulun mənşəyini izləyə bilək, təhlükəni vaxtında müəyyən edək və düzgün qərarı gecikmədən verək. İstəyirik ki, istehlakçı aldığı məhsulun təhlükəsizliyinə əmin olsun, fermer və sahibkar isə əməyinin nəticəsini daha geniş bazarlara çıxarmaq imkanı qazansın.

"Şərq qapısı" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ( AQTA) sədri Qoşqar Təhməzli 16 Oktyabr- Ümumdünya Qida Gününə həsr olunmuş "Bu gün innovasiya et, sabahın qidasını təmin et” adlı tədbirdə çıxış edərkən deyib

"Qarşıdakı dövrdə bu məqsədlərə çatmaq üçün mühüm imkanlarımız var. 2027–2032-ci illər üçün qida təhlükəsizliyinə dair Dövlət Proqramı da fəaliyyətimizin yeni mərhələsini müəyyən edir. Proqram çərçivəsində qida məhsullarının istehsaldan son istehlak mərhələsinədək izlənilməsi, dövlət qurumları arasında məlumat mübadiləsinin genişləndirilməsi və heyvanların identifikasiyası sisteminin təkmilləşdirilməsi nəzərdə tutulur. Bunlar ilk baxışdan texniki məsələlər kimi görünə bilər. Əslində isə onların hər birinin arxasında çox vacib bir məqsəd dayanır: riskləri vaxtında görmək, problemlərin böyüməsinə imkan verməmək və insan sağlamlığını daha etibarlı şəkildə qorumaq. Hesab edirəm ki, qida təhlükəsizliyində uğur yalnız bir qurumun fəaliyyəti ilə əldə oluna bilməz. Burada dövlət qurumlarının, alimlərin, beynəlxalq tərəfdaşların, fermerlərin, sahibkarların və istehlakçıların hər birinin rolu var. Hamımızın məqsədi eynidir: daha təhlükəsiz qida, daha sağlam cəmiyyət və daha dayanıqlı gələcək", - deyə AQTA sədri vurğulayıb.

Nəşr edilib : 16.10.2026 11:19