NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Qəzetçilik tarixinin əsas sütunlarından biridir “Şərq qapısı” qəzeti

...

Müasir türk ədəbiyyatı və düşüncə həyatına dair əsərləri ilə tanınan məqalələri ilə türk milli fəlsəfəmizin formalaşmasında böyük əməyi olan türkoloq Əhməd Baytursunulının gözəl bir fikri var: “Qəzet xalqın gözü, qulağı və dilidir”. Təməlində xalqımızın gözü, qulağı və dili olan “Şərq qapısı” qəzetinin, eyni zamanda mayasında millilik və Azərbaycançılıq ideologiyası var. Artıq 103 illik bir tarixi olan “Şərq qapısı” müasir dövrümüzdə bir əyalət qəzeti statusundan çıxıb yeni informasiya texnologiyaları sayəsində beynəlxalq bir nəşr missiyası yerinə yetirməkdədir. 
Mən Naxçıvan Muxtar Respublikasında doğulmuşam. Mənim “Şərq qapısı” ilə tanışlığım artıq 30 ili ötüb. Biz on yaşlarımızda olanda məktəbimizin kitabxanasında və evlərimizdə bu qəzet ilə dostluğumuz və tanışlığımız başlayıb. 
O tarixi günlərdə dahi liderimiz Ulu Öndər Heydər Əliyevin Naxçıvan gəncləri ilə görüşü olmuşdu. Bu görüşdən “Şərq qapısı” qəzeti bir reportaj hazırlamışdı. 1990-cı il avqust ayının ilk günləri idi. O çətin günlərdə qəzet xalqımızı düşdüyü çətin vəziyyətdən çıxaracaq və Azərbaycan dövlətini yoxolma bəlasından qurtaracaq liderin fikirlərinin yayılmasında da böyük önəm daşıyırdı. Bu tarixi missiyanı “Şərq qapısı”,  böyük çətinlik və ustalıqla yerinə yetirdi. 
Azərbaycan qəzetçilik tarixinin əsas sütunlarından biridir “Şərq qapısı” qəzeti. Günümüzə qədər bunu qoruyub saxlamaq böyük əmək tələb edib. Qiymətli şəxsiyyətlərin yetişməsində “Şərq qapısı” özünün mənəvi missiyasını yerinə yetirir.
Dövrümüzün bizə bəxş etdiyi imkanlar sayəsində biz qəzetin veb-səhifəsindən nəinki Naxçıvandan, həm də ölkəmizdən xəbər tutur, eyni zamanda dünyada baş verənləri öyrənə bilirik. Hazırda “Şərq qapısı” qəzetinin çox gənc və dinamik bir komandası var. Bu komandanın, məncə, ən əhəmiyyətli özəlliyi ənənələrə sadiqlik ilə müasirliyi gözəl sintez etmələridir. 
Zaman tapdıqca qəzetdə müxbirlərin hazırladığı xəbərləri və araşdırma yazılarını oxuyuram. Azərbaycan dilinin bu qədər təmiz və şəffaf qorunub saxlanması təqdirəlayiqdir. Məhz elə “Şərq qapısı”nın böyük tarixi xidmətlərinin biri də budur. 
Vətənimizin ayrılmaz bir parçası olan, bizi birləşdirən “Şərq qapısı” qəzetinin kollektivini təbrik edirəm. Başda baş redaktor Sara Əzimova olmaqla qəzetin yaşamasına nəfəs verən hər kəsi təbrik edirəm.

Orxan Həsənoğlu 
Şimali Kipr Türk Cümhuriyyəti  Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri

 

Nəşr edilib : 22.11.2024 21:04